Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 03:58

Mətbuatda mühacir söhbətləri səngimir [media icmalı]


Litvada siyasi mühacirlərin aksiyası (arxiv fotosu).

Azərbaycanda sərmayə qoyuluşu, rəsmilərin Avropada yaşayan fəal mühacirlərə müraciəti və buna fərqli münasibətlər şənbə, 24 mart, 2018-ci il medianın aparıcı mövzularındandır...

“Əli Həsənov ilk növbədə təmsil olunduğu komandaya müraciət etsin”

Azadlıqinfo.az” saytında “Əli Həsənovun “İŞİD”çiləri” sərlövhəli yazı oxumaq lar.

Müəllif son zamanlar bəzi rəsmilərin xaricdəki bir sıra siyasi mühacirləri təhqirə yol verməkdə təqsirli bilərək onlara irad dolu müraciətlər göndərməsini dəyərləndirib:

"Troll muzeyi". Karikatura. Gündüz Ağayev
"Troll muzeyi". Karikatura. Gündüz Ağayev

“Heç kimə sirr deyil ki, Azərbaycan siyasətinə təhqiri, rəqiblərə qarşı iyrənc mübarizə üsullarını mövcud hakimiyyət tətbiq edib. Heç bir qınaq, tənqid, çağırış hakimiyyəti bu əməlindən çəkindirməyib. Amma zaman elə gətirib ki, hakimiyyətin etdiklərinin 1-2 faizi bumeranq kimi özünə qayıtdı və bu qayıdış hakim komandanı ciddi narahat etdi. Ona görə rejim sözçüləri bir müddətdir ki, təhqirə qarşı mübarizə aparır, mənəvi dəyərlərdən danışır, kişi kimi mübarizədən dəm vururlar”, – yazan müəllif kütləvi informasiya vasitələri (KİV) və sosial şəbəkələrdə siyasi opponentlərə təhqirin adi hala dönməsinə görə hakimiyyəti günahlandırır.

Buna da bax: Əli Həsənov yenə mühacirlərdən yazdı

Yazıda bildirilir ki, prezidentin köməkçisi Əli Həsənovun mühacirlərə öz “Facebook” səhifəsi vasitəsilə müraciət edərək onları bu yoldan imtina etməyə dəvət edib.

Müəllif vurğulayır ki, Ə.Həsənov müraciətində siyasi mühacirlərə “sonu heç də yaxşı olmayan işə baş qoşmağa” və “İŞİD-in virtual versiyasını yaradaraq vətənə qarşı savaş açmaqda” ittiham edib.

Əli Həsənov həmin müraciətlərində həmçinin, mühacirləri yaşadıqları Avropanın dəyərlərinə hörmət etməyə də dəvət edirdi.

Müəllif isə təhqirin əleyhinə olmaqla prezidentin köməkçisinə bir neçə sual da ünvanlayır:

Buna da bax: Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi

“Telekanallar, hökumətə yaxın KİV-lər, hökumət yandaşı olan ayrı-ayrı şəxslər müxalifəti, onun liderlərini, ailə üzvlərini təhqir edəndə, ölkənin ləyaqətli, vətənpərvər oğul-qızlarına “narkoman”, “vətən xaini” damğası vuranda niyə buna “dur” deyən yox idi. Buna görə, yaxşı olar ki, Əli Həsənov ilk növbədə təmsil olunduğu komandaya müraciət etsin, çünki, rəqiblərə qarşı ən iyrənc metodları tətbiq edib, sonra təhqirə qarşı mübarizədən danışmaq absurddur”.

“Əli Həsənov həmin müraciətində Azərbaycan hakimiyyətinin...”

Yeni Müsavat” qəzetində də "İndi söyüləndən yox, söyəndən iyrənirlər" sərlövhəli yazıda da elə “Azadlıqinfo.az” saytının qaldırdığı məsələdən bəhs edilir.

Buna da bax: Qənimət Zahid: 'Heydərizmin ictimai rəydə əzəmətini itirməsindən qorxurlar'

APA Holdinqin prezidenti Vüsalə Mahirqızının müəllifi olduğu həmin yazıda isə əksinə prezidentin köməkçisinin sözü gedən müraciəti müdafiə edilir.

Müəllif yazıb ki, Əli Həsənov həmin müraciətində Azərbaycan hakimiyyətinin dözümlü və səbirli münasibətini ifadə edib:

Vüsalə Mahirqızı
Vüsalə Mahirqızı

“Əli müəllimin müraciəti anlayan üçün sərt idi, amma bütün mənalarda əxlaq normalarına uyğun, siyasi ifadə tərzinin detallarını vurğulayan açıqlama idi. Azərbaycan hakimiyyətinin ideoloji cəbhəsinin əsas adamlarından biri bu hakimiyyətin hələ də dözümlü və səbirli bir münasibətini çatdırmışdı. Hələ də "bu söyüş, təhqiri bitirin, adam kimi tənqid edin, müzakirə aparın" deyirlər və Əli Həsənov da bu mesajı vermişdi”.

Vüsalə Mahirqızı yazıb ki, camaatın ailəsini, qadınını-qızını təhqir edib, siyasi mübarizə aparmırlar:

Buna da bax: Çingiz Abdullayev: 'Tarixdə o qalacaq ki, hansısa vicdansız öz ziyalılarını təhqir edib, söyüb'

“Mən heç kimin siyasi mübarizə aparmasının əleyhinə deyiləm, ölkədə müxalifətin varlığından, onun ictimai nəzarət funksiyasını həyata keçirməsindən yanayam. Mən o söyüş söyənlərin ailə üzvlərinin də hansısa məmurlar tərəfindən incidilməsinin (əgər belə faktlar varsa) də qəti əleyhinəyəm. Amma "mənim bacımın evinə polis gəldi, sənin də doğmaların belə olsun" adında mübarizə olmur. Bu, küçə söhbətidi, tin danışığıdı və bütün normaları aşmaqdı...”

Özəl sektorun sərmayə payı artır

Azərbaycan” qəzetində “Sərmayə qoyuluşunda özəl sektorun payı artır” sərlövhəli yazı dərc edilib.

Müəllif investisiya qoyuluşunu iqtisadi inkişafın “qan damarı” adlandırır. Yazıda bildirilir ki, inkişaf etmiş ölkələrdə belə, iqtisadiyyata sərmayə qoyuluşu mühüm əhəmiyyət kəsb edir:

Buna da bax: Novruz Məmmədov: 'Yeddi ilin memarı İlham Əliyev olmalıdır'

“Ölkəmizdə də həyata keçirilən siyasətin əsas məqsədlərindən biri milli iqtisadiyyatımızı davamlı olaraq kapital qoyuluşu ilə təmin etməkdir. Azərbaycanın MDB məkanında, hətta bir sıra Şərqi Avropa ölkələri ilə müqayisədə kapital qoyuluşunda lider olması da bu istiqamətdə aparılan siyasətin uğurlu nəticəsidir. Ölkəmizdə kapital qoyuluşu dövlət, eləcə də yerli və xarici özəl mənbələr hesabına formalaşır”.

İlham Əliyev və Mehriban Əliyeva Qubada ASAN xidmətin açılışında. 07dek2017
İlham Əliyev və Mehriban Əliyeva Qubada ASAN xidmətin açılışında. 07dek2017

Yazıda iddia olunur ki, son zamanlar iqtisadiyyata yerli sahibkarların investisiya qoyuluşunda artım var. Müəllif hesab edir ki, ölkədə özəl sektor inkişaf edib:

“Ümumiyyətlə, son 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Bunun təxminən yarısı xarici, yarısı daxili sərmayələrdir. Adambaşına düşən sərmayələrin həcminə görə, Azərbaycan dünya miqyasında lider dövlətlər sırasındadır. Onu da qeyd edək ki, müstəqillik dövründə yatırılan investisiyanın 93 faizi son 14 ildə qoyulub”.

Müəllif xarici sərmayə qoyuluşunu hər bir ölkədən ötrü önəmli sayır.

XS
SM
MD
LG