Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:48

S.Seyidov: 'Məntiqli, düşünülmüş, təhlil edilmiş islahatları gözləyirəm, bəli'


Səməd Seyidov
Səməd Seyidov

«Əminəm ki, seçkilərdən sonra daha çox inteqrativ proseslərin, iqtisadi projelərin həyata keçirilməsinin, dünya standartlarının, yeniliklərin Azərbaycanda tətbiqinin şahidi olacağıq. Bu da normaldır. Bunu cəmiyyət də gözləyir».

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində seçki sonrası gözləntilərindən danışarkən belə deyib.

Bugünlərdə Strasburqda səfərdə olan Səmədov Azərbaycanla bağlı hər hansı müzakirələrin gözlənilmədiyini bildirib:

- Seçki öncəsi Azərbaycanla bağlı hər hansı müzakirə ola bilməz. Azərbaycanla bağlı qərarlar artıq verilib. Bu qərarlardan biri Avropa Şurasının seçkiləri izləmək üçün müşahidə missiyası göndərməsi ilə bağlıdır. Bundan başqa müzakirə nəzərdə tutulmur.

- Səməd müəllim, beynəlxalq aləm Azərbaycandakı növbədənkənar seçkiləri necə qarşılayır? Burda bəzi müşahidəçilər hesab edir ki, beynəlxalq qurumlar seçkiləri susqunluqla izləyir, sanki nələrsə əvvəlcədən razılaşdırılıb və indi də prosesə müdaxilə edilmir.

- Mən beynəlxalq aləmdə başqa seçkilərlə müqayisədə indikinə qarşı hər hansı fərq görmürəm. Bu seçkilər də qanun çərçivəsində təşkil edilib. Belə olmasaydı, ATƏT-in Parlament Assambleyası, Avropa Şurası, başqa təşkilatlar Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə müşahidə heyəti göndərməzdilər.

- Azərbaycanda siyasi müxalifət növbədənkənar seçkilərlə bağlı müxtəlif izahlar verirlər və hesab edirlər ki, o, beynəlxalq nəzarətdən kənarda, alternativsiz, xalqın iradəsindən kənar keçirilir. Onların tənqidləri haqda nə deyə bilərsiniz?

- Siz müxalifətin hər şeyi dəstəkləməsini gözləyirsiniz? Müxalifət elə iqtidarı tənqid etməklə, qəbul etməməklə özünü daha çox müxalif göstərmək niyyətindədir və bunu da normal qəbul edirəm. Bu yaxınlarda heç bir maneəsiz, problemsiz mitinq keçirildi. Orda onlar öz fikirlərini ortaya qoydular. Cəmiyyətdə seçkiyə müxtəlif yanaşmalar var, qəbul edən də var, etməyən də. Amma həmin mitinq göstərdi ki, müxalifətə cəmiyyət tərəfindən o qədər də böyük dəstək nümayiş etdirilmədi. Ancaq cəmiyyətdə müxtəlif fikirlərin olması demokratiyanın ən gözəl, ən vacib göstəricilərindən biridir. O ki qaldı seçkilərin beynəlxalq qanundan, nəzarətdən kənar keçirilməsi barədə deyilənlərə, belə olsaydı, yəqin beynəlxalq qurumlar bura müşahidə missiyası göndərməzdilər.

- Seçkidən sonra baş verəcəklər haqda indidən müxtəlif ehtimallar səslənməkdədir. Kimi hakim komandada dəyişikliklər olacağını, islahatlara start veriləcəyini proqnozlaşdırır, kimi Dağlıq Qarabağ danışıqlarında irəliləyiş olacağını. Səməd Seyidov bu ehtimallar haqda nə deyə bilər, seçkilərdən sonra Azərbaycanda nə gözlənilir, nələr planlaşdırılır?

