Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Qlobal media təşkilatı Səudiyyə şahzadəsini məhkəməyə verir


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman

Qlobal media gözətçisi – Sərhədsiz Reportyorlar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və bu ölkənin bir neçə yüksək vəzifəli rəsmisinə qarşı cinayət işinin açılması üçün Almaniya məhkəməsinə müraciət edib.

Almaniya baş prokuroruna martın 1-də təqdim edilmiş 500 səhifəlik şikayət ərizəsində jurnalist Xaşoqqinin 2018-ci ildə Səudiyyənin İstanbul konsulluğunda qətlə yetirilməsindən başqa, 30-dan çox jurnalistin qanunsuz saxlandığı iddia edilir.

Sərhədsiz Reportyorların baş katibi Kristof Deluarın məktubunda Camal Xaşoqqinin qətli də daxil Səudiyyədə jurnalistlərə qarşı cinayətlərə görə məsuliyyət daşıyanların mühakiməsi tələb olunur.

Almaniya prokurorluğu bildirib ki, belə bir məktub alınıb və hazırda sənədin hüquqi və faktoloji məziyyətlərinə baxılır.

Sərhədsiz Reportyorların məktubunda adları çəkilən başqa rəsmilər vəliəhd şahzadənin sağ əli sayılan Səud əl-Qəhtani, Səudiyyə sarayının keçmiş müşaviri Əhməd Məhəmməd əl-Əsiri, general Maher Əbdüləziz Mutreb və Xaşoqqi öldürülərkən İstanbulda konsul olmuş Məhəmməd əl-Oteybidir.

Şahzadə Məhəmməd bin Salman jurnalistin qətli ilə hər hansı bağlılığını inkar edir.

Niyə məhz Almaniya

Almaniya qanunları prokurorlara insanlığa qarşı cinayətlərdə qlobal yurisdiksiyadan çıxış etmək səlahiyyəti tanıyır.

Məsələn ötən həftə Almaniya prokurorları Suriya prezidenti Bəşər əl-Əsədin məxfi polisinin keçmiş əməkdaşına qarşı cinayət işi açılmasını təmin edə biliblər.

Bu şəxs öz vətənində məhbuslara işgəncələr verməkdə ittiham olunur.

Bundan az əvvəl, fevralın 26-da ABŞ-da Xaşoqqinin ölldürülməsi ilə bağlı kəşfiyyat hesabatının məxfiliyi qaldırılıb.

Hesabatın gəldiyi nəticəyə görə şahzadə Məhəmməd bin Salman Washington Post qəzetinin ştatdankənar müxbirinin və Səud kral ailəsinin keçmiş müşaviri Xaşoqqinin “öldürülməsi və ya yaxalanması” əməliyyatına xeyir-dua verib.

Vaşinqton bununla bağlı bu qətllə bağlı olduğu düşünülən 76 Səudiyyə vətəndaşına viza qadağanı qoyub.

Bununla belə, prezident administrasiyası vəliəhd şahzadəyə hər hansı sanksiya elan etməyib.

Halbuki prezident Co Bayden seçki kampaniyası zamanı Səudiyyənin yüksək vəzifəli nümayəndələrini cəzalandıracağını vəd etmişdi.

Səudiyyə Ərəbistanı ABŞ kəşfiyyatının hesabatını “qərəzli, saxta və qeyri-məqbul” adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG