Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Siyasi mühacir: 'Mənə dedilər ki, prezidenti təhqir edirsən...'


Ə.Məmmədov
Ə.Məmmədov

Almaniyadakı mühacirlər Pərviz Abdullayev ilə Əli Məmmədov siyasi fəaliyyətlərinə görə Azərbaycanda qalan qohumlarına polisin təzyiq göstərdiyini iddia edirlər. Bu haqda AzadlıqRadiosuna siyasi fəallar özləri məlumat veriblər. Onların dediyinə görə, mayın 10-na Berlində Rumıniya səfirliyi önündə bu ölkədə mərhum prezident Heydər Əliyevə qoyulmuş heykəlin götürülməsi tələbiylə etiraz aksiyası təyin ediblər. Siyasi fəallar bu haqda elanı Facebook sosial şəbəkəsindəki səhifələrində də yerləşdiriblər və təşkilatçı kimi öz adlarını göstəriblər.

P.Abdullayev bundan az sonra atası Eyvaz, qardaşı Ramin Abdullayevin və qayınatası Qalib Cabbarovun Mingəçevir Şəhər Polis İdarəsinə çağrıldığını, səhərdən axşamadək orada saxlanıldığını bildirir.

«Onlara alçaldıcı münasibət göstəriblər, təzyiq ediblər. Atama deyiblər ki, yaxşı valideyn olsaydın, oğlun bu hərəkətləri etməzdi. Atamgilə 24 saat vaxt veriblər ki, mənimlə danışıb bu elanı silməyə razı salsınlar. Elanı silmədim. Atamgili yenidən polis idarəsinə çağrıblar və təhdid ediblər ki, mitinqdən sonra hansı addımları atacağımızı biz bilirik. Biz mayın 10-dan sonra ailələrimizə təzyiqlər olacağını gözləyirik», – P.Abdullayev danışır.

O, son zamanlar Facebook səhifəsinə iki dəfə müdaxilə edildiyini də söyləyir: «Birinci dəfə Azərbaycandan, Sumqayıt şəhərindən müdaxilə olunsa da, ikinci müdaxilə, nə qədər qəribə və təəccüblü görünsə də, Yerevandan edilib».

«Polis qaynımın telefonundan zəng edib»

Ə.Məmmədovun sözlərinə görə isə hələ ötən il Yevlax rayon polisi qaynı Nurlan Şərifova 25 sutka həbs cəzası verib. Bu ilin aprelində qaynını yenidən «ictimai asayişi pozduğuna görə» saxladıqlarını və bunun arxasında onun siyasi fəaliyyətinin, sosial mediadakı statuslarının dayandığını vurğulayır:​«Bugünlərdə hətta onun telefonu ilə polis əməkdaşı mənə zəng etdi ki, Facebook səhifəsindən bəzi statusları və elanı silim. Bu məqsədlə məndən Facebook səhifəmin parolunu belə istədilər, özləri daxil olub hər şeyi pozmaq istəyirdilər. Mənə dedilər ki, prezidenti təhqir edirsən, onu «diktator» adlandırırsan, belə olmaz. Qaynımı ikinci dəfə tutduqlarına görə mən bəzi statusları silmək məcburiyyətində qaldım. Bundan sonra qaynımı sərbəst buraxdılar, elə bacanağımı da 4-5 saat saxladıqdan sonra buraxıblar».

Ə.Məmmədov AzadlıqRadiosuna polis əməkdaşı olduğunu söylədiyi şəxslə söhbətlərin səs yazısını da təqdim edib. Orda özünü polis əməkdaşı kimi təqdim edən şəxs deyir ki, siyasi fəal prezidentin fotolarını Facebook səhifəsindən silməlidir: «Nə ehtiyac var o şəkillərə? Azad fikri ifadə etmək olar, ancaq kimisə təhqir etmək, kiminsə şərəf və ləyaqətini alçaldan şeylər olmaz da. Ölkə prezidentidir, onun haqqında diktator yazmağa ixtiyarın yoxdur... Uşaq deyilsən ki. Nə ehtiyac var, nə qədər özünə sığışdıra bilərsən ki, sənə görə yaxın qohumların ya kimsə əziyyət çəkmiş olsun? Başa düşdün də nə demək istədiyimi?».

«Yeriyə bilməyən 70 yaşlı atanı ayaq üstdə saxlayıblar»

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Avropadakı mühacirlərin Azərbaycanda yaşayan ailə üzvlərinə, qohumlarına qarşı təzyiqlərin yeni dalğasının başladığını bildirir. Onun sözlərinə görə, mühacirlərin qohumları polisə çağrılır, təhdid olunur, həbslə hədələnir, onları qohumlarından, ailə üzvlərindən imtina etməyə məcbur edirlər.

