Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 00:50

Senat komitəsi Rusiya və Türkiyəyə qarşı qanun layihələrini qəbul edib


Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan (solda) və Vladimir Putin
Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan (solda) və Vladimir Putin

ABŞ Senatının komitəsi Rusiya və Türkiyəyə qarşı hər iki partiya tərəfindən dəstəklənən qanunvericilik aktını qəbul edib.

Senat komitəsi habelə Mərkəzi və Şərqi Avropanın Moskvadan enerji asılılığının azaldılması məqsədilə maliyyə yardımı verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bu səsvermə Rusiya xarici işlər naziri Sergey Lavrovun Vaşinqtonda prezident Donald Trump və dövlət katibi Mike Pompeo ilə görüşündən dərhal sonra keçirilib.

Pompeo bu görüşdən sonra iki ölkə arasında iqtisadi münasibətlərdə “əhəmiyyətli tərəqqiyə” ümid etdiyini bildirmişdi.

Bu, Lavrovun son iki ildə Ağ Evə ilk səfəri idi.

İndi bu qanun layihələrinin qüvvəyə minməsi adətən Rusiya və Türkiyəyə qarşı sanksiyaların əleyhinə olan prezident Trump tərəfindən təsdiqlənməsindən asılıdır.

Senatın Xarici Əlaqələr Komitəsinin dekabrın 11-də bəyəndiyi qanun layihəsi ABŞ-ın NATO müttəfiqi olan Türkiyə üzərinə sanksiyaların qoyulmasını nəzərdə tutur.

S-400 çəkişməsi davam edir

Sanksiyaların qoyulmasına səbəb Türkiyənin Suriyanın şimalına müdaxilə etməsi və Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasıdır.

Komitənin demokrat üzvü Bob Menendez deyib:

“Türkiyənin ötən bir il ərzindəki hərəkətləri heç bir çərçivəyə sığmır. Bu qanun layihəsi nümayiş etdirir ki, Türkiyənin Suriyaya münasibətdə siyasəti qeyri-məqbul, onun Rusiyadan S-400 raketlərini alması isə yolverilməzdir”.

Bu qanun layihəsi Türkiyənin müdafiə və maliyyə nazirləri də daxil vəzifəli şəxsləri üzərinə sanksiyalar qoyulmasını nəzərdə turur.

Rəsmi adı Amerikanın Milli Təhlükəsizliyinin Möhkəmləndirilməsi və İŞİD-in Dirçəlməsinin Qarşısının Alınması (Promoting American National Security and Preventing the Resurgence of ISIS Act) olan qanun Suriya prezidenti Bashar al-Assad-a silah verən və müdafiə xidmətləri göstərən rusiyalılara sanksiyaların qoyulmasını ehtiva edir.

Bob Menendez
Bob Menendez

Senat komitəsində 18-4 nisbətində qəbul edilmiş bu qanun layihəsi Senatda tam heyətin iştirakilə səsə qoyulmalıdır.

Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qanun layihəsi habelə Rusiyanın qaz kəmərlərinin inşasında iştirak edən xarici şirkətlərin cəzalandırılmasını nəzərdə tutur.

Qanunvericilik aktına görə dövlət katibi NATO üzvlərinin Rusiyadan enerji asılılığını azaldan strategiya təqdim etməlidir.

Qanun layihəsi NATO-nun Avropa müttəfiqlərinə ABŞ maye qazının ixrac edilməsinin mühümlüyünü təsdiq edir.

TürkAxını da sanksiyaya düşə bilər

Avropa Müttəfiqləri ilə Enerji Təhlükəsizliyi Əməkdaşlığı (Energy Security Cooperation with Allied Partners in Europe Act) kimi tanınan layihədə Rusiyanın ŞimalAxını 2 və TürkAxını kimi qaz kəməri layihələrində iştirak edən şirkətlərin cəzalandırılması nəzərdə tutulub.

Rusiya sözü gedən TürkAxını kəmərinin tikintisini artıq başa çatdırıb. Gazprom bu kəmərlə Türkiyəyə yaxın həftələrdə qaz nəqlinə başlamalıdır.

Rusiya Almaniyaya Baltik dənizinin dibi ilə keçərək qaz nəql etməli olan ŞimalAxını 2 layihəsini demək olar başa çatdırıb.

Senat komitəsi habelə Mərkəzi və Şərqi Avropanın Rusiyadan enerji asılılığını azaldan layihələr üçün 1 milyard dollarlıq fond ayırıb.

Bundan başqa Senat Rusiya üzərinə onun Ukraynanın daxili işlərinə qarışması ilə bağlı daha sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib.

Amerikanın Təhlükəsizliyinin Kremlin Təcavüzündən Müdafiəsi adlı (The Defending American Security from Kremlin Aggression Act) bu qanun layihəsi Moskva üzərinə Rusiyanın başqa ölkələrdəki demokratik təsisatları sarsıtmaq cəhdlərinə görə sanksiyalar qoyulmasını nəzərdə tutur.

XS
SM
MD
LG