Ermənistanın yeni antikorrupsiya qurumu keçmiş prezident Serj Sarkisyana qarşı indilik açıqlanmayan cinayət işi çərçivəsində ittihamlar irəli sürüb. Xəbəri AzadlıqRadiosu-nun Ermənistan xidməti yayıb.
Antikorrupsiya Komitəsinin sözçüsü Marina Ohancanyan Sarkisyanın artıq təqsirləndirilən statusunda olduğunu təsdiqləyib, amma cinayət işinin detalları haqda bilgi verməyib.
3 il yarımdan sonra...
Bu gün – noyabrın 22-də Sarkisyanın vəkili Facebook-da müvəkkilinə qarşı yeni cinayət işi haqda yazıb. Amram Makinyan Antikorrupsiya Komitəsindən təqsirləndirilən statusunda dindirməyə çağırış haqda bildiriş aldıqlarını qeyd edib.
Vəkil ölkənin üçüncü prezidentinə qarşı Silva adlı bir qadının ifadə verdiyini yazaraq işin siyasi motivli olduğunu qeyd edib.
“İroniya ondadır ki, 3.5 ildən sonra onlar Silvanın Serj Sarkisyana rüşvət verməsi haqda ifadə verəcəyini biliblər. Serj Sarkisyan iki il öncə şahid kimi eyni iş çərçivəsində dindirilmişdi, o vaxtdan yeni hüquqi vəziyyət yaranmayıb”, – Makinyan vurğulayıb.
Makinyanın postunda tanınmış biznesmen qadın Silva Hambardzumyanı nəzərdə tutduğu görünür. Onun adı digər keçmiş prezident Robert Koçaryana qarşı korrupsiya işində də keçir.
Mənimsəmə və hakimiyyətdən sui-istifadə
Sarkisyan 2019-cu ildə yanacaqdan sui-istifadəylə bağlı korrupsiyada ittiham olunub. O, bir milyon dollar yaxın mənimsəmənin təşkilində suçlanır. Keçmiş prezident ittihamları siyasi motivli hesab edir. Yerevandakı Baş Yurisdiksiya Məhkəməsi bir ildir ki, bu işə baxır.
Ötən ay isə Sarkisyanın prezidentlik dövründə büdcə hesabına çarter reyslərindən istifadəylə bağlı hakimiyyətdən sui-istifadə ittihamı üzrə yeni cinayət işi açılıb.
Ermənistanın araşdırmaçı vebsaytının yazdığına görə, 2008-2017-ci illərdə Sarkisyanın prezident təyyarəsi büdcə vəsaiti hesabına Almaniyanın Baden-Baden kurortuna 10-dan artıq çarter reysi həyata keçirib.
Sarkisyan və onun siyasi komandasının üzvləri isə ittihamları siyasi motivli adlandırırlar.