Sentyabrın 13-də səhər Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımda, Sevastopol tərsanəsində böyük yanğın baş verib. Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın hücum etdiyini bildirir. Kiyev isə Odessa vilayətinə Rusiyanın dron zərbələri haqda məlumat yayıb.
Rusiyanın Müdafiə Nazirliyi 10 raket və üç sürət qayığının iştirak etdiyi hücumda iki gəmiyə ziyan dəydiyini deyir. Havadan müdafiə sistemləri yeddi raketi vurub, üç qayıq isə dağıdılıb, nazirlik Telegram-da yazıb.
“Düşmənin qanadlı raketlərinin zərbəsindən təmirdə olan iki gəmiyə ziyan dəyib”, – məlumatda vurğulanlır.
Xəsarət alanlar var
Sevastopol liman şəhərinə Moskvanın təyin etdiyi qubernator Mixail Razvojayev Telegram-da yazıb ki, azı 24 nəfər xəsarət alıb.
“Bütün fövqəladə xidmətlər ərazidə işləyir, şəhərdə mülki obyektlərə təhlükə yoxdur”, – Razvojayev deyib.
Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadadakı strateji tərsanədə Rusiya Qara Dəniz Donanmasının gəmiləri və sualtı qayıqları hazırlanır və təmir olunur. Donanma Ukrayna üzərinə saysız dron və raket buraxıb.
Razvojayev liman infrastrukturunun gecə vaxtı yandığını göstərən fotolar yayıb. Rusiyanın Telegram kanallarında da su kənarında yerləşən obyektdə nəhəng alov dalğalarının əks olunduğu video və fotolar yayımlayıb.
Bundan öncə Ukraynanın İzmail liman infrastrukturunun Rusiyanın dron hücumundan ziyan dəydiyi bildirilib. Odessa vilayətinin qubernatoru Oleh Kiper altı nəfərin xəsarət aldığını, üçünün vəziyyətinin ağır olduğunu deyib.
Ukrayna Hava Qüvvələri bildirib ki, ötən gecə Ukrayna üzərinə buraxılana 44 Şahid tipli dronun 32-ni tutub. Onların əksəriyyəti Odessa vilayətinin cənub hissələrinə buraxılıb.
Son vaxtlar Moskva Ukraynanın taxıl ixracı infrastrukturuna hücumları gücləndirib. Bu arada Ukrayna limanlarından taxılın maneəsiz ixracına imkan verəcək Qara Dəniz taxıl sazişinin bərpası üzrə danışıqlar gedir.
Rusiya bir il öncə BMT və Türkiyənin vasitəçiliyi ilə əldə olunmuş sazişdən iyulda çıxıb.