Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

Jurnalistin ölkədən çıxışının yasaqlanması istənilir


Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

Jurnalist Sevinc Abbasovanın (Vaqifqızı) ölkədən çıxışına qadağa qoyulması tələb olunur. Binəqədi rayon İcra və probasiya şöbəsi bu tələblə məhkəməyə müraciət edib. Ərizədə göstərilib ki, jurnalist məhkəmə qərarını icra etmədiyinə görə onun ölkədən çıxışı məhdudlaşdırılmalıdır.

Söhbət Sevinc Vaqifqızının 251 saylı orta məktəbin keçmiş direktor müavini Elmira Alandarovanın iddiası əsasında 1000 manat təzminat ödəməsi, üzr istəməsi, Meydan TV və "Azadlıq" qəzetinin təkzib verməsi haqda qərardan gedir.

Jurnalist 2018-ci ilin aprelində prezident seçkisi günü 25 saylı Nizami İkinci Seçki Dairəsinin 251 saylı orta məktəbdə yerləşən 14, 15 və 16-cı məntəqələrində baş verənləri çəkərək yayımlayıb. Həmin vaxt məktəbin direktor müavini olan Alandarovanın hərəkətləri də kadrlarda yer alıb. Sözügedən videomaterialın "Direktor müavini seçkidə "karusel"ə nəzarət edir" başlığı ilə yayımlanmasını əsas gətirən Alandarova məhkəmədə jurnalistə qarşı iddia qaldırıb.

"Şəxsi həyata müdaxilədir"

Alandarova heç bir məhkəmə instansiyasına gəlməyib, həmişə nümayəndəsi qismində prosesdə əri iştirak edib. Jurnalistin ölkədən çıxışına qadağa qoyulması məsələsi ilə bağlı ərizəni məhkəməyə İcra və probasiya şöbəsinin təqdim etməsinə baxmayaraq, bu qurumun nümayəndəsi iştirak etməyib, amma Alandarovanın əri Rasət Qasımov bu prosesə də qatılıb. Hələ jurnalistin xarici səfərlər zamanı dostlarıyla çəkdirdiyi fotoşəkillərini də məhkəməyə təqdim edərək onun ölkədən çıxışına qadağa qoyulmasını tələb edib, onun xaricə başqa məqsədlərlə getdiyini deyib.

"Bu cür tələblər şəxsin hərəkət azadlığının məhdudlaşdırılmasıdır. Həm də şəxsi həyata müdaxilədir", – jurnalistin vəkili Zibeydə Sadıqova bildirib.

Bu işlə bağlı məhkəmə qərarını fevralın 8-də verəcək.

Rasət Qasımov əvvəlki məhkəmə proseslərində bildirib ki, seçki günü məktəb rəhbərliyi həyat yoldaşını həyətdə təmizliyə və bağçaya nəzarət etmək üçün çağırmışdı. Seçki məntəqəsi yerləşən məktəb binasına daxil olduğunu sübut edən görüntülərə gəlincə, o bildirib ki, Alandarova məktəbin yeməkxanasına kofe içmək üçün daxil olmuşdu.

Xatırlatma

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.

Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.

Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü̈ məntəqələrdə prosedurların pozulduğunu və bunun "mənfi hal" olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin olunmadığını, digər namizədlərin Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, seçki müddətində baş vermiş qanun pozuntularının araşdırılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib. Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG