Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:29

'Siyasi məhbusları müalicə edin!' – kampaniya başlayır


Məhbus Ailələri Koordinasiya Mərkəzi və Ziyalılar Birliyinin təşkil etdiyi tədbir.

Həbsdə saxlanılan bir sıra ictimai-siyasi fəalların yaxınları onların səhhətində ciddi problemlər olduğunu, lakin müalicə ala bilmədiklərini deyir. Onlar bu barədə aprelin 26-da Məhbus Ailələri Koordinasiya Mərkəzi və Ziyalılar Birliyinin birgə təşkil etdiyi tədbirdə danışıblar.

Həbsdə olan siyasi fəallardan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur sağlıq durumu narahatlıq doğuran şəxslər sırasında Nardaran məhbusları Şamil Abduləliyev, Cabbar Cabbarov, jurnalist Əfqan Sadıqlı, Elnur Fərəcov və başqalarının adlarını çəkib. Onun sözlərinə görə, Ş.Abduləliyev ağır vəziyyətdədir, ayağının biri çox arıqlayıb, 10 santimetr də qısalıb: 2015-ci il noyabrın 26-da Nardarandakı polis əməliyyatında aldığı üç güllədən ikisini hələ də bədənində gəzdirən Ş.Abduləliyev hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir: «Amma heç bir müalicə aparılmır, hətta MRT də olunmayıb. Cabbar Cabbarov Qobustan həbsxanasında ağır şəraitdə saxlanılır. Olduğu kameranın tavanı uçub başlarına tökülür. Özünün də qaraciyərində çox ciddi problem var. Heç bir tədbir görülmür. Elnur Fərəcov şiş xəstəliyindən əziyyət çəkir, onu vərəmli məhkumların saxlandığı 3 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər. Vəziyyəti ağırdır, şişin mənbəyi, xüsusiyyəti barədə yaxınlarına heç bir məlumat verilmir».

Sevinc Sadıqova həyat yoldaşı Ə.Sadıqlının səhhətindəki problemlərdən danışıb. Bildirib ki, onun təzyiqi 200-dən aşağı düşmür, ayaqları şişib, lakin lazımi tibbi yardım göstərilmir.

Ə.Bünyadov
Ə.Bünyadov

«Yəqin məni diri-diri yandırarlar»

Nardaran əməliyyatında aldığı güllə yarasından iflic olan Əbülfəz Bünyadov telefon vasitəsilə qoşulduğu tədbir iştirakçılarına bildirib ki, iki aya yaxındır yaxınları onun evinə buraxılmadığına görə bu müddətdə yuyuna bilməyib. Nəticədə kürək nahiyəsində olan yataq yaraları yenidən açılıb. Hətta qollarını belə tərpədə bilmədiyini deyən Ə.Bünyadov dözülməz vəziyyətdə olduğunu söyləyib: «Mənim hələ məhkəməm gedir. Mən cinayətkar deyiləm. Bədəninin 80 faizi ölü olan, birinci qrup əlilə indi belə davranırlarsa, yəqin hökm çıxarandan sonra məni diri-diri yandırarlar».

Hüquq müdafiəçisi Oqtay Gülalıyev xəbər verib ki, OMON hadisələrinə görə ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov səhhətindəki problemlər müalicə olunmadığına görə ölüm aclığına başlayıb: «Adamları şərləyib həbs eləməklə kifayətlənmirlər, onları xəstəliklə baş-başa buraxmaqla qisas alırlar, düşmənçilik aparırlar».

«Hər 15 gündən bir meyit çıxırdı»

«Siyasi məhbusları müalicə edin!» kampaniyasına başlamaq təklifi də O.Gülalıyevdən gəlib.

Ə.Zeynallı
Ə.Zeynallı

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı bu kampaniya çərçivəsində hüquq müdafiəçilərinin siyasi məhbus saydıqları məhkumların ailələrinə qoşulub Penitensiar Xidmətin səlahiyyətli şəxsləri, səhhətində problem olan məhkumların saxlandığı müəssisələrdə onların özləri ilə görüşməyə cəhd göstərməsini təklif edib: «Səhhətində problemlər olan siyasi məhbusların saxlandığı cəzaçəkmə müəssisələrinə gedək, sakit bir şəkildə onlarla görüşmək istədiyimizi bildirək. İcazə verməsələr, yenə də əlimizdə əsas olacaq ki, adamla görüşməyə qoymadılar. Cəzaçəkmə müəssisələrində məhkumların səhhəti ilə bağlı vəziyyət həqiqətən çox ağırdır. Vaxtilə mənim saxlandığım müəssisədə az qala, hər 15 gündən bir hansısa məhkumun meyiti çıxırdı».

Tədbir iştirakçıları sonda Nigar Yaqublu, Eldəniz Quliyev, Oqtay Gülalıyev, Zümrüd Yağmur, Əvəz Zeynallı və digərlərindən ibarət qrup yaradıb. Bu qrup kampaniya çərçivəsində beynəlxalq təşkilatlara, görüş üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcək, səhhətində problem olan məhkumların saxlandığı cəzaçəkmə müəssisələrinə gedəcək.

Bundan başqa, «Qaynar xətt» yaradılmasına qərar verilib.

M.Sadıqov
M.Sadıqov

«Məhkumların səhhətiylə bağlı müraciətə dərhal reaksiya verilir»

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovsa AzadlıqRadiosuna səhhətində problemlər olan məhkumların müayinə və müalicə olunmaması barədə deyilənləri təkzib edib. Bildirib ki, istənilən məhkumun sağlıq durumundakı problemlə bağlı müraciətinə dərhal reaksiya verilib: «Məhkumların və həbs yerlərində saxlanılan şəxslərin müayinə və müalicəsiylə məşğul olan həkimlər Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə tabedir. Bilirəm ki, onlar istənilən məhkumun səhhətiylə bağlı müraciətə dərhal reaksiya verir. Cəzaçəkmə müəssisəsi daxilində stasionar qaydada müalicə kifayətdirsə, orada saxlanılır. Daha təkmilləşmiş müayinə və müalicə tələb olunursa, Müalicə Müəssisəsinə köçürülür. Məhkumlar qanuna uyğun olaraq, ödənişli səhiyyə müəssisələrindən də həkim dəvət etmək hüququna malikdir. Penitensiar Xidmətin müəssisələrində dərman təchizatı, tibbi avadanlıq və peşəkar kadrlarla bağlı heç bir problem yoxdur».

Hakimiyyət təmsilçiləri ölkədə siyasi məhbus olmadığını deyirlər, yerli və beynəlxalq hüquq müdafiəçiləri isə 100-dən artıq insanın siyasi motivlərlə cəza çəkdiyini bildirirlər.

XS
SM
MD
LG