Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 02:38

Azərbaycan məhbus sayına görə Avropada niyə üçüncüdür?


Qadın həbsxanası, Bakı, 27 iyun 2012

Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən məhbus sayına görə Avropada üçüncüdür. Lozanna Universiteti Avropa Şurası üçün apardığı araşdırmayla belə nəticəyə gəlib.

2015-ci ilin məlumatına görə, Azərbaycanda 24 min 117 məhbus var. Bu, hər 100 min nəfərə 248, 5 məhbus deməkdir. Bu reytinqdə birinci yeri 641 min məhbusu olan Rusiya tutur. Orada əhalinin hər 100 min nəfərindən 438 nəfəri həbsxanadadır.

Rusiyanın ümumilikdə 144 milyon, Azərbaycanın isə təxminən 10 milyon nəfər əhalisi olduğu nəzərə alınarsa, Azərbaycanda məhbusetmə rəqəminin xeyli yüksək həddi diqqət çəkir.

Bu cədvəldə 2-ci yerdə olan Litvanın “məhbus əhalisi” 7 min 901 nəfərdir. Orada əhalinin hər 100 min nəfərinə 273, 5 məhbus düşür.

Buna da bax: Əfv sərəncamı verildi. Emin Millinin, Qənimət Zahidin qohumları...

"Ədalətli məhkəmə olsa, belə olmaz"

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycanda məhbus sayının çoxluğu ilk növbədə ölkədəki məhkəmə hüquq sistemi ilə bağlıdır:

Ələsgər Məmmıdli , Bakı, 2 noyabr 2010
Ələsgər Məmmıdli , Bakı, 2 noyabr 2010

"Əgər sistemli şəkildə ədalətli məhkəmə qərarları çıxarılsa, bu rəqəm belə yüksək olmaz. İkincisi, sifarişli məhkəmə qərarları çıxarılmasa, bu rəqəm yaranmaz. Üçüncüsü, ən önəmli məqam – qanunvericilikdə, hətta İnzibati Xətalar Məcəlləsində sərtləşdirilmiş həbs cəzaları, 2 ay, 4 aya qədər həbs cəzaları var. Bu da içəridəki məhbusların sayını artırır".

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayevin fikrincə, ilk növbədə, insanlar qanunu pozmamalıdır:

"Bəzən belə hallar bilərəkdən törədilir, amma bəzi hallarda başqa alternativ cəzalar vermək olar. Cənab prezident yaxın zamanlarda sərəncamla yeni bir qrup yaratdı. Cəzaların yumşaldılması, alternativ cəzaların tətbiqiylə bağlı sərəncam verdi. Düşünürəm ki, insanlar özləri də həyatda uğurlu yol seçməyi bacarmalıdırlar".

Qonşu Gürcüstan məhbus sayına görə 4-cü yerdədir. Bu ölkədə 8 min 772 məhbus var və bu, əhalinin hər 100 min nəfərinə 235, 2 məhbus deməkdir. Ermənistan bu siyahıda hər 100 min nəfər əhaliyə 130 məhbusla 22-ci yerdədir.

Buna da bax: Yeni «siyasi məhbus» siyahısı açıqlanıb

Gürcüstan və Azərbaycanda azadlıqdan məhrumetmə hallarının böyük qismini narkotik maddə ittihamı üzrə işlər təşkil edir. Azərbaycanda 5 min 600, Gürcüstanda isə 2 min 700 məhbus narkotik maddə ittihamı ilə azadlıqdan məhrum edilib.

Müalicə etmək, yoxsa həbsə göndərmək?

Ələsgər Məmmədli də diqqəti bu məqama çəkir. Bildirir ki, sırf narkotik maddəyə görə həbs olunanlar məhbusların beşdə birini təşkil edir:

Həbsxana
Həbsxana

"Ancaq bir çox ölkələrdə narkotika cinayət əməli yox, xəstəlik sayılır. Bu xəstəliyi müalicə edirlər. Bizdə isə həmin adamlar həbs edilir, cəmiyyətdən təcrid olunurlar".

Martın əvvəllərində Azərbaycan Ali Məhkəməsi kollegiyasının sədri Şahin Yusifov da diqqəti Azərbaycandakı məhbusların əksəriyyətinin narkotik maddə ittihamıyla məhkum olunduğuna çəkmişdi. O bu vəziyyətə görə Daxili İşlər Nazirliyini tənqid etmişdi. Bildirmişdi ki, polislər bu sahədə sanki “plan doldururlar”.

Ələsgər Məmmədli Şahin Yusifovun bu fikrinə hökumətdən reaksiya verilməməsinə təəssüflənir:

"Ali Məhkəmə kollegiyasının sədri bu fikri səsləndirirsə, bu, ciddi məqamdır. Buna hökmən bir reaksiya olmalıydı".

Millət vəkili Rövşən Rzayev deyir ki, Azərbaycan da bir çox dövlətlər kimi narkotikayla mübarizə aparır:

"Amma təəssüflər olsun ki, bunun qarşısı tam alına bilmir. Çox narahatam ki, Azərbaycan gəncləri bu yolda həm özlərinə, həm valideynlərinə çoxlu problemlər yaradırlar. Fikrimcə, ölkədə bu cür yüksək statistikanın olması çox ağır və xoşagəlməz haldır. Bu həqiqətdir və çox mənfi bir həqiqətdir".

Beynəlxalq qurumların hesabatlarında Azərbaycanda, özəlliklə də hökumət tənqidçilərinə qarşı qondarılan əsas ittiham növlərindən birinin narkotiklər olduğu göstərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG