Avropa İttifaqının (Aİ) 27 ölkəsindən 22-si Avropa Komissiyası və Aİ Şurasının rəhbərlərinə İspaniya hakimiyyətini tənqid edən məktub göndəriblər. Məktubda on minlərlə miqrantın Mərakeşdən Avropa İttifaqı ərazisinə keçməsi ilə nəticələnən Seuta olaylarından bəhs edilib.
“Politico” nəşri yazır ki, məktuba imza atanlar arasında Almaniya kansleri Fridrix Mertz, İtaliya baş naziri Corciya Meloni, Belçika, Niderland, Skandinaviya ölkələri, Baltikyanı ölkələr, Mərkəzi və Şərqi Avropa ölkələri liderləri olublar. Onlar yaranmış vəziyyətin Aİ səviyyəsində müzakirə olunmasını tələb ediblər.
İspaniya hakimiyyəti Seutada yaşanan olayların artıq nəzarət altına alındığını açıqlayıb. Ölkəyə keçməyə cəhd edən miqrantların böyük hissəsinin artıq Mərakeşə qaytarıldığı bildirilib. Rəsmi Madrid onlardan heç birinin Avropa qitəsinin ərazisinə keçə bilmədiyini açıqlayıb.
Aİ rəhbərliyinə məktub göndərən liderlər isə İspaniya hakimiyyətini miqrasiya şərtlərini yumşaltmağa görə qınayıblar. Onların fikrincə, Seutada yaşanan böhranı yaradan səbəblərdən biri də məhz bu addım olub. Məktubda deyilib ki, Aİ gərək qanunsuz miqrasiya ilə bağlı vahid siyasət yürütsün və sərt mübarizə aparsın.
İspaniyaya qarşı məktuba AB-nin ən böyük iqtisadiyyatına sahib ölkələrindən yalnız Fransa imza atmayıb.
İspaniya isə ünvanına səsləndirilən tənqidləri qəbul etməyib. Baş nazir Pedro Sançes və digər rəsmilər İspaniyanı tənqid edən ölkələri eqoizmdə və İspaniya ilə həmrəy olmamaqda ittiham ediblib. İspaniya XİN isə miqrantların leqallaşdırılması sxeminin Seutadakı olaylarla ümumiyyətlə əlaqəli olmadığını açıqlayıb. Bəyanatda hətta bu miqrantların ölkəyə girəcəyi təqdirdə belə bu sxemdən istifadə edə bilməyəcəkləri deyilib.
Seutaya Mərakeşdən miqrasiya axını iyulun 30-da baş verib. Rəsmi rəqəmlərə görə, 60 min nəfər sərhədi keçərək İspaniya anklavına daxil olub. Onların böyük hissəsini Mərakeş vətəndaşları təşkil edib. İspaniya hakimiyyəti baş verənlərə görə, cinayətkar qrupları məsul tutub.
Baş verənlərdən sonra İspaniya dənizdə əlavə 500 metrlik müdafiə baryerləri yerləşdirib.
İtaliya İspaniya ilə sərbəst hərəkət rejimini dayandırıb
İtaliya Şengen zonası çərçivəsində İspaniya ilə sərbəst hərəkət rejimini dayandıraraq, iki ölkə arasındakı dəniz və hava marşrutlarında sərhəd nəzarətini bərpa edib.
Son sutka ərzində on minlərlə miqrant Mərakeş tərəfdən İspaniyanın Afrikadakı Seuta anklavına daxil olub. Dəniz və quru sərhəd maneələrini aşaraq əraziyə sızan kütlənin qarşısını almaq üçün İspaniya ordusu və təhlükəsizlik qüvvələri hərəkətə keçib.
İtaliya Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, bu qərar İmmiqrasiya və Sərhəd Təhlükəsizliyinin Təhlili Komitəsinin iclasından sonra qəbul edilib. Ölkənin daxili işlər naziri Matteo Piantedozi fransalı həmkarı ilə də danışıqlar aparıb. Görüşün yekununda tərəflər Fransa-İtaliya quru sərhədində nəzarətin gücləndirilməsi barədə razılığa gəliblər.
Burada söhbət İtaliyanın Şengen zonasından çıxmasından yox, pasport nəzarətinin müvəqqəti bərpa olunmasından gedir. Bu addım ictimai təhlükəsizliyə təhdid yarandığı hallar üçün Şengen Sərhəd Məcəlləsində nəzərdə tutulub.
Seuta hadisələrindən sonra bir neçə Avropa ölkəsi İspaniyanın addımlarını tənqid edib. Finlandiya rəhbərliyi Madridin Şengen zonasının xarici sərhədlərini lazımi səviyyədə qorumadığını bildirib.
Danimarkanın baş naziri Mette Frederiksen Avropa İttifaqını qanunsuz miqrasiyaya qarşı təcili tədbirlər görməyə çağırıb. O, Şengen məkanı çərçivəsindəki məhdudiyyətlər də daxil olmaqla, bütün mümkün reaksiya variantlarını nəzərdən keçirməyin vacibliyini vurğulayıb.
Miqrantların İspaniyanın Seuta anklavına kütləvi axını iyulun 30-da başlayıb. Son məlumatlara görə, əksəriyyəti Mərakeş vətəndaşları olan 60 minə yaxın insan sərhədi keçib. Şəhərə üzərək çatmağa çalışanlardan ən azı 57 nəfər həyatını itirib. İspaniya rəsmilərinin məlumatına görə, iyulun 31-nə olan vəziyyətə əsasən, miqrantların böyük hissəsi könüllü olaraq Mərakeşin qonşu Fnidek şəhərinə geri dönüb.
Seuta, digər İspaniya anklavı Melilya kimi, ölkənin Şimali Afrikadakı suveren ərazisidir. Aralıq dənizi vasitəsilə İspaniyadan ayrılan bu anklav Şengen zonasına daxil olsa da, buradan materik hissəyə keçid zamanı sənədlər yoxlanılır.