Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 08:05

Rusiya rokçuları müharibəyə qarşı


Yuri Şevçuk
Yuri Şevçuk

Mayın 18-də Rusiyanın "DDT" rok qrupu bir milyondan artıq əhalisi olan Ufa şəhərində konsert verib. Bütün biletlər satılıb və konsert arenası dolub. 10 min pərəstişkar konserti böyük həyəcanla gözləyib.

"DDT" qrupunun solisti Yuri Şevçuk Ufada xüsusilə populyardır. Çünki o özü burada böyüyüb və ilk mahnılarını burada yazıb. "DDT"nin özü də 1981-ci ildə Ufada yaradılıb. Qrupun musiqisi bir çoxları üçün yenidənqurma dövrünü simvolizə edir.

"Rusiya silahlı qüvvələrini gözdən salmaq" ittihamı

Konsertin ortasında Şevçuk auditoriya qarşısına çıxaraq deyib: "Ukraynada insanlar öldürülür. Bizim uşaqlar da orada ölür. Nə üçün? Məqsəd nədir, dostlar? Yenə deyirəm, gənclər öldürülür – Rusiyanın və Ukraynanın gəncləri. Yaşlılar, qadınlar və uşaqlar da ölür. Nə üçün? Növbəti Sezarın hansısa napoleonvari planları üçün? Buna görə?". Onun nitqi alqışlarla müşayiət olunub.

"Ancaq bizim vətənimiz prezidentin arxası deyil ki, onu həmişə yalayıb öpəsiniz. Bizim vətənimiz, mənə görə, vağzalda kartof satan kasıb nənədir. İndi isə mən sizə ürəyimə xüsusilə yaxın olan mahnını oxuyacağam: "Lyubov"".

Bundan sonra Şevçuk 1996-cı ildə çıxan hit mahnısını oxuyub və auditoriya onu alqışlayıb. Sosial mediada auditoriyadan bəzi insanların "Rədd olsun müharibə!" şüarlarını qışqırdığını yazanlar var. Ancaq o anların videolarını tapmaq asan iş deyil.

Konsertdən sonra Şevçuku polis ziyarət edib. Onu "Rusiya silahlı qüvvələrini gözdən salmaqda" ittiham ediblər. Onun işinə tezliklə yaşadığı Sankt-Peterburqun məhkəməsində baxılacaq.

"Ne strelyay!"

Y.Şevçuk tanınmış pasifistdir. Onun ilk mahnılarından biri "Ne strelyay!" (Atəş açma) adlanırdı. Bu mahnı hələ də sevilir. O bu mahnını Əfqanıstandan gəlmiş keçmiş sinif yoldaşları ilə söhbətdən sonra yazıb.

Şevçuk öz ideallarına sadiq qalaraq bundan sonrakı müharibələrə qarşı da mövqe ifadə edib. 1999-cu ildə Belqradın NATO qüvvələri tərəfindən bombalanmasından sonra "DDT" bu şəhərdə konsert verib. Şevçuk Rusiyanı 1994-cü ildə başlanan Çeçenistan müharibəsinə görə də qınayıb.

Bu il Rusiyanın Ukraynaya hücumu başlayan kimi bir müsahibəsində belə deyib: ""DDT" olaraq daim sülh üçün oxumuşuq. Ancaq, deyəsən, bu, kömək etməyib. Olanları özünüz görürsünüz. Hamımız, sadəcə, kədər və şok içindəyik".

"Nə üçün buradayıq?"

Ancaq Y.Şevçuk Rusiyanın rok səhnəsindən etiraz edən yeganə səs deyil.

Ölkənin rok kraliçası sayılan Zemfira (o da Ufadandır) da mövqeyini açıq və aydın ifadə edib. Onun mayın 19-da sinql şəklində buraxdığı son mahnısı "Myaso" adlanır. Mahnıda belə deyilir: "Mariupolda gecəyarısıdır ... Hər gecə kabus görürəm. Haralara gəlib çıxdıq? Nə üçün buradayıq? Cavabı ömrüm boyu axtaracağam. Mənim üçün dua et…".

Filmin videoklipi də müharibənin dəhşətlərini əks etdirir.

Müharibənin başlanmasından bəri Parisdə yaşayan Zemfira artıq rəsmi rus mediasında "xain" və "riyakar" adlandırılıb.

"Bir dövlət başqa bir dövləti məhv etməyə çalışırsa..."

"Rusiya ilə Ukrayna arasında müharibə dəlilikdir və onu başlayanlar Rusiyanın üz qarasıdır", - "Akvarium" qrupunun solisti, Rusiyanın ən böyük rok əfsanələrindən biri Boris Qrebenşikov videomesajında deyir. Londonda yaşayan Qrebenşikov vaxtaşırı Qərbi Avropa və İsraildə rusdilli icma qarşısında konsert verir. Zemfira kimi o da hazırda Rusiyada konsert verməyi qeyri-mümkün sayır.

"Roma imperatoru Kaliqulanı düşünün. Dəli adamlar hakimiyyətdə olanda ətrafları buna uyğunlaşır. İnsanlar dəli hökmdara yarınmaq üçün vicdanlarını satırlar. Rusiya barbarcasına, ləyaqətsizcəsinə Ukraynaya hücum edib. Bir dövlət başqa bir dövləti məhv etməyə çalışırsa, bu, faşizmdir", – Qrebenşikov deyib.

Bütün bu səslər haqlı olsa da, təəssüf ki, onları Rusiyada nadir hallarda eşitmək mümkündür.

XS
SM
MD
LG