Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 16:56

'Bu qərar Rusiya-Azərbaycan münasibətlərinə artıq xələl gətirdi...'


Səməd Seyidov
Səməd Seyidov

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən bir deputat kimi deyə bilərəm ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğvi beynəlxalq təşkilatlarda Rusiyayla bağlı mövqeyimizə də təsirini göstərəcək. Siz bilirsiz ki, biz bir çox məsələlərdə Rusiya ilə eyni mövqedən çıxış etmişik, bir-birimizi bir sıra məsələlərdə dəstəkləmişik, birgə layihələrimiz olub. Son qərar bu baxımdan Rusiya-Azərbaycan münasibətlərinə öz təsirini göstərəcək”.

Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov AzadlıqRadiosu-na belə deyir. “Hətta bu addım Rusiya-Azərbaycan münasibətlərinə artıq xələl gətirdi, xələl gətirə bilər yox, xələl gətirdi. Rusiyanın uyğun dövlət qurumları bunu nəzərə almalıdırlar”.

Buna da bax:​ Komitə: 'Bu qərar Rusiyanın tərəfsizliyinə...'

Səməd Seyidov ÜAK-ın ləğvini Rusiyanın öz vətəndaşlarına və qeyri-hökumət təşkilatlarına münasibətinin “əyani göstəricisi” kimi dəyərləndirib, “bu təşkilatın ləğvi Rusiya ədliyyə və məhkəmə sisteminin QHT-lərə münasibətidir” söyləyib.

“Rusiya bunu görmədi”

Millət vəkili Siyavuş Novruzov
Millət vəkili Siyavuş Novruzov

Mayın 16-da parlamentdəki çıxışında Siyavuş Novruzov Səməd Seyidov kimi eyni məqama diqqət çəkib: “Beynəlxalq qüvvələr Rusiyaya görə bizi dəfələrlə təzyiq qarşısında qoyublar. Amma biz heç vaxt Rusiyanın mənafeyinə zidd olacaq heç nə etməmişik. Bizim Milli Məclis bununla bağlı rəsmi mövqe ortaya qoymalıdır. Bu nə deməkdir axı? Rusiya bütün işlərini başa çatdırıb, bircə qalmışdı Ümumrusiya Azərbaycanlıları Konqresi?”

Deputat Rusiyanın buradakı mərkəzləri, rus icmalarının sənədlərinin qaydasında olub-olmaması ilə bağlı hesabat hazırlaması üçün uyğun qurumlara müraciət edəcəyini də söyləyib. Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan həmişə Rusiyanın mövqeyini dəstəkləsə də, Moskva “bunu görmədi”.

Buna da bax: 'Rus icmasının sənədlərində də çatışmazlıqlar var'

Dövlət Komitəsindən və ÜAK-dan mövqe

Bugünlərdə ölkənin gündəmində olan məsələlərdən biri Ümumrusiya Azərbaycan Konqresinin Rusiya Ali Məhkəməsi tərəfindən ləğvidir. Diasporla İş üzrə Dövlət Komitəsi bəyanat verərək bu qərarı “ədalətsizlik” kimi dəyərləndirib. Bunun arxasında Azərbaycan-Rusiya strateji tərəfdaşlığını “öz maraqlarına təhlükə kimi görən müəyyən qüvvələrin məqsədyönlü fəaliyyəti”nin dayandığını bildirib.

Dövlət Komitəsi ÜAK-ın bərpası üçün məhkəməyə müraciət olunacağını qeyd edib.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov da təşkilatın ləğviylə bağlı bəyanatda məhkəmənin qərarını qəbul etmədiklərini bildirib. Eyni zamanda ölkə prezidenti Vladimir Putinin də məsələni diqqətdə saxlamasını istəyib.

Buna da bax:​ Deputat: 'Rusiya hansısa bir yaramaz addım atdığı halda...'

Bəyanatda deyilir ki, Ədliyyə Nazirliyi “iradların hüquqi əsasının olmaması” ilə bağlı bütün yazılı dəlillərin qəbulundan imtina edib: “Bütün bunlar onu sübut edir ki, nazirliyin əsas məqsədi təşkilata səhvlərini düzəltməkdə, sənədləşmənin düzgün aparılmasında kömək etmək yox, Rusiya xalqının ayrılmaz hissəsi olan diaspor təşkilatını ləğv etmək olub. Bu isə yolverilməzdir. Bütün ittihamlar, əsaslı və əsassız olmasından asılı olmayaraq, tam texniki xarakter daşıyır və təşkilatın fundamental vəzifələri ilə əlaqəsi yoxdur”.

“Bakı lazım olduğundan çox güzəştə getdiyindən Moskva həyasızlaşır”

Siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, rəsmi Bakı Kremlə “lazım olduğundan çox güzəştə getdiyindən” qarşı tərəf “həyasızlaşır” və bu da onu daha çox tələblərdə bulunmağa təhrik edir. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan ərazi bütövlüyü və enerji daşıyıcılarının Avropaya çıxarılması məsələsi istisna olmaqla, yerdə qalan bütün məsələlərdə Rusiya ilə, az qala, “müttəfiqdir”.

Buna da bax:​ Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv edilib

Bəs Rusiyanın indi istədiyi nədir?

“Rusiya Azərbaycanın Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olmasını istəyir, bundan başqa, onun Avropa bazarlarında enerji dayşıyıcılarının təchizatçısı kimi rəqibi olmasını, Azərbaycanın enerji daşıyıcılarının Qərbə daşınmasında tranzit ölkəyə çevrilməsini istəmir. Qısaca ifadə etsək, Moskva Azərbaycanın Rusiyanın özü olmasını, müstəqil mövqeyi olmamasını istəyir. Rusiya Azərbaycanın xarici siyasətindən, xarici iqtisadi maraqlarından imtinasını istəyir. Son addım da bir növ demarşdır. Moskva Azərbaycanın siyasi rəhbərliyinə öz şəxsi münasibətini və narazılığını nümayiş etdirir”.

Buna da bax:​ 'Bu sual Azərbaycan-Rusiya münasibətlərinin əcaibliyini ortaya çıxardı'

“Bəzən ictimai rəy özünü aldada bilər”

Amma Kremlin bu istəkləri yeni deyil, nə baş verdi ki, o, Bakıya dişlərini qıcamalı oldu?

Rauf Mirqədirov bir ehtimalını bölüşür. Onun fikrincə, ola bilsin, Rusiya Azərbaycanda hərbi təmsilçiliyini bərpa etmək niyyətindədir: “Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində də ola bilər, ikitərəfli razılaşma yoluyla da. Bu gün İran ətrafında ciddi proseslər gedir. Proseslərin hara gedəcəyi bəlli deyil. ABŞ prezidenti bu ölkəyə yeni sanksiyalar tətbiq edə bilər. İndiki durumda isə Rusiyanın İrana birbaşa çıxışı yoxdur. Bu ölkənin Azərbaycanda hərbi təmsilçiliyinin bərpası isə durumu dəyişə bilər”.

Buna da bax: Lavrov: "Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil"

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov Azərbaycanın bu addıma gedəcəyi halda, müstəqilliyini itirəcəyini, bunun siyasi hakimiyyətə də əlverişli olmadığını düşünür. Hərçənd, indiki halda, işğal edilmiş Dağlıq Qarabağın qaytarılması əvəzində Rusiyanın Azərbaycanda hərbi təmsilçiliyinin bərpası fikrini “ictimai rəyə sırımaq imkanları olduğunu” da gizlətmir:

“Bəzən ictimai rəy mübarizədən imtina üçün özünü aldada da bilər, işğal edilmiş torpaqların qaytarılması əvəzində Rusiyanın bura qayıtması fikrini qəbul edə bilər. Ancaq bu halda, Azərbaycan özü müstəqil olmayacaq, müstəqilliyini itirmiş olacaq və bu, çox təhlükəlidir”.

Ötən dəfə “milyarderlər ittifaqı” yaradıldı, indi də ÜAK ləğv olundu

Buna da bax:​ Bahar Muradova: 'Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir'

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Bakıdakı politoloqlar da ÜAK-ın ləğvini siyasi qərar kimi yozur və Kremlin Azərbaycana növbəti təzyiqi hesab edirlər. Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Kreml istəsəydi, məhkəmə fərqli qərar verə bilərdi” deyir və baş verənlərin səbəbini Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumunda axtarır:

“Birincisi, Kreml TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Bu layihələrin hər biri Rusiyadan yan keçir və istər-istəməz, az da olsa, Rusiyanın regional gücünü zəiflədir. Məsələn, mayın 15-də Pekində “İpək yolu” layihəsiylə bağlı zirvə toplantısı keçirildi, həmin toplantıya Rusiya prezidenti də qatıldı. Türkiyə prezidenti Recep Tayyip Erdogan Pekindəki çıxışında qeyd etdi ki, yaxın bir neçə ayda Bakı-Tiflis-Qars dəmir yolu hazır olacaq. Bu dəmiryolunun işə düşməsi o deməkdir ki, Çindən çıxan mallar Orta Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatacaq. Halbuki, Moskva Çin mallarının Trans-Sibir dəmiryolu ilə Avropaya çatdırılmasını istəyir”.

Buna da bax:​ 'Rusiya-Azərbaycan alyansı göründüyündən daha zəifdir'

Şahinoğlunun fikrincə, ikinci səbəb Azərbaycanın “cəbhə bölgəsində işğalçı üzərində hərbi üstünlüyünü artırması” ilə bağlıdır. “Üçüncüsü, Kreml Azərbaycanda ötən prezident seçkisində olduğu kimi, bu dəfə də rəsmi Bakıya təsir yolları haqqında düşünür. Ötən dəfə prezident seçkisinə az qalmış Moskvada “milyarderlər ittifaqı” yaradıldı”, – politoloq əlavə edir.

“Azərbaycan yeni ölkələr axtarmalıdır”

Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan ilk növbədə ÜAK-ın qeydiyyatının ləğvinin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi haqqında Moskvaya mesaj göndərməlidir. Bu məqsədlə son illər Rusiyadan 5 milyard dollar civarında silah və hərbi texnika alan Azərbaycan yeni ölkələr axtarmalı, Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişinin imzalanmasına və Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmalıdır.

Buna da bax:​ Deputat: 'Rusiyanın mənafeyinə zidd heç nə etməmişik'

Məsələ sosial şəbəkələrdə də müzakirə edilməkdədir. Facebook istifadəçisi Rüfət Muradlı sual edir: “Ümumrusiya Azərbaycanlıları Konqresi rəsmi Bakıya bağlı olan diaspora qurumu idi. Onun ləğv olunması Kremlin məhz Azərbaycan iqtidarına tərs şilləsi sayıla bilər. Bəs rəsmi Bakının adekvat reaksiyası olacaqmı?!”

Rusiyada yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin-in təşəbbüsü ilə yaradılıb.

Buna da bax:

Parlamentdə 'Rusiyanın Azərbaycana təzyiqləri' söhbəti
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG