Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:51

'Biz Şimali Koreyanın, Türkmənistanın yanındayıq'


R.Hacıbəyli

«Sərhədsiz Reportyorlar» Təşkilatının (RSF) hazırladığı Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 163-cü yerdədir. Qonşuları Ermənistanla (80), Gürcüstan (61) onu xeyli qabaqlayır. Azərbaycan siyahıda Türkiyə, İran və Rusiyaya daha yaxın yerdə bərqərar olub.

««Sərhədsiz Reportyorlar» deməsə də, bilirik ki, qonşu Ermənistanla Gürcüstan söz azadlığına görə bizdən qabaqdadırlar. Elə son hadisələr də bunu göstərdi. Biz Şimali Koreyanın, Türkmənistanın, nə bilim, bu tipli ölkələrin yanındayıq, üzü demokratiyaya gedənlərin yanında yox», – «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli deyir.

«Mən daha aşağı yer verərdim»

Onun sözlərinə görə, Azərbaycan bu sıralamada ən axırıncı yerlərdən birinə layiqdir.

«Mənə elə gəlir ki, obyektiv dəyərləndirmədir. Dəyərləndirməni aparanlar arasında olsaydım, daha aşağı yer verərdim. Bu gün Azərbaycanda mətbuat adına nəsə qalmayıbsa, Azərbaycanda saytlar bloklanırsa, müstəqil qəzetlərin çapına qadağa qoyulursa, yazdığı fikrə görə adamlar həbs edilirsə, sosial şəbəkələrdə fikrini azad ifadə edən adamlar müxtəlif ittihamlarla türmələrə doldurulursa, hansı söz azadlığından danışmaq olar?»,– R.Hacıbəyli söyləyir.

Ə.Məmmədli: ««Niyə ordayıq» sualının yeri yoxdur»

Media üzrə hüquqşünas Ələsgər Məmmədli də beynəlxalq qurumun açıqladığı indeksi obyektiv sayır və bunu da ölkədə söz azadlığı sahəsində qeyri-azad mühit yaranması ilə izah edir:

Ə.Məmmədli
Ə.Məmmədli

«Xüsusən də 2017-ci ildə qismən azad olan internet sektorunun bloklanması, bu sahədə məhkəmə qərarı olmadan nazirliyə addım atmaq üçün səlahiyyət verilməsi bu qiymətləndirmədə xüsusi rol oynayıb. Eləcə də diffamasiyaya, ifadə azadlığına görə Mehman Hüseynovun həbsinin də, Mehman Əliyevin («Turan»ın direktoru), «Turan» xəbər agentliyinin başına gələnlərin də yəqin rolu olub. Arzuolunmaz vəziyyətdəyik. Amma bu reallıqdır ki, qiymətləndirmə obyektivdir. Elektron media tamamən kontrol altındadır, onlayn media kontrol altına alınmaqdadır, ənənəvi mətbuatın bazarı, demək olar, yoxdur. İnformasiyaya çıxış imkanları məhduddur. Bütün bu problemlər varkən «Niyə ordayıq» sualının yeri yoxdur».

A.Quliyev: «Azərbaycan o yerə qətiyyən yaraşmır»

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin redaktoru Aydın Quliyevsə bu sıralamanı qətiyyən obyektiv saymır, medianın basqı altında olması fikrini də rədd edir. O da Azərbaycan rəsmiləri kimi «Sərhədsiz Reportyorlar» Təşkilatının istinad etdiyi qaynaqları şübhə altına alır, onu son 15 ildə media azadlığı ilə bağlı hazırladığı hesabat və indekslərə görə «təmayüllü» yanaşmada suçlayır:

«Əksər media nümayəndələri onların hesabatlarının əleyhinə çıxır, dövlət adamları qəbul etmirlər. Maraqlıdır ki, «Sərhədsiz Reportyorlar» Təşkilatı ölkədəki vəziyyətə münasibətini dəyişmir. Azərbaycanda media azadlığına dəyər verən bu təşkilatın metodologiyası, prinsipləri aydın və şəffaf olmalıdır ki, dəyərləndirmənin nəyin əsasında verildiyi hamıya aydın olsun, qəbul edilsin».

A.Quliyev
A.Quliyev

A.Quliyev beynəlxalq qurumun hesabatının obyektiv, analitik hazırlanmasını istəyir. O, Azərbaycanın siyahıda göstərilən yerə qətiyyən yaraşmadığını bildirir:

«Azərbaycanda media cameəsindən kimlərinsə həbsdə olmasıyla bağlı informasiyanın özü də mübahisəlidir. Mənim bildiyim qədər, həbsdəki jurnalistlərin çoxu ciddi jurnalistika ilə məşğul olmayıblar. Bu gün ciddi jurnalistlərin hansı media qurumlarında işlədikləri bəllidir. Ola bilər, kimlərsə başqa əməllərə görə həbs ediliblər. Bir də, konkret şəxslə bağlı vəziyyəti bütünlüklə mediaya şamil etmək düzgün deyil».

Mətbuat Şurasının təmsilçisi beynəlxalq quruma bu gün dövlətin mediaya dəstəyi institutunun hansı effekti verməsi ilə bağlı araşdırma aparmağı da tövsiyə edir. Onun sözlərinə görə, jurnalistlərin vəziyyəti, qəzetlərin texniki bazası xeyli yaxşılaşıb.

«Qaynaq elə özləridir»

Media üzrə hüquqşünas Ə.Məmmədli isə beynəlxalq qurumun söykəndiyi qaynaqların şübhə altına alınması haqda deyilənlərə belə cavab verir: «Rəsmilər son 3-4 ildə KİV sahəsində qanunvericiliyə gətirdikləri dəyişikliklərə baxsınlar. Onda qaynağı daha aydın görəcəklər. Qaynaq sadəcə, özləridir».

O ki qaldı A.Quliyevin Azərbaycanın o yerə yaraşmaması haqda dediklərinə, Ə.Məmmədli belə cavab verir: «Azərbaycan o yerə layiqdir, layiq deyil, başqa məsələdir. Bu, sadəcə, qiymətləndirmənin nəticəsidir və Azərbaycan o yerdə durub. Bizə görə Azərbaycan birinci yerə layiqdir. Amma bunun üçün nəsə etmək lazımdır, Norveçi, İsveçi qabaqlamaq lazımdır».

Qeyd edək ki, Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) ötən ilin dekabrında yaydığı hesabatda Azərbaycanda 10 jurnalistin həbsdə olduğunu bildirirdi. Hakimiyyət təmsilçiləri isə jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunmasıyla bağlı deyilənləri qəbul etmir, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini deyir.

XS
SM
MD
LG