Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 14:09

Səudiyyəli jurnalistin qətlinə ‘tam izahat’ istəyirlər 


Donald Trump (solda) və Recep Tayyip Erdogan, arxiv fotosu
Donald Trump (solda) və Recep Tayyip Erdogan, arxiv fotosu

Səudiyyə Ərəbistanı jurnalistin İstanbuldakı konsulluqda öldürülməsini “böyük və ağır səhv” adlandırıb, amma vəliəhd şahzadə Mohammed bin Salman-ın məsələdən xəbərdar olmadığını bildirib.

“Bu, bir quldur əməliyyatı olub. Fərdlər səlahiyyət və məsuliyyətlərini aşıblar”, – Xarici işlər naziri Adel al-Jubeir ABŞ-ın Fox televiziyasına deyib.

“SƏHVƏ YOL VERİBLƏR”

“Onlar Jamal Khashoggi-ni konsulluqda öldürməklə səhvə yol veriblər və bunu ört-basdır etməyə çalışıblar”, – o, sözlərinə əlavə edib.

ABŞ-ın Maliyyə naziri Stephen Mnuchin-in deməsinə görə, “Washington Post”un köşə yazarının davada öldürülməsini Səudiyyə Ərəbistanının etiraf etməsi “ilk yaxşı addımdır, amma yetərli deyil”. Nazir ər-Riyada qarşı sanksiyaları müzakirə etməyin erkən olduğunu vurğulayıb.

Adel al-Jubeir
Adel al-Jubeir

Bazar günü axşam yayılmış məlumata görə, Səudiyyə Kralı Salman və vəliəhd şahzadə Mohammed Khashoggi-nin oğlu Salaha zəng edərək ona başsağlığı çatdırıblar.

Jubeir də jurnalistin ailəsinə başsağlığı verərək deyib ki, Səudiyyə Khashoggi-nin necə öldürüldüyünü, onun cəsədinin harada olduğunu bilmir. O, Şahzadə Mohammed-in hadisə üçün məsuliyyət daşımadığını da qeyd edib.

“Bu qətli heç nə əsaslandıra bilməz və biz bunu ən güclü mümkün terminlərlə pisləyirik”, – Almaniya, Britaniya və Fransa birgə bəyanatda vurğulayıblar.

Ağ evin bazar günü axşam yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trump fransalı həmkarı Emmanuel Macron-la danışıb, tərəflər Khashoggi-nin ölümüylə bağlı məsələləri müzakirə ediblər.

“Washington Post”a müsahibəsində Trump deyib ki, “aydındır ki, aldatma, yalan baş verib”.

“BUNU O EDİB”

Aparıcı respublikaçı senator isə vəliəhd şahzadənin qətlin arxasında durmasına inandığını deyib. Onun sözlərinə görə, səudiyyəlilər bu ölümlə bağlı izahatlarında özlərinə etimadı itiriblər.

ABŞ-ın Dövlət katibi Mike Pompeo və Mohammed bin Salman
ABŞ-ın Dövlət katibi Mike Pompeo və Mohammed bin Salman

“Bəli, məncə, bunu o edib”, – Senatın xarici əlaqələr komitəsinin sədri Bob Corker CNN-ə müsahibəsində vəliəhd şahzadəni nəzərdə tutub.

Kral Salman isə beş rəsminin işdən çıxarılması barədə əmr imzalayıb. Kral məhkəməsinin müşaviri, Şahzadə Mohammed-in sağ əli sayılan Saud al-Qahtani və kəşfiyyat rəisinin müavini Ahmed Asiri də işdən çıxarılanlar içindədir.

Kral kəşfiyyat xidmətinin yenidən qurulmasına da göstəriş verib. Amma bu işi də Şahzadə Mohammed icra edəcək, yəni o, geniş səlahiyyətini saxlamaqdadır.

Bir sıra hökumət rəsmiləri, tanınmış şirkət rəhbərləri Səudiyyə Ərəbistanında keçiriləcək investisiya konfransına getməyəcəklərini bildiriblər.

***

ABŞ Prezidenti Donald Trump türkiyəli həmkarı Recep Tayyip Erdogan ilə telefonla danışıb. Onlar jurnalist Jamal Khashoggi-nin İstanbuldakı Səudiyyə konsulluğunda öldürülməsinə tam izahat tələb ediblər.

Konsulluqda axtarış bitir
Konsulluqda axtarış bitir

Türkiyə prezidentinin idarəsi oktyabrın 22-də bu haqda bəyanat yayıb.

“Erdogan-la Trump belə bir razılığa gəliblər ki, Khashoggi məsələsi bütün aspektləri ilə aydınlaşdırılmalıdır”, – Anadolu xəbər agentliyinin idarəyə istinadla yaydığı məlumatda deyilir.

Bundan öncə Erdogan demişdi ki, oktyabrın 23-də dissidentin qətlilə bağlı “çılpaq həqiqəti” ictimaiyyətə açıqlayacaq.

Səudiyyə Ərəbistanı oktyabrın 20-də ilk dəfə olaraq Khashoggi-nin İstanbuldakı konsulluqda öldürülməsini etiraf edib. Amma 60 yaşlı jurnalistin oktyabrın 2-də konsulluqda “dava” zamanı öldürüldüyünü bildirib. Bu iddianı dünya şübhəylə qarşılayıb.

Adı çəkilməyən Türkiyə və ABŞ rəsmilərinin deməsinə görə, Khashoggi konsulluğa girəndən az sonra bir qrup səudiyyəli rəsmi tərəfindən işgəncəyə məruz qalıb, öldürülüb, bədəni bir neçə hissəyə parçalanıb.

***

Səudiyyənin jurnalistin qətli ilə bağlı izahı beynəlxalq aləmi qane eləmir

Beynəlxalq aləm səudiyyəli jurnalist Camal Kaşıkçının (Jamal Khashoggi) bu ölkənin İstanbuldakı konsulluğunda qətlini ittiham edib və faktla bağlı hərtərəfli istintaq aparmağa çağırıb.

Federica Mogherini (solda) və İranın Xarici işlər naziri Mohammad Javad Zarif
Federica Mogherini (solda) və İranın Xarici işlər naziri Mohammad Javad Zarif

Bu barədə AP “The Guardian” qəzeti və digər media orqnları məlumat yayıb.

ABŞ,Kanada və Avropa Birliyi Səudiyyə hakimiyyətinin jurnalistin ölümü ilə bağlı açıqlamasından narazılıq bildiriblər.

Səudiyyə Ərəbistanının yaxın tərəfdaşı olan ABŞ prezidenti Donald Trumpoktyabrın 20-də jurnalistlərə deyib ki, “cavab” tapılmayınca, bu açıqlamadan”razı qalmayacaq”.

Prezident deyib ki, Səudiyyə Ərəbistanına qarşı sanksiyalara baxır və kralın varisi Muhammed Bin Salman-la danışacaq.

Amma Trump bunu deyərkən mövqeini bir az yüngülləşdirib, qeyd edib ki, ola bilsin ki, şahzadə Salmanın bundan xəbəri olmayıb.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini də oktyabrın 20-də jurnalistin qətli ilə bağlı hərtərəfli istintaq aparmağa və buna görə cavabdehlik daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb.

Həmçinin Kanada Səudiyyə Ərəbistanının bu insidentlə bağlı açıqlamasını pisləyib və onun həqiqətə uyğun olmadığı bəyan edib.

Jamal Khashoggi
Jamal Khashoggi

Buna da bax:Səudiyyə Ərəbistanı jurnalistin konsulluqda öldürülməsini təsdiqləyib.

Xatırladaq ki, Səudiyyə hakimiyyəti bəyan edib ki, jurnalist Camal Kaşıkçı konsulluğun əməkdaşları ilə əlbəyaxa davada ölüb.

Türkiyə hakimiyyəti bəyan edib ki, faktla bağlı istintaqı davam etdirəcək.

Jurnalist Camal Kaşıkçı voktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.

Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı. O, Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

ABŞ prezidenti Donald Trump bəyan eləmişdi ki, əgər jurnalistin səfirlikdə öldürülməsi bəlli olsa Səudiyyə Ərəbistanını ağır cəza gözləyir.

Böyük Britaniya da bəyan edib ki, bu məsələyə görə Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Səudiyyə Ərəbistanı isə istənilən sanksiyaya cavab verəcəyini bildirib.

XS
SM
MD
LG