Belqrad məktəbində səkkiz şagirdin və bir mühafizəçinin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra Serbiyanın təhsil naziri Branko Ruziç istefa ərizəsini Baş nazir Ana Brnabiçə təqdim edib. O bu haqda Tvitter hesabında yazıb.
“Üç günlük milli matəmin sonunda, məsuliyyətli və savadlı, indiyədək bütün dövlət vəzifələrini yerinə yetirən peşəkar, bir serbiyalı valideyn və vətəndaş olaraq, bu şəraitdə yeganə məntiqli və şərəfli qərarı verdim”, – Ruziç mayın 7-də bildirib. Mayın 3-də paytaxt Belqradda kütləvi güllələmə baş vermişdi.
Həlak olanların ailələrinə başsağlığı verən Ruziç həyatının sonuna qədər məktəbdəki hadisələrin dramatik görüntülərinin ağırlığını daşıyacağını bildirib.
Ruziç prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi hakim Serb Tərəqqi Partiyasının kiçik koalisiya tərəfdaşı olan Serbiya Sosialist Partiyasının rəsmisidir.
Hökumətin istefası tələb olunur
Sarsılmış serbiyalılar isə məktəbdə həlak olanlara matəm tutmaqdadır. Həmin hadisədən bir gün sonra isə başqa bir kütləvi güllələmədə daha səkkiz nəfər həlak olub. Bu arada müxalifət hökumətin istefasına çağırışlar səsləndirir. Mayın 8-də Belqradda etiraz yürüşünün keçirilməsi planlaşdırılır.
Ölkədə məktəbdə ilk kütləvi güllələməni törətməkdə, mətbuatın K. K. kimi təqdim etdiyi 13-yaşlı yeniyetmə şübhəli şübhəli bilinir. Rəsmi orqanların versiyasına görə, o, atasına məxsus iki silahdan istifadə edərək səkkiz şagirdi və bir mühafizəçinin ölümü, daha altı şagird və bir müəllimin yaralanması ilə nəticələnən insidenti törədib. Hadisə mayın 3-də Belqraddakı Vladislav Ribnikar ibtidai məktəbində baş verib.
Yeniyetmə psixiatriya müayinəsi altında saxlanır, valideynlərinin isə saxlandığı bildirilir. Şübhəli Serbiyada cinayət məsuliyyəti yaşına çatmayıb.
İkinci insidentin şübhəlisi
Dövlət televiziyası mayın 6-da bildirib ki, ikinci atışmada şübhəli bilinən 21-yaşlı U.B. avtomat silah və tapançadan istifadə etdiyini etiraf edib.
Serbiya Radio Televiziyasının (RTS) yaydığı xəbərə görə, U.B. onun motivləri arasında cəmiyyəti terrorizə etmək olduğunu da deyib.
Həmin atışmada 8 nəfər ölüb, daha 14 nəfər yaralanıb.
Yuqoslaviyanın parçalanmasından sonrakı şiddətli münaqişələrdən təxminən otuz il sonra törədilən kütləvi atışmalar, silah saxlamanın yüksək olduğu bir ölkədə və bölgədə qəzəb doğurub.
Vuciç və hökumətdəki müttəfiqləri silaha, xüsusilə də tapançalara çıxış və saxlamaya yeni nəzarət tətbiq olunacağını vəd ediblər.
Daxili İşlər Nazirliyi mayın 4-də bildirib ki, “sahiblərin silahları qaydalara uyğun, sursatdan ayrı, müvafiq şkaf və seyflərdə saxlayıb-saxlamamasını müəyyən etmək üçün” geniş nəzarət tədbirləri gerçəkləşdiriləcək.