Xızı rayon sakini Əli Məmmədli işsizlərin qeydiyyatı üçün e-sosial.az saytının işləməməsindən gileylənir. O deyir ki, isşiz kimi qeydiyyata düşmək istəyir, amma sistem işləmir:
“Bu gün səhər tezdən cəhd edirəm, alınmır. Saytda göstərilir ki, təsdiqləyici mesajı 5 dəqiqə ərzində əlavə etməliyəm. Təsəvvür edin mesaj mənə azı 1 saat sonra gəlir, ona kimi də səhifə avtomotik itir”.
Əli Məmmədlinin yaşadığı Xızı rayonu üzrə qeydiyyat, aprelin 8-də nəzərdə tutulub. O, bugün qeydiyyatdan keçə bilməsə, bir də aprelin 12-dən sonra cəhd edə biləcək. Çünki sistemin yüklənməsinin qarşısını almaq üçün Əmək və Əhalinin Social Müdafiəsi Nazirliyi rayonlara ayrıca gün təyin edib.
İşsiz kimi qeydiyyat hökumətin koronavirus epidemiyasına görə işsizlərə ayırdığı 190 manat yardımı almaq üçün lazımdır.
Qeydiyyat yalnız online aparılır. Lakin sayta girişdə problemlər yaranıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 7-də keçirdiyi mətbuat konfransında bunu saytın həddindən artıq yüklənməsi ilə izah edib:
“Bütün sistemlər bir-birinə bağlıdır. Min müraciət işsizliklə bağlı gəlir, mini isə pensiyalarla bağlı olur. Belə olanda da sistemlərdə emal gücü aşağı düşür. Baxmayaraq ki, ən geniş serverlər yaradılıb. Ona görə də biz müraciətləri optimallaşdırmaq üçün müəyyən günlər tərtib elədik”.
Amma görünür ki, regionlar üçün müraciət bölgüsü də problemi çözə bilməyib. Bəs, bu sistemlər niyə çökür, niyə Azərbaycanda hər dəfə belə vacib hökumət xidmətləri lazım olanda sistemlər yüklənir? Bundan əvvəl güzəştli mənzillərin satışı sistemi də dəfələrlə çökmüşdü.
Sistemi quranlardan hesabat tələb edilməlidir
ABŞ-ın Koliforniya Ştatında yaşayan rəqəmsal həllər üzrə mütəxəssis Fərhad Ələkbərov düşünür ki, bu problem yükün serverlər arasından düzgün bölünməməsindən qaynaqlana bilər:
“Azərbaycanda data mərkəzləri qurulub, buna böyük vəsait xərclənib. Amma yükün serverlər arasında balanslı bölüşdürülməsi, serverin optimizasiyası və digər imkanları məsələsini qısa zamanda qurmaq çox çətindir. Yüz faiz əminəm ki, texniki komanda rəhbərliyə qurulan bu sistemin çökəcəyini əvvəlcədən bildirib”.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi bir qurumun resursları elə qurulmalıydı ki, bu cür problemlər olmasın:
“Bu yeni bir resursdur, köhnə yox, indiki komandanın hazırladığı resursdur və belə görünür ki, kifayət qədər məsuliyyətsizliyə yol veriblər. Bir neçə server alınmalıdır, bunlar alıblar birini. Xüsusi lisenziyalı proqramlardan istifadə olunmalıdır, bunlar onlardan istifadə eləmirlər. Bu əhalinin böyük kütlələrinə xidmət göstərən nazirlikdir və onlar bunu testdən keçirməli idilər. Bu qurumu çağırıb hesabat tələb etməlidilər - nə qədər vəsait xərclənib, nə üçün testdən keçirilməyib, nə üçün audit olunmayıb, nə üçün sistem dayanıqlı deyil”.
Rəqəmlər var, şəffaflıq yoxdur
Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin e-sosial.az resursu 2019-cu ildə quruluraq istifadəyə verilib. Bu nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Turan informasiya agentliyinə deyib ki, resursunun qurulmasına nə qədər vəsait ayrılması haqda dəqiq məlumatı yoxdur. Amma əlavə edib ki, bütün işlər qanunvericiliyə uyğun olaraq, tender əsasında aparılıb.
Satınalmalar üzrə dövlət agentliyinin saytındakı məlumatlarda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərlə bağlı müxtəlif tenderlər sifariş verdiyi göstərilir.
Amma bunların hansının məhz bu sahayə ayrıldığı dəqiq müəyyənləşdirmək mümkün olmur. Məsələn, belə tenderlərdən birində nazirliyin sosial müdafiə fondunun server avadanlıqlarına, fondun gerçəkləşdirəcəyi elektron xidmətlərə və digər işlərə azı 1,3 milyon manat ayrıldığı göstərilir.
Osman Gündüz təəssüflənir ki, bu ilk hal deyil. Bundan əvvəl də 2 ilə 10 milyon manat pul xərclənən İpoteka və Kredit Zəmanət Fondunun sistemi kirayə mənzillər üçün elektron müraciətləri qəbul edərkən çökmüşdü. Rəsmi səbəb yenə də serverlərin yüklənməsi idi.
Osman Gündüz isə hesab edir ki, bu sahəyə ciddi nəzarət olmalıdır, bu resurların çökmə səbəbləri araşdırılmalıdır. O bu qədər vəsait xərclənən sistemlərin çökməsini anlaşılan hesab etmir.