30 oktyabr – Siyasi Məhbuslar Günü ərəfəsində Avropanın iki qurumunun təmsilçiləri dünyanı siyasi məhbusları unutmamağa çağırıblar. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Azadə Rojhan və onun ATƏT Parlament Assambleyasından həmrakı Stiv Koen xüsusi bəyanatla çıxış ediblər. Onlar Rusiya, Belarus, Gürcüstan, Azərbaycan və Türkiyədə “haqsız şəkildə azadlıqdan məhrum edilmiş” 13 nəfərin adını çəkiblər. Onların sırasında AzadlıqRadiosunun həbsdə olan əməkdaşı Fərid Mehralızadə və “Amerikanın Səsi”nin keçmiş əməkdaşlı Ülviyyə Əlinin də adları yer alıb.
Bəyanatda deyilir ki, Azərbaycanda Anar Məmmədli, Əli Kərimli, Ülvi Həsənli, Fərid Mehralızadə və Ülviyyə Əlinin işləri ölkədə ifadə azadlığının, müstəqil ictimai və siyasi fəaliyyətin nə dərəcədə məhdudlaşdırıldığını göstərir.
Təmsilçilər bildirirlər ki, hər bir məhbusun azadlığa buraxılmasını alqışlayırlar, ancaq özbaşına həbslər siyasi və ya iqtisadi güzəştlər əldə etmək vasitəsinə çevrilməməlidir:
“Bu cür hallar hakimiyyət orqanları və məsuliyyət daşıyan şəxslər üçün utancvericidir. Ədalətsiz yerə həbs edilmiş insanların azadlığa buraxılması öhdəlikdir, ...alver predmeti deyil”.
Fərid Mehralızadə və Ülvi Həsənli ötən ilin iyununda “AbzasMedia” işi çərçivəsində bir sıra iqtisadi ittihamlarla 9 il həbsə məhkum ediliblər. Hazırda məhkəmə istintaqı başa çatmayan Ülviyyə Əli də qaçaqmalçılqda günahlandırılır. Jurnalistlər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Hüquq müdafiəçisi Anar Məmmədli qaçaqmalçılıqda ittiham edilərək 12 il həbs cəzası alıb, özü ittihamı rədd edir.
Müxalifətdə olan AXCP sədri Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, isə dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri bu ittihamı rədd edərək həbsini siyasi, sifarişli adlandırır.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var.
Hökumət təmsilçiləri isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə həbs edilmədiyini vurğulayırlar. Onlar iddia edirlər ki, həmin siyahılarda adları keçən şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.
Beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız yerə tutulanları dərhal azad etməyə çağırır.