Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 02:07

Serbiyada 'Uşaq doğun!' kampaniyası narazılıq yaradıb


Doğum evi

Serbiya hökumətinin ölkədəki əhali artımını stimullaşdırma kampaniyası ciddi tənqidlə üzləşib. Ölkənin qadın baş naziri və onun hökumətin gender bərabərliyi koordinasiya qurumuna cavabdeh müavini də bu siyasətin əleyhinə çıxış edib.

Kampaniya, əsasən, qadınları dünyaya daha çox uşaq gətirməyə çağıran şüarlardan ibarətdir.

Fevralın 14-də ölkədə keçirilən şüar yarışmasının qalibləri elan olunub. Elə o vaxtdan da kampaniya sosial mediada lağ hədəfinə çevrilib.

«Qadınlara təhqir»

Baş nazirin müavini Zorana Mihajlovic deyib ki, qalib şüarlar («Doğ, təxirə salma!» və «Bizə ən çox lazım olan sevgi və körpələrdir!») qadınlara təhqirdir.

Müsabiqədə ikinci yeri tutan şüar da Mihajlovic-i qəzəbləndirib. Şüar belə səslənir: «Sözlər kifayətdir! Qoy körpə qışqırığı eşidilsin!».

«Bir neçə dəfə xəbərdarlıq etmişəm: Heç kəsin qadına uşaq doğmaq əmri verməyə, yaxud onları doğum səviyyəsinin aşağı olmasına görə suçlamağa, onlara artım maşını kimi baxmağa ixtiyarı yoxdur», – Mihajlovic öz bəyanatında deyib.

O qeyd edib ki, bu şüarlar qadınları açıq şəkildə utandırır və qadının Serbiyada, əhali siyasətindəki rolunu yanlış təqdim edir.

Baş nazir Ana Brnabic
Baş nazir Ana Brnabic

Baş nazir Ana Brnabic-sə fevralın 14-də jurnalistlərə deyib ki, şüarlar doğum səviyyəsini artıra bilməz. O əlavə edib ki, bundan ötrü gərəkən şey hamilə qadınlara və yeni analara daha yaxşı qayğıdır.

Brnabic deyib ki, dövlət hamilə qadınlara vaxtlı-vaxtında sosial yardım ödənişləri etməli, onların üzləşdiyi bürokratik süründürməçiliyə son qoymalıdır.

Əhali azalır

Ancaq portfelsiz nazir, qalib şüarları seçən dövlət komissiyasının üzvü Slavica Djukic-Dejanovic bu seçimləri müdafiə edib. O, N1 xəbər telekanalının Belqrad bürosuna müsahibəsində sözügedən şüarların qadınları təhqir etdiyini düşünmədiyini deyib. Djukic-Dejanovic «Uşaq doğ, təxirə salma!» şüarının əmr tonunda olması fikri ilə də razılaşmayıb.

Serbiyanın 7 milyonluq əhalisi qocalmaqdadır. 1992-ci ildə keçmiş Yuqoslaviyanın parçalanmasından sonra ölkə əhalisi hər il minlərlə nəfər azalır. 1998-ci ildənsə ölkə əhalisi ildə 20 min nəfərdən çox, 2005-ci ildən ildə 36 min nəfərə qədər azalmağa başlayıb. 2016-cı ildə ölkədə cəmi 64 min 734 nəfər doğulduğu halda, 100 min 834 nəfər ölüb.

Bununla yanaşı, gənc, təhsilli serblərin təhsil və ya oxumaq üçün rifah halı daha yüksək ölkələrə getməsi nəticəsində yaranan «beyin axını» da öz işini görür.

Kilsə də narahatdır

Ötən ilin oktyabrında Serb Ortodoks Kilsəsinin rəhbəri patriarx Irinej və ölkə prezidenti Aleksandar Vucic görüşərək, hər ikisini narahat edən məsələni – ölkənin son dərəcə aşağı doğum səviyyəsini müzakirə ediblər.

Serb Ortodoks Kilsəsi abortlara qarşıdır və abortların qanunsuz elan olunmasını tələb edir. Kilsənin yepiskopu Amfilojije açıq şəkildə serb qadınlarını doğulmamış uşaqların kütləvi qatillərinə çevrilməkdə ittiham edib. «Onlar öz bətnlərində Mussolini, Hitler, Josip Broz Tito və Kosovo albanlarının hamısının birlikdə öldürdüyündən də çox uşaq öldürürlər», – deyə o iddia edib.

Ancaq noizz.rs saytının redaktoru Ljubica Krstic deyib ki, «hökumət aşağı doğum səviyyəsinə görə məsuliyyəti qadınların üzərinə qoymaqla çirkin oyun oynayır». O bildirib ki, problemin əsl səbəbləri Serbiyadakı əlverişsiz yaşayış standartları, işsizlik həddinin yüksək olması və səmərəsiz hökumətdir.

Belqradda yerləşən «Promolineplus» PR agentliyinin direktoru Nevena Subotic-sə hesab edir ki, sözügedən şüar kampaniyası Serbiyada əhalinin azalması haqda iki mühüm məqamı qabardır: ​«Birincisi, dövlət qəbul edir ki, mənfi artım səviyyəsi əsas problemimizdir. İkincisi də, dövlət bu problemlə nə edəcəyini bilmir».

XS
SM
MD
LG