Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:26

Siyasi məhbus sayılanların yeni siyahısı - 94 nəfər


Siyasi məhbuslar
Siyasi məhbuslar

“Azərbaycanda siyasi məhbus olaraq tanınmış şəxslərin sayı 94-dür. Onlardan 6-sı jurnalist, bloqçu, 2-si şair, yazar, 1-i hüquq müdafiəçisi, 5-i gənc fəal, 5-i siyasətçi, 61-ı inanclı fəal, 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuş şəxslərdir. 11 şəxs isə digər kateqoriyalara aiddir”.

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupun oktyabrın 17-də açıqladığı hesabatda belə deyilir.

Buna da bax:​ İnsan Hüquqları üzrə Birgə İşçi Qrup son həbsləri müzakirə edir

Daha 45 nəfər...

Hesabatda ümumilikdə 139 şəxs barədə məlumat verilir. İşçi Qrup 45 nəfəri potensial siyasi məhbus kimi tanıyır. Həmin şəxslərin işləri barədə sənədlərə çatımda çətinliklər olduğundan onların adları hesabatdakı “İşləri monitorinq altında olanlar” bölməsinə daxil edilib.

İşçi Qrup vurğulayır ki, ölkədə siyasi məhbusların sayının əslində qat-qat çox olduğu qənaətindədirlər.

“Lakin ölkədə hökm sürən repressiv mühit üzündən həbs olunan çox sayda insanlar işlərinin ictimailəşdirilməsindən çəkindirir. Digər problem hüquqi məlumatsızlıq, vəkillərin azlığı, xüsusilə də regionlarda vəkillərin olmaması ucbatından müdafiənin təmin edilməməsidir”, deyə İşçi Qrup vurğulayır.

Buna da bax:​ 'Ölkədə 150-dən çox siyasi məhbus var'

Siyahının hazırlanmasının məqsədi

İşçi Qrup ömürlük azadlıqdan məhrum edilən məhbuslarla bağlı məsələyə də ayrıca şərh verib. Qrup qeyd edir ki, 16 belə məhbusdan 1-i vəfat edib, digər 12 nəfərin siyasi məhbus olmadığı barədə Avropa Şurasının ekspertləri rəy veriblər. Yerdə qalan 3 nəfərin adı siyahıya daxil edilib.

Qrup siyasi məhbusların vahid siyahısının hazırlanmasında əsas məqsədin siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, onların azad edilməsindən ötrü ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaq olduğunu qeyd edir.

Kimlər siyasi məhbus hesab edilir?

Siyasi məhbusların təsnifatı apararkən İşçi Qrup Avropa Şurası Parlament Assambleyasının 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslanıb.

Buna da bax:​ ATƏT-in toplantısında Azərbaycana tənqidlər

Əsas meyarlar bunlardır

Əgər, həbs insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya, onun protokollarında təsbit olunmuş fundamental təminatlardan hər hansı biri pozulmaqla həyata keçirilibsə o, şəxs siyasi məhbus sayılır.

Həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə, saxlanmanın müddəti, onun şərtləri şəxsin şübhəli və ya təqsirkar sayıldığı cinayətə aydın şəkildə proporsional deyilsə, o, başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində saxlanılırsa bu kateqoriyaya aid edilir.

Həbsin aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsi olması da siyasi məhbus sayılmaqdan ötrü əsaslardandır.

Buna da bax:​ "Bizdə siyasi məhbus yoxdur" - hekayə

İşçi Qrupun fəaliyyətini hüquq müdafiəçiləri, keçmiş məhbuslar İntiqam Əliyev və Rəsul Cəfərov əlaqələndirib.

Siyahıya 20-dən artıq hüquq müdafiəçisi, QHT rəhbəri, hüquqşünas imza atıb.

Hökumət yeni açıqlanmış siyahı ilə bağlı hər hansı şərh verməyib.

Ancaq hakimiyyət rəsmiləri ümumilikdə hesab edirlər ki, Azərbaycanda siyasi məhbus yoxdur. Onların fikrincə, siyasi məhbus hesab edilən şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG