Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 12:48

Şahvələd Çobanoğlu: 'Qadağa ölüm hökmünə çevrilə bilər'


Şahvələd Çobanoğlu a, Bakı, 26 fevral 2010

“2014-cü ildən mənim ölkədən çıxışıma qoyulan yasağın götürülməsi ilə bağlı vəkilim Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə məktub ünvanlayıb”.

Bunu jurnalist Şahvələd Çobanoğlu bildirib.

Onun sözlərinə görə, müraciəti vəkili Zübeydə Sadıqova göndərib. Amma onun qeyd etməsinə görə, prokurorluqdan təmin edici cavab almayıblar.

Ş.Çobanoğlu xatırladıb ki, mayın 3-də bir qrup jurnalist ( əsasən MeydanTV-nin keçmiş əməkdaşları) Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi önündə aksiya keçirdərək onların ölkədən çıxışına qoyulan yasağın götürülməsini tələb ediblər. Onun deməsinə görə, bu idarənin rəisi Eldar Əhmədov həmin şəxslərlə görüşündə yaxın zamanlarda eyni aqibətlə üzləşən bütün jurnalistlərin üzərindən “stop”ların götürüləcəyini vurğulayıb :“Lakin prokurorluq vəkilə cavabında müraciətin cinayət işinə əlavə ediləcəyinə və əlavə cavab veriləcəyini yazmaqla kifayətlənib. Eyni sözlərdən və məzmundan ibarət, yalnız tarixi fərqli olan belə məktublar əvvəllər də gəlib və heç bir əlavə məlumat verilməyib. Bu da ölkədən çıxışıma 2014-cü ildən qoyulmuş qadağanın götürülməsindən imtina deməkdir”

Ş.Çobanoğlu vurğulayıb ki, belə “stop”lar müalicə və övladlarının təhsil məsələsində problemlər doğurur: “ 2014-cü ildə başlamış müalicəm yarımçıq qalıb. Bu, o qədər böyük fəsad yaradır ki, qadağa qərarı ölüm hökmünə çevrilə bilər. Övladlarımın təhsili ilə bağlı ciddi məsələlər var. İki il öncə qızım universitet qeydiyyatına təkbaşına getdi, kömək edə bilmədim deyə, sənədləşmə və yol çətinliklərinə görə qazandığı Türkiyə hökuməti təqaüdündən istifadə edə bilmədi. Bizim durumda olan bir ailə üçün bu itki səfalətlə üzləşməyə bərabərdir. Bu qədər müddətdən, bu qədər zərərlərdən sonra yenə qərarı dəyişmirlər”.

Jurnalistin bu açıqlamasına, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ş.Çobanoğlu son 4-5 ildə «Azadlıq» qəzeti, həbsdəki jurnalist Əfqan Muxtarlı və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. Jurnalistin deməsinə görə, ona bildirilib ki, ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub.

Ş.Çobanoğlu hökumətin fəaliyyətini tənqid edən yazıların müəllifidir. Müxtəlif vaxtlarda «7 gün», «Azərbaycan» qəzetlərinin müxbiri, «Hürriyyət», «Günaydın» qəzetlərinin baş redaktoru işləyib, «Azadlıq» qəzeti və bir sıra media orqanları ilə əməkdaşlıq edib.

2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutublar.

Bu ilin mayında ölkədən çıxışına qadağa qoyulan jurnalistlərdən bəzilərinə ( əvvəllər Meydan TV ilə əməkdaşlıq edənlərə) qoyulan məhdudiyyət götürülüb.Amma ayrı-ayrı media orqanları ilə əməkdaşlıq edən bir çox jurnalistlərin ölkədən çıxışına yasaq isə, hələ də qalmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG