Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:16

Ukrayna qüvvələrinin Rusiyanın ‘əjdaha dişi’ müdafiə xəttini yardığı bildirilir


Robotine yaxınlığında Ukrayna hərbçisi və vurulmuş tank
Robotine yaxınlığında Ukrayna hərbçisi və vurulmuş tank

Ukrayna Prezidenti Volodimir Zelenski iki gün ərzində ölkənin şərqində və cənubunda komandirlər və əsgərlərlə görüşəndən sonra Kiyevə qayıdıb. O, xahişlərin baş generallara və digər zabitlərə çatdırılacağını, həll olunacağını vəd edib.

Zelenski sentyabrın 5-də X (keçmiş Twitter) platformasında yazıb ki, səfər zamanı 13 döyüş briqadasına baş çəkib.

“Briqada və batalyon komandirləri ilə danışdıq. Döyüşçülərimizi mükafatlandırdıq. Yaralananandan sonra silahdaşlarına qoşulmaq üçün mövqelərinə qayıdan döyüşçülərimizlə fəxr edirik”, – Zelenski deyib.

O, briqadalara yeni silahlar vəd edib.

Ukrayna ordusunun Baş qərargahının sentyabrın 5-də axşam əməliyyat vəziyyəti haqda son dəyərləndirməsində deyilir ki, gün ərzində 20 toqquşma baş verib.

“Müdafiəçilərimiz Baxmut istiqamətində, Donetsk vilayətində Klişçiyevkanın şimalında Rusiya əsgərlərinin hücumlarını uğurla dəf edib”, – hesabatda vurğulanır.

Ordu Donetsk vilayətinin Maryinka ərazisində də Rusiya əsgərlərinin hücumunun qarşısını aldığını, Melitopol səmtində hücumu davam etdirdiyini vurğulayır.

Ordu rəhbərliyində dəyişiklik

Kiyev ordu rəhbərliyində dəyişiklik edib, üç aydır gedən əkshücumun sürətilə bağlı Qərbin tənqidini isə qəbul etmir.

Zelenski sentyabrın 5-də Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenkonu vəzifədən kənarlaşdırıb. İki gün öncə isə Müdafiə naziri Oleksey Reznikov istefa ərizəsini təqdim edib.

Reznikov Ukraynanın Qərb tərəfdaşlarını Rusiyanın irimiqyaslı işğalına qarşı dayanan ölkəsinə milyardlarla dollar hərbi yardım, müasir silahlar verməyə inandırmaqda əsas rol oynayıb. Onu Krım tatar mənşəli ukraynalı siyasətçi Rüstəm Umerov əvəz edəcək.

ABŞ-ın adı çəkilməyən rəsmiləri Ukraynanın əkshücumunun gedişindən məyusluq bildirir, şimal-şərqdə Rusiyanın əkshücumunu, cənub-şərqdə möhkəm müdafiəsini üstələmək taktikasını sorğulayır. Vaşinqton isə daha sonra deyib ki, tənqid “faydasız”dır, Birləşmiş Ştatlar Kiyev ordusunun son vaxtlar “diqqətçəkən uğur” qazandığını görür.

Zelenski sentyabrın 2-də Telegram postunda tənqidi rədd edərək yazıb ki, “Ukrayna qüvvələri irəliləyir. Heç nəyə, kimin nə deməyinə baxmayaraq, irəliləyirik və ən mühümü də budur”.

Ukrayna ordusu ertəsi gün iddia edib ki, Zaporojye vilayətində bir neçə həftə çəkən ağrılı minalardan təmizləmə əməliyyatından sonra Rusiyanın ilk müdafiə xəttini yarıblar.

Zaporojyedə nə baş verir

Amerika Hərb Araşdırmaları İnstitutunun (ISW) sentyabrın 4-də yaydığı dəyərləndirməyə görə, Ukrayna qüvvələri Zaporojye vilayətində Rusiyanın nəhəng müdafiə maneələrini aşıblar.

“Ukrayna yüngül piyadaları Rusiyanın mövcud müdafiə xəttini təşkil edən antitank xəndəkləri və əjdaha dişi antitank maneələrinin arxasındakı mövqelərə çıxa biliblər. Ukrayna qüvvələri, ehtimal ki, həmin mövqeləri saxlayacaqlar”, – ABŞ-da yerləşən tədqiqat qrupu sentyabrın 4-də bildirib.

ISW Ukrayna əsgərlərinin Zaporojyedə Orixov şəhərində Rusiyanın müdafiəsini yarıb keçdiyi deyilir.

Ukrayna qüvvələri bu ərazidə Melitopol şəhərinə çatmağa, Rusiyanın şərqdə tutduğu ərazilərlə 2014-cü ildə ilhaq etdiyi Krım vilayətini birləşdirən quru körpüsünü kəsməyə çalışırlar.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu da Zaporojye vilayətinin son vaxtlar qaynar nöqtəyə çevrildiyini deyir. O, Rusiya ordusunun zabitlərinə deyib ki, Ukrayna Kiyevin Qərb müttəfiqlərinin təlim keçdiyi ehtiyat briqadaları regionda döyüşməyə gətirib. O, iddiasını əsaslandırmayıb, bunu müstəqil təsdiqləmək də mümkün olmayıb.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, havadan müdafiə sistemləri sentyabrın 5-də axşam Ukraynanın Bryansk vilayəti üzərinə buraxdığı dronu məhv edib. Nazirlik hər hansı itki, yaxud ziyan olduğunu açıqlamayıb. AzadlıqRadiosu bu məlumatı müstəqil təsdiqlədə bilməyib.

XS
SM
MD
LG