Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:33

Sevinc Osmanqızı təhlükəsizliyi ilə bağlı müraciət edib


S.Osmanqızı

Hazırda xaricidə yaşayan jurnalist Sevinc Osmanqızı təhlükəsizliyi ilə bağlı mediaya müraciət edib.

S.Osmanqızı deyib ki, bazar günü, aprelin 7-də Azərbaycanda yayınlanan Real TV-də onunla bağlı növbəti süjet efirə gedib: «Həmin süjetdə mənim səsim, audioyazım yayılıb. Orada iki jurnalist arasında, sadə, işgüzar söhbət gedir. Lakin burada ən vacib olanı bu audio yazının necə ələ keçirilməsidir?».

S.Osmanqızı təsdiq edib ki, həqiqətən də həmin səs ona məxsus olub. O deyib ki, Amerika Birləşmiş Ştatlarından (ABŞ) Almaniyadakı bir jurnalistlə telefonla danışıb. Jurnalistin deməsinə görə, onlar yeni veriliş açmaq və onun maliyyə tərəfindən danışıblar: «Burada ABŞ və Almaniyanın mobil operatorları vasitəsilə aparılan söhbətdən gedir. Söhbətin üstündən bir ay keçib. Niyə görə indi və necə olub ki, iki Qərb ölkəsində, iki jurnalistin öz arasında olan söhbəti onların xəbəri olmadan lentə alınıb və onların xəbəri olmadan sızdırılıb?».

Jurnalist vurğulayıb ki, bu məsələdə İlham Əliyev komandasının və onun kəşfiyyat orqanlarının iştirakını təxmin edirlər: «Söhbət Azərbaycan jurnalistinin, onun hüdudlarından kənarda yaşayan jurnalistinin təhlükəsizliyindən gedir. Bu, açıq bir mesajdir. İlham Əliyev hökuməti öz vətəndaşlarını ancaq Azərbaycanda yox, onun hüdudlarından kənarda da təqib edir. Onları dinləyir, onlara pusqu qurur. Onların özəl həyatına müdaxilə edir. Onlara qarşı casusluq fəaliyyəti ilə məşğul olur».

«Hansı haqla bizi dinləyirsiniz?»

Onun deməsinə görə, burada texnologiya da vacibdir. Jurnalistə görə, bu texnologiyanı kimlər satıb, buna hansı ölkə əldə etməyə imkan verib : «Onlar bilirlərmi ki, bu texnologiya hansı məqsədlə istifadə edilir?».

Jurnalist deyib ki, burada onun təhlükəsizliyi vacibdir: «Biz yaxın hadisələrə müraciət etsək, Səudiyyə Ərəbistanı jurnalisti Camal Kaşıkçının ölümündən sonra (2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyində öldürüldüyü bildirilir) üzə çıxan faktlardan biri də o idi ki, onun telefonu da aylarla diktator rejimi tərəfindən dinlənilib».

Jurnalist sonra da sual edib: «Kim maraqlıdır ki, Osmanqızının verilişləri vurulsun? Kim maraqlıdır ki, Osmanqızının mobil danışıqları ələ keçirilsin? Kim maraqlıdır ki, onun söhbətləri sızdırılsın?».

S.Osmanqızı deyib ki, bu, əgər xaricidə yaşayan jurnalistə edilirsə, ölkədə azad fikrin daşıyıcısı olan hər bir adama, jurnalistə, hüquqşünasa edilə bilər.

S.Osmanqızı sonda da belə bir suala cavab istəyib. «Siz hansı məqsədlə və nası texnologiyadan istifadə etməklə, hansı haqla bizi dinləyirsiniz?».

Azərbaycan rəsmilərindən və RealTV-nin rəhbərliyindən, hələlik, bu müraciətə münasibət almaq mümkün olmayıb. Ancaq rəsmilər Azərbaycanda müstəqil jurnalistlərin təqib edilməsi haqqında deyilən fikirləri qərəzli sayırlar. Onlar Azərbaycanda jurnalistlərə peşə fəaliyyətləri ilə bağlı təzyiqlər edildiyi, fəal insanların özəl həyatlarının izləndiyi ilə bağlı şikayətləri də qəbul etmirlər. Azərbaycan prezidenti bir neçə dəfə bəyan edib ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.

Multimedia

XS
SM
MD
LG