Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

Serbiyada ‘Rusiya ilə bağlı casusluq’ iddiaları araşdırılır


YouTube-da yayılmış videodan kadr
YouTube-da yayılmış videodan kadr

Serbiya bildirib ki, bir Rusiya diplomatının Serbiya təhlükəsizlik xidmətinin rütbəli əməkdaşına rüşvət verdiyini göstərdiyi deyilən video sosial mediada yayıldıqdan sonra Rusiya ilə bağlı casusluq iddialarının araşdırılmasına başlayıb.

Baş nazir Ana Brnabic noyabrın 20-də deyib ki, hərbi kəşfiyyata bu iddiaların araşdırılması tapşırılıb.

Noyabrın 17-də YouTube kanalında dərc edilmiş video "Kdjuey Lskduf" adlanır və videoda “Rusiya kəşfiyyat zabitinin serbiyalı casusa rüşvət verdiyi” iddia olunur.

Videoda iddia edildiyinə görə Rusiya diplomatının Serbiya agentinə Belqradda görüş zamanı plastik torba verdiyi görüntülənib.

Az sonra videoda serbiyalının həmin torbadan içində pul olan zərfi çıxardığı görünür.

Serbiyanın ictimai televiziyası bildirib ki, Dövlət Təhlükəsizlik Kəşfiyyatı Agentliyi videonun həqiqliyini təsdiq edib.

Agentliyin təhlilçisi Relja Zeljski telekanala deyib ki, videoda Rusiya agentinin görüntüləndiyi təsdiq edilib.

Lakin Zeljski videodakı ikinci şəxsin kimliyi barədə detallar verməkdən imtina edib.

Rəsmilər bildirirlər ki, bu barədə daha geniş məlumat noyabrın 21-də Dövlət Təhlükəsizlik Kəşfiyyatı Agentliyinin müşavirəsindən sonra açıqlanacaq.

Bu da xəbər verilir ki, həmin gün prezident Vucic Rusiya səfiri Aleksandr Bocan Harchenko ilə görüşəcək.

Britaniyada mənzillənmiş Bellingcat müstəqil açıq mənbə araşdırma qrupunun üzvü Christo Grozev, onun dediyinə görə, videodakı şəxslərdən birini - Rusiyanın Serbiyadakı hərbi attaşe müavini Georgy Klebanı tanıya bilib.

Serbiya Xarici İşlər Nazirliyi bildirib ki, Kleban 2019-cu ilin iyununadək Belqraddakı Rusiya səfirliyində müdafiə elçisinin müavini vəzifəsində çalışıb.

AzadlıqRadiosu Belqraddakı Rusiya səfirliyinə videodakı şəxsin Kleban olub-olmadığına dair sorğu göndərib. Bu sorğuya hələki cavab gəlməyib.

Serbiyanın müdafiə naziri Aleksandar Vulin deyib ki, bu insident Balkan regionundakı başqa ölkələrin NATO-ya qoşulduğu bir vaxtda Serbiyanın neytral qalması ilə bağlı ola bilər.

Vulin Tanjug xəbər agentliyinə bunun “çox ciddi insident” olduğunu deyib.

Serbiya Avropa İttifaqına üzv olmağa can atsa da, Moskvanın yaxın müttəfiqi olaraq qalır.

Belqrad Qərbin Rusiya üzərinə Ukraynaya görə qoyduğu sanksiyalara qoşulmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG