Ermənistan və Azərbaycan sülh müqaviləsinin 3-4 maddəsi üzrə hələ ki razılığa gələ bilməyiblər.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu fevralın 28-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.
O əlavə edib ki, bəzi təkliflər üzrə tərəflər arasında konsensus var.
Parlamentin spikeri söhbətin hansı bəndlərdən getdiyinə aydınlıq gətirməyib.
O yalnız bunu deyib ki, “beynəlxalq aləmdə tanınmış prinsipləri” nəzərdə tutur:
“Belə ola bilməz ki, 10 bəndin 10-u barəsində də fikir ayrılığı olsun. 3-4 bənd üzrə fikir ayrılığı var”.
Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olduğunu deyən Simonyan vurğulayıb ki, buna Azərbaycanın yeni-yeni təkliflər irəli sürməsi və sərhəddəki təxribatlar mane olur.
Qarabağ məsələsi
Spiker deyib ki, onun fikrincə Qarabağ məsələsi sülh müqaviləsinə salınmamalıdır, amma bu, Yerevanın Qarabağ ermənilərinin hüquqlarından imtina etməsi kimi başa düşülməməlidir.
“Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini hansı dövlət təmin edə bilər” sualına, Alen Simonyan “bunu bacara biləcək ölkə” cavabını verib:
“Əgər ehtimal etsək ki, hansısa ölkənin istəyi var, amma bunu həyata keçirə bilmir, onda həmin razılaşmanın heç bir gücü olmayacaq. İndi hansısa rəsmi razılaşma imzalayaq, sonra da deyək ki, “bu alınmır e?”... Birmənalı şəkildə bütün razılaşmaların hansısa qarantiyaları olmalıdır. İndi bizim 9 noyabr bəyanatımız var. Biz bunun yerinə yetirilməsindən narazıyıq. Narazılığını Azərbaycan tərəfi də bildirir. Biz başa düşməliyik ki, bizə doğrudanmı mexanizm lazımdır? Biz hesab edirik ki, mexanizm birmənalı şəkildə lazımdır”.
Kiminsə qısqanclığından asılı olmayaraq
Moskvanın Qərbin vasitəçiliyi ilə aparılan danışıqları tənqid etməsini Simonyan “konvulsiya”, özündən çıxma kimi səciyyələndirib.
O deyib ki, Rusiya tərəfi daha təmkinli və daha sakit olmalıdır. Onun fikrincə Moskva etiraf etməlidir ki, Ermənistanın təhlükəsizliyi məsələsini həll edə bilmir:
"Əlbəttə, Rusiya rol oynayır və oynamaya bilməz, çünki onun orda (Qarabağda-red) sülhməramlıları dayanıb. Bununla belə mən hesab edirəm ki, o “konvulsiyalar” və Moskvadan gələn reaksiyalar artıqdır. Bu adətən o vaxt baş verir ki, hansısa tərəf nə isə müsbət bir iş görmək istəyir”.
O Moskvanın reaksiyalarını həddən artıq emosional adlandırıb:
"Hesab edirəm ki, onlar bir az sakit, təmkinli olmalı və başa düşməlidirlər ki, Ermənistanın öz maraqları və geosiyasi təbədüllatlardan və ya kiminsə istək və qısqanclığından asılı olmayaraq həll ediləsi təhlükəsizlik problemləri var”.
Simonyan xatırladıb ki, Rusiyanın Ermənistanda hərbi bazası var:
"Hə bəs onda haradasınız? Niyə iştirak etmirsiniz? Əgər edə bilmirsinizsə, bunu açıq demək lazımdır. Bu halda bəlkə də oturub həll yolu tapa bilərik. Amma biz nə baş verdiyini görürük, axı...”
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.