Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

'Prezident Administrasiyasından yerli icra hakimiyyətinə zəng olmalıdır...'


Prezident Aparatı, 2013
Prezident Aparatı, 2013

İllərdir ölkədə sərbəst toplaşmaq azadlığının qorunması ətrafında müzakirələr gedir. Milli Şuranın yanvarın 19-da keçirilən mitinqindən sonra isə belə müzakirələr daha da aktuallaşıb. Məsələ burasındadır ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) həmin aksiya ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu, sakinlərin və sahibkarların şikayətləndiyini səbəb göstərərək bu qurumun sonrakı mitinq istəyinə müsbət cavab verməyib.

Bu arada Müsavat Partiyası və “ Qarabağ” Komitəsi-nin oxşar istəyi də geri çevrilib. Müsavat Partiyasına verilən cavabda vurğulanırdı ki, yürüş-mitinqdən ötrü təklif edilən marşurutlarda nəqliyyatın sıxlığı müşahidə olunduğundan bu tıxacların yaranmasına səbəb ola bilər.

Bakıda mitinq
Bakıda mitinq

Şəhər rəhbərliyi habelə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar prezident İlham Əliyevin ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığını qeyd edərək “ Qarabağ” Komitəsinin da aksiyasını məqsədəuyğun hesab etməyib.

Bütün bu məsələlərin fonunda hakimiyyət rəsmiləri vurğulayır ki, sərbəst toplaşmaq azadlığı qanun çərçivəsində tənzilmlənir, ölkədə fundamental azadlıqlar qorunur. Müxalifət təmsilçiləri isə BŞİH-nin cavablarını bəhanə sayaraq sərbəst toplaşmaq azadlığına imkan verilmədiyini idda edir.

“Azərbaycana təzyiq etmək üçün müəyyən bahələr axtarırlar”

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı həmin iddiaları qəbul etmir.

O, müxalifətin iki yerə bölündüyünü söyləyir:

“Radikal və konstruktiv. Birincilər xaricdən maliyyələşdiklərindən yalnız fikirlər səsləndirirlər. Müəyyən dairələr də Azərbaycana təzyiq etmək üçün müəyyən bahələr axtarırlar. Radikal müxalifət də bu bahənələri onlara vermək üçün belə iddialar irəli sürürlər. Halbuki, onlar dəfələrlə mitinqlər keçirməklə sərbəst toplaşmaq azadlığından istifadə ediblər. Müəyyən səbəblərə görə icra hakimiyyəti də icazə verməyəndə belə fikirlər səsləndirirlər”.

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

Məhərrəm Zülfüqarlı hesab edir ki, Azərbaycanda konstitusiyada nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığından vətəndaşlar istifadə edir:

“ Bunun bariz nümunəsi keçirilən tədbirlər, “Məhsul” stadionunda olan mitinqlərdir. Seçki ərəfəsində isə sərbəst toplaşmaq azadlığından istifadə edənlər çox olacaq”

“ Hökumətin özünün istədiyi və yalnız özünün məqbul saydığı vaxtlarda...”

Amma Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov əksinə düşünür.

Onun fikrincə, Azərbaycanda sərbəst toplaşmaq azadlığı ümumən heç bir halda qorunmur:

“ Hökumətin özünün istədiyi və yalnız özünün məqbul saydığı vaxtlarda qapalı məkanda mitinqə icazə vermək, bu sərbəst toplaşmaq azadlığının qorunduğunu demək reallıqdan uzaq iddiadır. Eyni zamanda, sərbəst toplaşmaq azadlığı hüququnun pozultusuna dair Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları var. Hətta “Məhsul” stadionunda məhdudlaşdırma qaydaları tətbiq edilir, istər inzibati həbs olsun, istərsə də mitinqdən sonra iştirakçıları polisə dəvət etmək. Bütün bunlar sərbəst toplaşmaq azadlığının ciddi məhdudlaşma əlamətidir. Məsələn, 26 fevralda Xocalı faciəsi ilə bağlı prezidentin də qatıldığı yürüş hansı qaydada tənzimləndi, ictimaiyyət bundan məlumatsızdır. Amma opponentlər hər hansı tədbir keçirsə, belə şərait yaranacaqmı?, əlbəttə, yox”.

Akif Qurbanov, 17 oktyabr 2013
Akif Qurbanov, 17 oktyabr 2013

Akif Qurbanov deyir ki, sərbəst toplaşmaq azadlığı yalnız açıq məkanda mitinq keçirmək anlamına gəlməməlidir:

“ İstənilən qapalı məkanda iqtidarın fəaliyyətindən və nəzarətindən kənarda olan siyasi-ictimai qüvvə sərbəst tədbir keçirməlidir. Bu, həm bölgələrdə, həm də mərkəzdə olmalıdır. Amma xüsusən əyalətlərdə qapalı məkanlarda tədbirlərin keçirilməsi nəinki hökuməti tənqid edənlər üçün sərbəstdir, hətta hökuməti tərifləyən qeyri-hökumət təşkilatlarından ötrü də azad deyil. Bunun üçün mütləq Prezident Administrasiyasından yerli icra hakimiyyətinə zəng olmalıdır və yerli icra hakimiyyəti də məkanla bərabər iştirakçıları da özü müəyyənləşdirir. Beləliklə, indiki mənzərə hökumətin sərbəst toplaşmaq azadlığı barədə beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə cavab vermir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG