Türkiyədə ötən il iyulun 15-də baş vermiş çevriliş cəhdindən sonra ölkədə çox şey dəyişib: onlarla KİV bağlanıb, minlərlə insan həbs edilib, yüz minlərlə adam işdən çıxarılıb, referendum keçirərək mövqelərini möhkəmləndirmiş prezident Recep Tayyip Erdoğan ölkəni parlament respublikasından prezident respublikasına çevirib.
İNVESTİSİYA MÜHİTİ YAXŞI DEYİL
Jurnalist Shahida Yakub həmkarları ilə birlikdə çevrilişin ildönümü ərəfəsində «Kadr arxasında» proqramının ilk buraxılışını çəkmək üçün Türkiyədə olub. Proqramın «Sistem çevrilişi» adlı birinci hissəsində Türkiyədə yaşanan polis özbaşınalığından söz açılır. Filmdə istintaq təcridxanasında saçları yolunan zorakılıq qurbanının dediklərindən, vəkillərin sadəcə müdafiə etdikləri şəxslərlə danışmaq üçün nələrdən keçdiklərindən söz açılır. Filmin yaradıcıları polisin jurnalistlərin işləməsinə imkan verməməsini öz təcrübələrində əyani göstərirlər.
Filmin müəllifi Shahida Yakub deyir ki, hazırda baş verənlərə baxmayaraq, Türkiyə hələ də maraqlı, xoşagələn bir ölkədir. Məhkəmə sisteminin işləməməsi, şikayət edilə biləcək instansiyaların olmaması insanların gələcəyə inamına ciddi ziyan vurur. Bu, biznesin inkişafına da mənfi təsir göstərir.
«Hazırda Türkiyə hökuməti Qərb banklarının dəstəyini almağa çalışır. Çoxsaylı türk nümayəndə heyəti Avropa Birliyinə səfər edərək Türkiyədə investisiya mühitinin nə qədər yaxşı olduğunu sübut etməyə çalışır. Ancaq hər kəs bunun qətiyyən belə olmadığını bilir», – jurnalist deyir.
8 AYDAN SONRA MƏHKƏMƏ QƏRAR ÇIXARIR Kİ...
«Gülençilər bir nömrəli düşməndir. Bilmirəm onlar bu siyahıları haradan götürürlər, ancaq hüquq şirkəti işlədən bir yaxın rəfiqəmin biznes tərəfdaşı gülençi imiş. Onunsa bundan heç xəbəri olmayıb. İndi onu həbs ediblər. ...Şirkəti də bağlamalı olub.
...Orada saxlanma müddəti çox maraqlıdır. Səni 13 gün də, 2 ay da, bir neçə ay da saxlaya bilərlər. İnsanlar, sadəcə, bir neçə ay həbsdə gözləyirlər... Qohumu heç nəyə görə 8 ay həbsdə olmuş adam görmüşəm. 8 aydan sonra nəhayət məhkəməyə növbə çatıb və məhkəmə onun günahsız olduğu barədə qərar çıxarıb. ...Çox adama nədə ittiham olunduğunu da demirlər. Vəkillər ciddi problemlə üzləşirlər, çünki onlara ittiham sənədlərini göstərmirlər», – Shahida Yakub danışır.
Onun sözlərinə görə, çox zaman vəkillər müdafiə etdikləri şəxsin nədə ittiham olunduğunu bilmədən, sadəcə, məhkəməyə gəlirlər. Vəkillər müştəriləri ilə görüşmək üçün həbsxananın qarşısında 5 - 6 gün növbədə durmalı olurlar.
«Nəhayət, müdafiə etdikləri şəxslə görüşəndə nə ittiham olunan, nə də onun vəkili ittihamın nədən ibarət olduğunu bilir. Vəkillərdən biri belə deyir: «Biz məhkəməyə gələrək, sadəcə, improvizə edirik». Onlar ittihamı yalnız məhkəmədə eşidirlər.
...Türkiyə dünənədək məhkəmə sisteminin, məhkəmələrin və vəkillərin işlədiyi ölkə idi. İnsanlar baş verənlərdən şokdadırlar. Ədliyyə Nazirliyinin son məlumatına görə, 50 mindən çox adam həbs olunub», – jurnalist deyir.
İŞƏ DÜZƏLƏ BİLMƏYƏCƏKLƏR
125 minə qədər adam ordudan tərxis edilib. Bir il ərzində ordunun 1/3-i ixtisar edilib. Bütün Türkiyədə işdən qovulmuş dövlət qulluqçularının sayı 100 mini keçir.
«Bu adamların çoxunun bundan sonra işə düzəlmək şansı yoxdur. Çünki işə düzəlmək istədikləri an işəgötürən onların adını Əmək Nazirliyinin reyestrinə salmaq istəyəcək və orada onların fövqəladə vəziyyət haqqında əmrə görə işdən qovulduqları görünəcək», - o deyir.
Shahida Yakub-un sözlərinə görə, həbsxanalarda zorakılığa məruz qalanlar, saxlanılanların qohumları danışmağa ehtiyat edirlər:
«Son ana qədər qurbanlardan heç kəs bizə müsahibə vermək istəmirdi. Birdən bir qız çıxdı və qorxmadan hər şeyi kameraya danışdı. Onu polis maşınında möhkəm döyüblər, saçlarını yolublar və o, necə döyüldüklərini danışdı. Qalanları isə mətbuatla hər hansı söhbətdən qaçırdılar... Fövqəladə vəziyyət haqqında əmrə görə, işdən qovulmuş adamların işləri ilə məşğul olan vəkilin də səsini yazmaq mümkün olub.
...Mən hakim partiya nümayəndələrindən müsahibə istədim. Üç nəfər öncə razılaşdı, ancaq sonra bizimlə danışmaqdan imtina etdi».
ÜMİD VAR...
Shahida Yakub Erdoğan-ın doğulub böyüdüyü yerə gedib, onu uşaqlıqdan, məktəb vaxtından tanıyan qadınlarla danışıb.
Jurnalistin dediyinə görə, ölkədə total təzyiq mühiti mövcud deyil:
«Mənə elə gəlir ki, Türkiyədə bunu etmək mümkün olmayacaq. Çünki etiraz aksiyaları davam edir. Ötən həftəsonu baş tutan Ədalət Yürüşünə milyon yarımdan çox adam qatılmışdı... Adamlar müxalifəti dəstəkləməyə yox, hüquqları əllərindən alındığına görə yürüşə qatılmışdılar... Etiraz edənlər arasında çoxlu qadın var. Onlar deyirlər ki, hüquqlarımızı bizə Atatürk verib. 1926-cı ildən bəri mülki məcəlləyə görə, bizim hüquqlarımız kişilərin hüquqlarına bərabərdir. 60-cı, 70-ci illərdə baş vermiş çevrilişlər zamanı da onlar öz hüquqlarını qoruyublar...».
Shahida Yakub-un sözlərinə görə, indiki mərhələdə Türkiyədə Avropa Birliyinə üzvlük məsələsi unudulub:
«Hazırda tamamilə başqa problemlər var».
Jurnalist vurğulayır ki, Türkiyədə keçmişdə baş verən çevrilişlərdən dolayı hərbçilər populyar deyil və türklər hərbçilərin hakimiyyətdə olmasını istəmirlər.