Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 12:49

Ukraynalı rejissor Loznitsa Rusiyanın açdığı savaş haqqında film çəkəcək


Sergey Loznitsa
Sergey Loznitsa

Ukraynalı rejissor Sergey Loznitsa Kann Film Festivalında deyib ki, ölkəsindəki müharibə haqqında sənədli film çəkməyi planlaşdırır. O, bu kino şənliyində "The Natural History of Destruction" adlı filmini təqdim edib.

"Mən müharibə başlayandan bəri, hələlik, Ukraynaya dönməmişəm. Ancaq, sözsüz, ora getmək niyyətindəyəm. İndi baş verən dəhşətlərdən film çəkmək fikrim var", - Litvada yaşayan rejissor "Reuters"ə müsahibəsində belə deyib.

Rusiyanın Ukraynaya qarşı savaşa başlamasından dörd ay ötüb. Bu savaş minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı yurd-yuvasından didərgin salıb. Ukrayna şəhərləri xarabalığa çevrilib.

Loznitsa Kann festivalında səkkiz dəfə təqdimat edib. Onun "In the Fog" adlı filmi 2012-ci ildə festivalın baş mükafatı olan "Qızıl Palma" üçün yarışıb.

"Öyrənməli olan dərslər öyrənilməyib"

"The Natural History of Destruction" filmi V.Q.Zebaldın eyniadlı kitabı əsasında çəkilib. Filmdə İkinci Dünya müharibəsində müttəfiqlərin bombaladığı Almaniyanın arxiv görüntülərindən istifadə edilib.

Loznitsa deyib ki, həmin hərbi kampaniya zamanı mülki əhalinin hədəfə alınaraq ruh düşkünlüyünə uğradılması kimi əxlaqi məsələlər həllini tapmayıb və bu məsələlər bugünün Ukraynası üçün də aktualdır: "İkinci Dünya müharibəsindən sonra öyrənilməli olan dərslər, əslində, heç vaxt öyrənilməyib".

Loznitsa Kannda Rusiya kinematoqrafçılarının boykot edilməsinə qarşı olduğunu bir daha dilə gətirib: "Mədəniyyət mahiyyəti etibarilə bütövlükdə savaşa qarşıdır. Mədəniyyət hər hansı savaşa tam qarşı olan bir anlayışdır". Onun bu düşüncəsi ölkəsini tərk etmiş rusiyalı rejissor Kirill Serebrennikovun fikriylə üst-üstə düşür. Serebrennikov da Loznitsadan bir həftə öncə Rusiya mədəniyyətinin boykot olunmasına qarşı çıxış etmişdi.

Serebrennikov Ukraynaya hücumu tənqidə tutmuşdu. Onun "Tchaikovsky's Wife" filmi builki festivala qatılan tək rus filmi idi.

Kann Festivalı rəsmi rus nümayəndə heyətinin gəliş və iştirakını yasaqlayıb. Ancaq ukraynalı rejissor Dmitri Suxolıtki-Sobçuk festivalın bir rus rejissorunu siyahıya salmasından da narazı qalıb və bu hərəkəti sərt tənqid edib.

Kirill Serebrennikov "Tchaikovsky's Wife"ın Kann Film Festivalındakı premyerasının ardından Rusiyanın Ukraynada apardığı müharibə əleyhinə çıxış edib. Hadisələrin XIX əsrdə cərəyan etdiyi dram filminə görə ayaq üstə alqışlanan rejissor "Müharibəyə yox" şüarını səsləndirib.

"Yeni Çaplinə ehtiyacımız var"

Festivalın təşkilatçıları Ukrayna Prezidenti Vladimir Zelenskini açılış mərasimində Kiyevdən rəsmi müraciətlə qatılmağa dəvət ediblər. Zelenski kino sənayesini münaqişəyə münasibətdə sakit qalmamağa çağırıb. "Bizim bu gün kinonun sakit qalmadığını göstərmək üçün yeni Çaplinə ehtiyacımız var", - Zelenski Çarli Çaplinin 1939-cu ildə, İkinci Dünya müharibəsinin astanasında Adolf Hitleri satira atəşinə tutmasını xatırladıb.

"Biz qələbə çalmalıyıq. Bu sonluğa təminat verən, hər dəfə azadlığın tərəfində olan kinoya bizim ehtiyacımız var", - Ukrayna lideri öz videomüraciətində belə deyib.

Serebrennikovun filmi builki (75-ci) Kann Festivalında "Qızıl Palma" mükafatı üçün yarışan 21 filmdən biri idi. Film dahi rus bəstəkarı Pyotr Çaykovskinin gənc qadınla zərərli evliliyindən söz açır.

Problemli dahi?

Filmdə tamaşaçı Alyona Mixaylovanın oynadığı gənc, itaətkar Antoninanın necə üz çevrilmiş qadına dönməsini izləyir.

Kişi kompaniyasına üstünlük verən Çaykovski isə gənc xanımının rədd etdiyi problemli və xarizmatik dahi kimi təsvir edilir.

Builki festival fransalı rejissor Mişel Hazanaviçusun "Final Cut" adlı filmi ilə başlayıb. Açılış mərasimində festivalın prezidenti Pyer Leskür "ömürboyu nailiyyətə görə" fəxri "Qızıl Palma" mükafatını Forest Uitakerə təqdim edib. Aktyora məxsus istehsal şirkəti Cənubi Sudanda baş verən müharibəyə həsr olunmuş "For the Sake of Peace" adlı sənədli filmi nümayiş etdirib.

Dünyanın ən böyük kino şənliyi olan Kann Film Festivalı bu il 17-28 may aralığında keçirilib.

XS
SM
MD
LG