O, bugünlərdə Almaniyada yaşayan AXCP və AND təşkilatının üzvü Vüqar Niftiyevin atası Əzizağa və qardaşı Vüsal Niftiyevin Cəlilabad rayon, Göytəpə qəsəbəsi polis bölməsinə aparıldığını deyir: «Vüqar bəyin yeriyə və ayaq üstündə dura bilməyən 70 yaşlı atasını səhərdən axşama qədər polis bölməsində saxlayıblar. Onları Vüqarı maliyyələşdirməkdə ittiham ediblər».

DAS: «47 mühacirin ailə üzvlərinə təzyiq var»

Avropadakı siyasi mühacirlərin yaratdığı «Demokratik Azərbaycanı Seç» ictimai-siyasi qurumunun koordinatoru Rafiq Təmrazov son bir ilə yaxın müddətdə 47 nəfərin ailə üzvlərinə, qohumlarına müxtəlif formalarda təzyiqlər göstərildiyini iddia edir. Onun sözlərinə görə, bəzisinin ata-anasını, bəzisinin bacı-qardaşını, bəzisinin yeznəsini, qaynını polis idarələrinə, icra hakimiyyətinə çağrıblar, saatlarla orda saxlayıblar, onlardan ailə üzvləri haqda məlumatlar almaq, sosial şəbəkədə yazdıqlarını pozmalarını istəyiblər.

«Məsələn, Pərviz Abdullayevin qardaşını ötən il 30 sutka həbs etmişdilər, bugünlərdə ailəni yenidən polisə aparıblar. Camal Seyidlinin qardaşı, kürəkəni 25-30 sutka həbs almışdı. Tariyel Əliyevin atası, həyat yoldaşı dəfələrlə polisə çağrılıblar. Natiq Həziquliyevin ata-anasına icra hakimiyyətindən, polis idarəsindən zənglər olub. Orxan Ağayevin baldızlarını, bacanağını dəfələrlə polis bölmələrinə apararaq saatlarla saxlayıblar, yazdığı statusların silinməsini istəyiblər. Emil Quliyevin qohumlarına xəbərdarlıq edilib. Siyavuş Ağayevin qardaşı bir neçə dəfə polisə aparılıb. Vəfa Əlizadənin xalası oğlunu təhlükəsizlik orqanlarının əməkdaşları çağraraq söhbət aparıblar, onun Azərbaycana qayıdaraq qanun qarşısında cavab verməsini istəyiblər.

Sevinc İsgəndərovanın qardaşı da polis təzyiqlərindən qaçıb gizlənmək məcburiyyətində qalıb. Elşən Abdullayevin bacısını da polisə apararaq danışdırıblar. Üfüq Tağızadə, Səadət Əliyeva, Mübariz Kərimovun, Elmir Şirəliyevin, Emin Manafovun, Ziya Əhədovun qohumlarını polisə çağraraq təhdid ediblər. Səbuhi İsmayılovun anasını işdən çıxarmaqla hədələyirlər, atası da ürək xəstəsidir. Ziya Cəbiyevin qardaşını da işdən çıxarmaqla hədələyiblər. İntiqam Xudiyevin atasını Şirvan Şəhər Polis İdarəsinə çağrıblar. Orda stress keçirən ata xəstəxanaya yerləşdirilib, elə orda da rəhmətə gedib», – DAS koordinatoru söyləyir.

R.Təmrazovun sözlərinə görə, bəzi mühacirlər ailələri ilə əlaqələrini kəsmək məcburiyyətində qalıblar. O, anası və qardaşının da oxşar təzyiqlərlə üzləşdiyini bildirir.

AzadlıqRadiosu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama ala bilməyib. Nazirlik əvvəllər oxşar iddiaları təkzib edib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir müddət öncə özünün Facebook səhifəsində «xarici ölkələrdə anti-Azərbaycan kampaniyası aparan» bir qrup şəxs haqqında status yazmışdı. Həsənov qeyd edirdi ki, öz siyasi mübarizəsini söyüş və təhqir üzərində quranlar tutduqları yolun istər özlərinə, istərsə də Azərbaycan cəmiyyətinə faydası olmadığını anlamalıdırlar.

«Avropada yüz mindən çox azərbaycanlı məskunlaşıb, onların 15-20 min nəfəri fəaldır və ölkəmizin maraqlarını həmişə müdafiə edirlər. Hazırda söhbət müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir…», – Ə.Həsənov vurğulayırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG