Serbiyanın baş naziri Ana Brnabiç deyir ki, Rusiya xüsusi xidməti onun hökumətinə Belqradda müxalifətin etiraz aksiyasında mümkün iğtişaşlarla bağlı xəbərdarlıq edib. Ötən gün - dekabrın 24-də Serbiya paytaxtında müxalifətin mitinqində polislə iştirakçılar arasında qarşıdurma yaranıb, etirazçılar bir həftə öncəki seçkinin nəticələrinin ləğvini tələb ediblər.
"Bizdə xüsusi xidmətlərin məlumatı vardı, bununla bağlı xəbərdarlıq edirdilər. Hər şeydən qabaq Rusiya təhlükəsizlik xidməti bizə belə məlumatları vermişdi", - Brnabiç deyib.
Baş nazirin sözlərinə görə, xəbərdarlıq hələ seçkiqabağı kampaniya vaxtı edilib, amma bir sıra səfirlər - kontekstdən Qərb ölkələrinin səfirlərindən söhbət getdiyi anlaşılır - buna inanmayıb, serb hakimiyyətinə də Rusiyaya inanmamağı tövsiyə ediblər.
Serbiya prezidenti Aleksandar Vuçiç də bir müddət öncə xarici xüsusi xidmət orqanlarının xəbərdarlığından danışıb, amma hansı ölkədən söhbət getdiyini deməyib.
Bazar günü etiraz aksiyasında yaşananlar
Ölkənin iri müxalifət koalisiyası olan "Serbiya zorakılığa qarşı" dekabrın 24-də Belqradda etirazların yeddinci günü bir daha 17 dekabr seçkilərinin nəticələrinin ləğvini tələb edib. Rəsmi nəticələrə görə, seçkini hakim Serbiya Tərəqqi Partiyası udub. Müxalifət xüsusilə Belqrad şəhər parlamentinə seçkilərin rəsmi nəticələrindən narazıdır, onların saxtalaşdırıldığını deyir.
Bazar günü müxalifət təmsilçiləri bəyan ediblər ki, Belqrad meriyasının binasına girib eyvandan çıxış etmək istəyirlər. Polis əməkdaşı bu hərəkətin qanunazidd sayılacağını bildirib. Ancaq bəzi etirazçılar içəri girməyə çalışıb, binanın pəncərələrini sındırıblar. Polis isə cavabında gözyaşardıcı qazdan istifadə edib.
Daha sonra polis meydana toplaşanları dağıdıb, 35-ə yaxın etirazçı saxlanılıb. Müxalifət hakimiyyəti qeyri-mütənasib güc tətbiqində ittiham edib, dinc etirazçılar arasında xəsarət alanların olduğunu deyib. Bir neçə polis əməkdaşının xəsarət aldığı, ikisinin zədəsinin ağır olduğu xəbər verilir.
Baş nazir Brnabiç hadisələri "maydan" cəhdi adlandırıb, hakimiyyətin buna yol verməyəcəyini söyləyib. Serbiya hakimiyyəti ilk dəfə deyil müxalifətin etirazlarını Ukraynadakı Maydan hərəkatı ilə müqayisə edir. Ukrayna əvvəlki müqayisələrdə buna etiraz edərək bildirib ki, 2014-cü ildə Kiyevdə hakimiyyət dəyişikliyinə səbəb olan etirazlar "Ukrayna xalqının korrupsiyalaşmış və totalitar hökumətə qarşı öz hüququ uğrunda mübarizəsi" idi.
Rusiya hakimiyyəti, öz növbəsində, "maydan" sözünü Qərbin rəvac verdiyi, hakimiyyətin devrilməsinə yönəlik etirazların sinonimi kimi işlədir.
Seçkinin rəsmi nəticələri
17 dekabr seçkilərinin rəsmi nəticələrinə görə, prezident Vuçiçin partiyasının koalisiyası 47 faiz səs yığıb. İkinci yeri 23 faizlə "Serbiya zorakılığa qarşı" koalisiyası tutub. Üçüncü yerə 7 faiz səslə Serbiya Sosialist Partiyası çıxıb.
Belqradda isə hakim partiyanın 38, müxalifət koalisiyasının 34 faiz səs yığdığı bildirilib. Müxalifət iddia edir ki, hakimiyyət seçici iştirakı faizini artırıb, hakim partiyanın səslərinə əlavə edib.
ATƏT seçkilərdə ciddi pozuntuların olduğunu desə də, saxtakarlıqlar haqda birbaşa danışmayıb. ABŞ Serbiyanı beynəlxalq müşahidəçilərin pozuntularla bağlı iddialarını araşdırmağa çağırıb.
Serbiya hakimiyyəti hər hansı pozuntunun baş vermədiyini bildirir.