- Seçkilərin keçirilməsi növbəti bir mərhələnin reallaşdırılmasıdır, növbəti addımları, planları düşünməkdir. Ən əsası da seçkiləri Azərbaycanda sabitliyə, inkişafa, islahatların aparılmasına, dünya standartlarına yaxınlaşdıırlmasına xidmət edən bir proses kimi qiymətləndirirəm. Əminəm ki, seçkilərdən sonra daha çox inteqrativ proseslərin, iqtisadi projelərin həyata keçirilməsinin, dünya standartlarının, yeniliklərin Azərbaycanda tətbiqinin şahidi olacağıq. Bu da normaldır. Bunu cəmiyyət də gözləyir. Ancaq bunu seçkidən sonra «hansısa addımlar atılacaq, gözlənilməyən məsələlər gündəmə gətiriləcək» kimi qələmə vermək doğru olmazdı. Normal, ardıcıl, məntiqli addımlar atılmaqdadır. Əminəm ki, seçkilərdən sonra eyni siyasət davam etdiriləcək.

- Yəni, seçki sonrası Azərbaycanda sürprizlər gözlənilmir?

- Bu, şou deyil ki, sürprizlər olsun. Ardıcıl aparılan siyasətdir. Siyasətin kökü, məntiqi bəllidir, Heydər Əliyevin miras qoyduğu fəlsəfədir, bunun əsasında inkişafın şahidlərinə çevriləcəyik. Ancaq sürprizdir, hədiyyədir, yaxud gözlənilməyən hadisələrdir, bunlar qeyri-sabit cəmiyyət üçün xarakterikdir. Bizim cəmiyyət yetərincə sabitdir. Məntiqli, düşünülmüş, təhlil edilmiş islahatları gözləyirəm, bəli. Bunu cənab prezident də öz çıxışında konkret şəkildə qeyd edib. Azərbaycanın dünya inteqrativ proseslərinə qoşulmasını, bəli, mən də gözləyirəm.

- Belə proqnozlar var ki, hökumətdə yeni komanda formalaşa və həm siyasi, həm də iqtisadi islahatlara təkan verilə bilər. Elə siz də dediniz ki, bu islahatları gözləyirsiniz. Bəlkə bu haqda ətraflı danışardınız?

- İslahatları görmək istəməyən onu heç vaxt görməyəcək. ASAN Xidmətin yaradılması dünyada Azərbaycan brendi kimi təqdim olunur, BMT-də bu təcrübənin başqa ölkələrə yayılması islahatların bir ilkidir, bir nümunəsidir. Bu kimi islahatlar başqa sahələrdə də aparılmaqdadır. Mənə qəribə gəlir. Bəlkə siz başqa islahatlar nəzərdə tutursunuz?

- Siyasi islahatları...

- Siyasi islahatlarla bağlı prezidentin təşəbbüsü ilə keçirilən referendumun nəticələri əsasında ölkədə dəyişikliklər gedir. Bu islahat deyil? Azərbaycanın bu saat apardığı siyasi islahatlar göz qabağındadır. Biz bununla kifayətlənmirik. Başqa islahatlar da həyata keçiriləcək. Referendum əsasında qəbul edilmiş məsələlər, dövlət tərəfindən qəbul edilmiş məsələlər yavaş-yavaş gerçəkləşdiriləcək.

- Beynəlxalq qurumlar vaxtaşırı Azərbaycanda ədliyyə sistemində, məhkəmə sistemində köklü islahatlara çağırırlar və hesab edirlər ki, məhkəmələr azad olmadan nə siyasi, nə də iqtisadi islahatlardan danışmaq doğru olardı. Azərbaycan hakimiyyəti bu yöndə ciddi addımlar atmağı düşünürmü?

- Bu yaxınlarda Ədliyyə Şurasının hakimlərlə bağlı xüsusi bir qərarı oldu. Nə qədər hakim işdən azad edildi, nə qədər hakimin işində nöqsan tapıldı. Elə sizin sualınızın cavabı olaraq deyim, onlara deyilir ki, müstəqil olsunlar, düzgün olsunlar, korrupsiyadan uzaq olsunlar. Bu tək hakimlərə aid deyil, o cümlədən bütün ədliyyə sisteminə, hüquq-mühafizə orqanlarına aiddir. Xüsusilə cənab prezidentin dekriminalizasiya ilə bağlı verdiyi fərman əhəmiyyətlidir. Ədliyyə sistemində, hüquq-mühafizə sistemində daim təkmilləşmə, korrupsiyayla mübarizə, beynəlxalq standartlara yaxınlaşma gedir. Təəssüf olsun ki, görmək istəməyən bunu görməyəcək. Bunun üçün əks tərəfin mövqeyinə yaxınlaşmaq lazımdır. Məsəl üçün, mitinqlər haqqında nə qədər danışıldı, amma heç bir problemsiz bunun keçirilməsinə icazə verildi. Hətta parlamentdə bununla bağlı müxtəlif fikirlər səslənirdi ki, ümumiyyətlə, seçkiqabağı müxalifətin mitinq keçirməsi düzgün deyil. Ancaq yenə də məhdudiyyət yaranmadı.

- Ancaq mitinqöncəsi xeyli siyasi fəalın polis bölməsinə çağrıldığı, hədə-qorxu gəlindiyi barədə də məlumatlar daxil olmaqda idi. Mitinq təşkilatçılarının qənaətincə, siyasi hakimiyyətin məqsədi bu yolla etiraz aksiyasına gələnlərin sayını azaltmaq, kütləviliyi önləmək idi.

- Mən qanundankənar addımların atılmasını müşahidə etməmişəm. Seçkiqabağı emosiyaları özünü götərməkdədir, təbii. Ancaq onu da bilməliyik ki, qanun hamı üçün eynidir. Burda istisna yoxdur. Mən biləni kimlərinsə saxlanılması və s. bütün vətəndaşlara aiddir. Mən bugünlərdə hansısa saytda oxudum ki, ən yüksəksəviyyəli insanların uşaqları da həm həbs edilir, həm də məsuliyyətə cəlb olunur. 10 milyonluq əhalilimiz var, kimsə qanunu pozacaqsa, cəzasını alacaq, bunu başqa cür yozmaq düz deyil.

- Araşdırmaçı-jurnalist Xədicə İsmayılova bugünlərdə ədliyyə qurumlarına müraciət etdi ki, Türkiyədə müalicə alan və son günlərini yaşayan anası ilə görüşmək üçün ölkədən çıxışına qoyulan qadağa müvəqqəti olaraq götürülsün. Amma rəsmi qurumlar cavab vermədilər, anası isə övladını görmədən vəfat etdi.

- Allah rəhmət etsin.

- Bu məsələdə hakimiyyət humanistlik nümayiş etdirə bilərdimi?

- Mən bu məsələylə bağlı konkret məlumat verə bilməyəcəm. Hər bir faciə ayrıca faciədir. Hamısını ümumiləşdirmək düzgün deyil. Ancaq bilirəm ki, Azərbaycanın həm ədliyyə sistemi, həm də rəhbər işçiləri belə məsələyə çox həssas yanaşırlar. Məsələn, Allah rəhmət etsin, insandır, yaxınları rəhmətə getmişdi, söhbət Əfqan Muxtarlıdan gedir, onu da buraxdılar, yasa getdi.

- Amma ilk günlərdə deyil, yaxınlarının qırx mərasiminə buraxılmışdı.

- Amma buraxıldı, yasda iştirak etdi. Yaxud bir neçə başqa misal çəkə bilərəm. Konkret dediyiniz məsələylə bağlısa məlumatım yoxdur. Çox üzrlü hesab edin. Ancaq hər bir halda Allah rəhmət etsin. Bununla belə, hansısa konkret məsələni ümumiləşdirib ölkəyə şamil etmək tendensiyası düzgün deyil. Regionda gedən prosesləri nəzərdən keçirin. Bako Saakyan (Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı rejimin lideri – red.) ABŞ Konqresində qəbul edilir. Bu gün həqiqətləri dünyaya çatdırmaq Azərbaycan iqtidarı üçün çətindir, baxmayaraq ki, Avropa Parlamenti Xocalı ilə bağlı qətnamə qəbul edir, o biri tərəfdən Azərbaycana qarşı xoşagəlməz tendensiyaları müşahidə edirik.

- Sonda, bir çox ailələrin intizarla gözlədiyi bir suala da cavab verərdiniz: əfv olacaqmı?

- Mən bu məsələdə informasiya mənbəyi deyiləm. Amma hər il Novruz bayramı ərəfəsində əfv sərəncamı verilir. Təhlillər göstərir ki, böyük ehtimalla, Azərbaycan hökuməti və onun başında dayanan şəxs öz humanist siyasətini davam etdirəcək. Ancaq hansı formada, hansı tərkibdə – o sual mənə yox, başqa orqanlara ünvanlana bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG