Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

YAP deputatı prezident övladları barədə iddialara inanmadığını deyir


Yeni Azərbaycan Partiyasının deputatı Sevinc Fətəliyeva
Yeni Azərbaycan Partiyasının deputatı Sevinc Fətəliyeva

"Mən bu ittihamlara inanmıram. Heydər Əliyevin əsl-nəcabətini də görürük, onun Azərbaycanda oxuduğunu da görürük. O xaricə getmir, Bakıda təhsil alır, digər tələbələrdən fərqlənmir. Düşünürəm ki, dövlət başçısına, Azərbaycan üçün bu qədər iş görən, onu inkişaf etdirən bir şəxsə, onun ailə üzvlərinə qarşı ittiham səsləndirənlər cəzalandırılmalıdır”.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsinin – OCCRP-nin Mütərəqqi Müdafiə Araşdırmaları Mərkəzi C4ADS-la birgə apardığı yeni araşdırmasını açıqlayıb. Araşdırmada Azərbaycanın dövlət başçısının və başqa məmur övladlarının Dubaydakı əmlakları barədə iddialar yer alıb.

Millət vəkili Sevinc Fətəliyeva
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00
Direct-ə keçid

Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçisi Sevinc Fətəliyeva AzadlıqRadiosuna müsahibəsində bununla bağlı sualları cavablandırıb. O araşdırmadan xəbərsiz olduğunu bildirib:

Mən onun sübutunu görsəm, şərh edərəm. Mən əlimdə heç bir sübut olmadan nəyisə şərh edə bilmərəm.

Vaxtaşırı məmur övladlarının mülkləri, biznesləri haqda beynəlxalq mətbuata məlumatlar sızır. Onlarla necə, tanış olmusunuzmu və tanış olmusunuzsa…

Belə ittihamlar tez-tez səslənir. Hər kəs, hər bir fərd, hər bir məmur özünə, öz əməlinə cavabdehdir. Bu, çox ciddi ittihamdır. Təbii ki, korrupsiya pisdir, dövlət də bununla mübarizə aparır. Bu, çox dərindən araşdırılmalı və hüquq-mühafizə orqanları sözünü, rəyini deməlidir, nəinki deputatlar və ya hansısa vətəndaşlar yox.

Sevinc xanım, siz 125 deputatdan biri, hakim partiyanın üzvüsünüz, ona görə bu cür məqamlarda mövqeyinizi açıqlamanız gözləniləndir. Sizcə, necə olur ki, məmur övladları belə bahalı mülklərə sahib ola bilirlər?

Mənim mövqeyim ondan ibarətdir ki, ciddi ittihamdır və araşdırılmalıdır, əgər belədirsə, təbii ki, belə halların qarşısı alınmalıdır, cəza verilməlidir. Bu təbiidir. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da korrupsiya ilə mübarizə aparılır. Təbii ki, korrupsiyanı qınayırıq. Buna müəyyən cəzalar olmalıdır.

Cəzalandırmadan danışarkən prezidentin övladlarını da nəzərdə tutursunuzmu? Son araşdırmada İlham Əliyevin oğlu Heydər Əliyevin, qızı Arzu Əliyevanın da da adı hallanır.

Mən heç kimin adını çəkmirəm. İlk növbədə bizneslə məşğuldursa, gəlir bəyannaməsini… Siz bizneslə məşğul olan məmurlardan danışırsınız. Mən məmurlar haqda heç nə bilmirəm, hesabatla da tanış deyiləm. Dünyanın hər yerində olduğu kimi ittihamlar araşdırılmalıdır. Fərqi yoxdur, cənab prezidentin uşaqlarıdır, ya başqa kim bizneslə məşğuldur. Biz müasir dünyada yaşayırıq. Biznes imkanları Azərbaycanda açıqdır, şəffafdır, bizneslə məşğul olanın gəliri də çox ola bilər, mülkü də ola bilər. Mən bunu bir ittiham kimi də qəbul etmirəm. Bu cür ittihamlar əsassızdır, kimisə qaralamaq istəyəndə, kiməsə xələl gətirmək istəyəndə “çox gözəl” faktlar da peyda olur, reallığı əks etdirməyən sənədlər də ortaya çıxır. Bunlar ciddi və məsuliyyətli ittihamlardır. Bu ittihamlar düzgün deyilsə, onun da məsuliyyətini daşımaq lazımdır.

Heydər Əliyevin adı da çəkilir araşdırmada. O, ali məktəbi elə bu il başa vurdu. Onun Dubayda mülk sahibi olması suallara, şübhələrə yol açmırmı, sizcə?

Kimin adı istəyirsinizsə orda hallana bilər. Biz ölkə başçısının ailəsindən danışırıq. Ölkə başçısının Azərbaycan üçün etdikləri, Azərbaycanın bu səviyyəyə gəlib çıxması bəzi dairələrin narazılığına səbəb olur. Bu gün İlham Əliyevin ailəsinə, şəxsən onun özünə qarşı səslənən ittihamlarla qarşılaşırıq. Bunun əleyhinəyəm. Hər bir dövlət başçısının ünvanına səslənən ittihamın, iradın əsası olmalıdır. Boş-boş danışırlar. Başqa sahədə irad tuta bilmirlərsə, övladlarına irad bildirilir. Bunun ciddi əsası olsaydı, danışa bilərdik. Mən bu ittihamlara inanmıram. Heydər Əliyevin əsl-nəcabətini də görürük, onun Azərbaycanda oxuduğunu da görürük. O, xaricə getmir, Bakıda təhsil alır, digər tələbələrdən fərqlənmir. Düşünürəm ki, dövlət başçısına, Azərbaycan üçün bu qədər iş görən, onu inkişaf etdirən bir şəxsə, onun ailə üzvlərinə qarşı ittiham səsləndirənlər cəzalandırılmalıdır.

Bəs bu ittihamların əsası olsaydı, YAP üzvü olaraq o zaman nə düşünrədiniz bu barədə?

Mən yenə də bu ittihamları qəbul etmirəm.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG