Fransa hakimiyyət orqanları jurnalist Camal Xaşoqqinin qətlində iştirakda şübhəli bilinən səudiyyəlini həbs edib.
Fransa mediasının verdiyi xəbərə görə Səudiyyə kral sarayının keçmiş mühafizəçisi Xaled əl-Otaybi sentyabrın 7-də Parisin Şarl de Qol hava limanında sərhəd polisi tərəfindən həbs olunub.
O Ər-Riyada uçmalı idi.
33 yaşlı Otaybi jurnalistin qətli ilə bağlı Türkiyənin axtarışa verdiyi 26 səudiyyəlidən biridir.
Bu da xəbər verilir ki, şübhəli Ədliyyə Nazirliyinin təcridxanasında saxlanır və prokuror qarşısına dekabrın 8-də çıxarılacaq.
Səudiyyə Ərəbistanının Parisdəki səfirliyi bildirib ki, “həbs olunan şəxsin Xaşoqqinin qətlilə heç bir bağlılığı yoxdur” və buna görə də dərhal azad edilməlidir.
Səudiyyə hökumətinin qatı tənqidçisi olan Xaşoqqi Birləşmiş Ştatlarda mühacirətdə idi və The Washington Post qəzeti üçün məqalələr yazırdı.
O 2018-ci ilin oktyabrında türk nişanlısı ilə nikahı ilə bağlı sənədləri təqdim etmək üçün İstanbuldakı Səudiyyə konsulluğuna daxil olmuş və bir daha ordan çıxmamışdı.
Türkiyə rəsmiləri bildirirlər ki, Xaşoqqi onu konsulluqda əvvəlcədən gözləyən qatil komandası tərəfindən əvvəlcə boğulub, cəsədi isə tikə-tikə doğranıb.
Jurnalistin meyiti heç vaxt aşkar edilməyib.
BMT Səudiyyənin versiyasını rədd edir
Xaşoqqinin qətli beynəlxalq hiddətə səbəb olmuş və Səudiyyə Ərəbistanının faktiki rəhbəri olan vəliəhd şahzadə Məhəmməd bin Salmanın reputasiyasına zərbə vurmuşdu.
Səudiyyə rəsmiləri isə bildiriblər ki, jurnalist “özbaşına əməliyyat” nəticəsində həlak olub və Səudiyyə dövləti bu qətlə komanda verməyib.
Lakin Türkiyə rəsmiləri bildirirlər ki, Xaşoqqinin qətlində Səudiyyə hökumətində yüksək mövqe tutan məmurların iştirakı olub.
Səudiyyə Ərəbistanı bu qətllə bağlı 2019-cu ildə 8 nəfəri mühakimə edib. Onlardan beşinə ölüm cəzası kəsilib, lakin sonradan edam cəzası ömürlük həbs cəzası ilə əvəz olunub.
Daha üç müttəhimə 10 il iş kəsilib.
Səudiyyədə keçirilən mühakimə BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard tərəfindən rədd edilib.
Məruzəçi bildirib ki, Xaşoqqi “əvvəlcədən düşünülmüş və hazırlanmış” şəkildə edamsayağı öldürülüb.
Türkiyə məhkəməsi bu qətllə bağlı 2020-ci ildə 20 səudiyyəli şübhəlinin qiyabi mühakiməsini keçirib.
Bundan sonra müttəhimlər siyahısına daha 6 şübhəlinin adları daxil edilib.