Kosovo Prezidenti Hashim Thaci Priştinada mediaya deyib ki, reydlər zamanı polis “əməliyyatı önləmək məqsədilə özünü diplomat kimi göstərən” bir Rusiya vətəndaşını saxlayıb.
Belqraddakı Rusiya səfirliyi isə Mikhail Krasnoshchenko adlı rusiyalının Kosovoda saxlanması xəbərlərini araşdırdığını açıqlayıb.
Serbiyanın RTS TV dövlət televiziyası əməliyyatda iki etnik serbin yaralandığını bildirib.
Polis əməliyyatların digər bələdiyyələrdə də aparıldığını, müxtəlif etnikləri təmsil edənlərin – albanların, Bosniya müsəlmanlarının, serblərin saxlandığını bəyan edib.
“Kosovonun şimalında və Metoxiyada adamların həyatına ciddi təhdid olarsa, ordumuz əhalimizi qoruyacaq”, – Aleksandar Vucic deyib.
Belqrad hələ də bu ölkəni “Kosovo və Metoxiya”, yəni vaxtilə Serbiyanın tərkibindəki adıyla çağırır.
NATO-nun Kosovodakı sülhməramlı missiyası bəyanatında əməliyyatı Kosovo polisinin apardığını, Kosovo ordusunun onda iştirak etmədiyini bildirib.
***
Kosovo hakimiyyəti ölkənin şimalında serblərin yaşadığı regionlara xüsusi polis qüvvələrinin girdiyini deyəndən sonra Serbiya hərbçilərini döyüş vəziyyətinə gətirib.
Kosovo polisinin mayın 28-də yaydığı bəyanata görə, xüsusi qüvvələri Kosovonun şimalında əməliyyat aparır və “yerli polis əməkdaşlarından və vətəndaşlardan saxlananlar var”. Saxlananlar “cinayətkar fəaliyyət”də şübhəli bilinir. Bəyanatda Kosovonun şimalındakı serb bələdiyyəsi olan Zubin Potokda “silahlı müqavimət”dən danışılır. Bildirilir ki, xüsusi polis əməkdaşlarından biri əməliyyat zamanı yaralanıb.
Serbiya dövlət televiziyası isə Prezident Aleksandar Vucic-in ölkə hərbçilərini döyüş vəziyyətinə gətirdiyini bildirib.Hökumətin rəsmisi Marko Djuric deyib ki, Kosovo polisinin məqsədi serbləri qorxutmaq və Kosovodan çıxarmaqdır və “nəinki sabitliyə təhlükə, həmçinin sülhə birbaşa təhdid yaradır”.
Belqrad Kosovoya nəzarəti NATO-nun 1999-cu ildə raket zərbələri kampaniyasından sonra itirib. Kosovo 2008-ci ildə müstəqillik elan etsə də, Serbiya onu tanımayıb.