Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:22

Vitse-admiral şərti cəza ilə də razı deyil


Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov.
Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov.

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun 1 il 2 aydır davam edən məhkəməsi yekunlaşdı. Martın 17-də Şahin Sultanov və onunla birlikdə mühakimə olunan şəxslərə hökm oxunub.

Bu işə Bakı Hərbi Məhkəməsinin hakimləri baxsa da, proses Nəsimi Rayon Məhkəməsinin inzibati binasında keçirilirdi. Hökm də orada elan olunub.

Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, Şahin Sultanova 3 il sınaq müddəti olmaqla, 8 il 6 ay şərti cəza verilib.

Buna da bax:​ Hərbi Prokurorluq keçmiş komandan Şahin Sultanovla bağlı açıqlama yayıb

Digər təqsirləndirilən şəxslərdən Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə, 5 il şərti cəza alıb. Bu işə görə həbsdə olan Kazım Əsgərov, Kamandar Paşayev, Vüqar HacıyevƏziz Xıdırov da şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorluq təqsirləndirilən şəxslərin əmlaklarına həbs qoymuşdu. Şahin Sultanovun mülkiyyətində olan torpaq sahəsi istisna olmaqla, qalan əmlakların üzərindəki həbs götürülüb. Vitse-admiralın əmlakı isə müsadirə olunub.

Buna da bax: Keçmiş komandana 13 il həbs istənildi

“HƏR ŞEY SAXTALAŞDIRILIB”

Şahin Sultanov. 17mart2017.
Şahin Sultanov. 17mart2017.

Prokuror Şahin Sultanova 13 il həbs cəzası istəmişdi. Baxmayaraq ki, məhkəmə şərti cəza verib, vitse-admiral hökmlə razı deyil və apellyasiya şikayəti verəcək. Şahin Sultanov AzadlıqRadiosu-na deyib ki, onun heç bir günahı yoxdur. Bu məhkəmə də onun təqsirini yox, işin saxtalaşdırıldığını sübut etdi: “Biz sübut elədik ki, ittihamda yazılanların hamısı yalandı. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin rəyi var, orada da dövlətə ziyan vurmadığımız yazılıb. Bizim əlimizdə sübutlar var ki, bu işdə hər şey saxtalaşdırılıb.

Hökmdən mütləq apellyasiya şikayəti verəcəyik, olmasa, oradan da Ali Məhkəməyə gedəcəyik. Lazım olsa, cənab prezidentə də müraciət edəcəm. Yəni sona qədər hüquqlarımızı müdafiə edəcəyik. Əslində, mən bu gün bəraət almalıydım və Allahın köməyi ilə alacağam da. Çünki heç nə sübut olunmadı. Yox, əgər Hərbi Prokurorluğu təmizə çıxarmaq istəyirlərsə, bu, başqa məsələ. İnanıram ki, haqq-ədalət öz yerini tutacaq”.

Buna da bax:​ Vitse-admiral həbsində Hərbi Prokurorluq rəsmilərini günahlandırır

Vitse-admiral həbs olunduğu ilk vaxtlarda mətbuata göndərdiyi müraciətlərdə həbsinə görə Müdafiə naziri Zakir Həsənov və Hərbi prokuror Xanlar Vəliyevi günahlandırırdı: “Zakir Həsənov vəzifəyə təyin olunan gündən mənə qərəzli yanaşdı. Bir dəfə də olsun, məni qəbul edib, söhbət eləmədi. Xanlar Vəliyev də Müdafiə naziri dəyişəndən sonra fürsətdən istifadə edərək, mənə qarşı qisas əməliyyatına başladı. Qərəzli yoxlama apararaq işimdən uzaqlaşdırmağa və quraşdırdığı şər-böhtanla həbsimə nail oldu”.

Mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi cinayətlərdə suçlanan Şahin Sultanov 2015-ci il aprelin 23-də həbs olunmuşdu. Lakin bir neçə aydan sonra ev dustaqlığına buraxılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG