Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:26

Səməd Seyidov: 'AŞPA-nın sessiyasında birdən-birə yeni məsələ peyda olub'


S.Seyidov
S.Seyidov

«İyun sessiyasında gündəlikdə birdən-birə yeni məsələ peyda olub. O məsələ ki, artıq bağlanmışdı, müzakirə olunmuşdu. Söhbət Azərbaycandakı prezident seçkilərindən gedir. Apreldəki prezident seçkiləri iyun sessiyasının gündəliyinə daxil olunub». Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyir.

O, AzadlıqRadiosuna müsahibəsində Avropa Şurasının Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin etməsinə də münasibət bildirib. Məsələ bundadır ki, bugünlərdə AŞPA-nın büro iclasında Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edilməsi ilə bağlı qərar verilib. Məruzəçinin təyinatı AŞPA-nın yay sessiyasında gerçəkləşməlidir.

Səməd Seyidov: 'Onlar deyir: 'Budur, bunu da etməlisiniz''
Gözlə

No media source currently available

0:00 0:10:37 0:00
Direct-ə keçid

- Səməd müəllim, iyun sessiyasında Azərbaycanla bağlı bir neçə mövzu müzakirə olunmalıdır, o cümlədən də siyasi məhbus məsələsi üzrə məruzəçinin təyinatı olmalıdır. Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın yenidən məruzəçi təyin etməsini necə qarşıladınız?

- Son zamanlar Avropa Şurasında Azərbaycanla bağlı məsələlər tez-tez gündəmə gətirilir. Azərbaycan-Avropa münasibətlərində üç istiqamət mövcuddur. Birincisi təhlükəsizlikdir. Bu istiqamətdə heç bir problem yoxdur. Buna Azərbaycan əsgərlərinin Əfqanıstanda və başqa çətin bölgələrdə xidmətini misal gətirə bilərəm. Qərb də, Azərbaycan da bu əməkdaşlıqdan məmnundur. İkinci istiqamət enerji təhlükəsizliyidir. Burda da problem yoxdur, əksinə, Cənub Qaz Dəhlizi, bir neçə gün sonra işə düşəcək TANAP və TAP kimi böyük layihələri Qərb dəstəkləyir. Bir də üçüncü istiqamət var, bu da insan haqları, cəmiyyətin içərisində təhlükəsizlik məsələsidir, vətəndaş cəmiyyətinin formalaşmasıdır. Bax, bu istiqamətdə Azərbaycanla Qərb arasında baxışlar müxtəlifdir. Müxtəlif baxışların olması ciddi konfrontasiya demək deyil. Ancaq yanaşmalar fərqlidir və bəzən də çox gərgin, ciddi fikir ayrılıqlarına səbəb olur. Məsələn, İlqar Məmmədov məsələsində, Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı qərarlarında. Ondan başqa, AŞ Prosedurlar Komitəsinin Azərbaycan nümayəndə heyətinin rəhbərinə, yəni mənə sanksiyalar tətbiq etməsində, məhdudlaşdırma prosedurlarında və ya sizin dediyiniz siyasi məhbus məsələsində. Birini də deyim, iyun sessiyasında gündəlikdə birdən-birə yeni məsələ peyda olub. O məsələ ki, artıq bağlanmışdı, müzakirə olunmuşdu. Söhbət Azərbaycandakı prezident seçkilərindən gedir. Apreldəki prezident seçkiləri iyun sessiyasının birinci gününün gündəliyinə daxil olunub. Halbuki, bu məsələ gündəlikdə yox idi.

- Yəni prezident seçkiləri AŞPA-da müzakirə olunmayacaqdı?

- Zaqrebdə daimi komitənin iclasında müzakirə edilməli idi. Amma daimi komitənin gündəliyindən çıxarıb saldılar AŞPA-nın iyun sessiyasına. İndi gələk «siyasi məhbus» məsələsi üzrə məruzəçinin təyin edilməsinə. Bizim bu məsələdə mövqeyimiz belədir ki, konfrontativ məsələlərin gündəmə gətirilməsi Azərbaycan-Avropa Şurası münasibətlərinə xeyir verməz. Ona görə ki, Türkiyəyə, Belarusa qarşı bu cür addım nəticəsiz qaldı. Hesab edirəm ki, bu cür addımlar münasibətlərin yaxşı istiqamətdə inkişafına xidmət etməyəcək. Əksinə, problemləri daha da qabardacaq, kəskinləşdirəcək. Bunu dərk etmək lazımdır. Bir məsələni də dərk etmək lazımdır ki, bu, bizim haqqımızdakı hazırlanmış son məruzədən sonra Azərbaycanla bağlı bir dalğadır üstümüzə gəlir. Mən buna soyuqqanlı yanaşıram. Azərbaycanın Avropa Şurasındakı mövqeyi, apardığı siyasət yalnız bu üçüncü istiqamətlə məhdudlaşmır. Dövlətin öz mövqeyi, maraqları var. Bu cür sənədlərə veriləcək tutarlı cavabımız da var.

- Dediyinizi necə başa düşək? Azərbaycan nümayəndə heyəti siyasi məhbus məsələsi üzrə məruzəçinin təyinatına etiraz edəcək, ya bu məsələdə qarşıdurmaya getməyərək dialoq yolunu tutacaq?

- Birincisi, məruzəçinin təyinatına Hüquq komitəsi baxır. Təbii ki, Azərbaycan nümayəndə heyəti olaraq deyirəm, məsələnin bu tərzdə müzakirəsi dediyim dialoq mühitinə xidmət etmir, problemlər yaradır. Mən Avropa Şurasının yerində olsaydım, Paşinyanın (Ermənistanın yeni baş naziri – A.R.) bəyanatını götürüb gündəliyə daxil edərdim. Çox ciddi məsələdir. O bəyan edib ki, indiyədək Ermənistanda keçirilən iki seçkidən başqa qalan hamısı saxtalaşdırılıb. Onun sözlərinə görə, bunlar vətəndaşlara qarşı təzyiqlə, korrupsiya ilə müşahidə olunan, xalqın mövqeyini əks etdirməyən seçkilərdir. Mən də dərhal götürdüm Avropa Şurasının Ermənistandakı seçkilərlə bağlı bəyanatlarına baxdım. Hamısı müsbətdir. Azərbaycanda keçirilmiş və bir dəfə artıq müzakirə olunmuş, ikinci dəfə bu qurumda müzakirəyə çıxarılacaq prezident seçkilərinin əvəzinə Ermənistandakı seçkiləri, problemləri müzakirə edərdim. Bu da bir mesaj olardı ki, Avropa Şurası Ermənistanda baş verənləri daha real təhlil etmək istəyir, nəinki Azərbaycanda mövcud olmayan siyasi məhbus problemini. Görün, nə qədər adam türmələrdən siyasi məhbus kimi buraxıldı.

- Yeri gəlmişkən, sonuncu əfv sərəncamında hüquq müdafiəçilərinin siyasi məhbus kimi təqdim etdiyi cəmi 12 nəfərin adı vardı, üstəlik də, hamısının azadlığa çıxmasına çox az, hətta bəzilərinin sayılı günləri qalmışdı.

- Mən yenə deyirəm, bizim bu məsələdə, yəni üçüncü istiqamət dediyimiz sahədə Avropa Şurası ilə fikir ayrılığımız mövcuddur. Biz hesab edirik ki, Azərbaycanda sivil cəmiyyətin formalaşması, insan haqları sahəsindəki proseslər dövlətin götürdüyü öhdəliklər çərçivəsində həyata keçirilir. Avropa Şurasında bəzi qurumlar, məruzəçinin təyin olunmasının altından qol çəkənlər yenə eyni deputatlardır. Onların arxasında kim durur, gözəl bilirik.

- Azərbaycan tərəf hansı reaksiyanı verəcək siyasi məhbus üzrə məruzəçinin təyinatı məsələsində?

- Qəbul etmək istəyirlər, etsinlər, təyin etmək istəyirlər, təyin etsinlər. Amma təcrübə də göstərir ki, Türkiyə, Belarusla bağlı... Rusiyanı götürək, orda xüsusi komitə yaradılıb. O komitə iki tərəf arasında yaranmış problemlərin həlli istiqamətində axtarışdadır. Məsələnin gərginləşdirilməsi, Azərbaycana təzyiq göstərilməsi, dialoqu kənara qoymaq konstruktiv yanaşma deyil. Ona görə də Azərbaycan nümayəndə heyəti dialoqun, konstruktiv müzakirələrin, normal münasibətin tərəfdarıdır. Azərbaycan ona qarşı qəbul edilmiş qeyri-obyektiv qərardan sonra belə bəyan etdi ki, Avropa Şurası ilə konstruktiv münasibəti davam etdirəcək. Ancaq bu müsbət qərardan dərhal sonra prezident seçkilərini gündəmə gətirdilər. Buna da hazırıq. Görürlər ki, Azərbaycan konstruktiv yoldadır, məruzəçi təyin edirlər. Orda bəzi insanlar Avropa Şurasının dəyərlərini əks etdirmirlər, gərginlik yolunu seçiblər.

- Sizcə, Bakı ilə beynəlxalq qurumlar arasında mübahisə predmetinə çevrilən siyasi məhbus probleminə niyə birdəfəlik son qoymaq olmur?

- Ona görə ki, yanaşmalar fərqlidir. Siyasi məhbus məsələsinə, onun tərifinə, ona yanaşmada dövlətin, millətin mentalitetinə, götürdüyü öhdəliklərə baxışlar fərqlidir. Bu problem dialoq, masa arxasında müzakirə edilməsə, həllini tapa bilməyəcək. Onlar dialoqdan çəkinirlər. Biz təklif edirik ki, gəlin, oturaq, müzakirə edək, Azərbaycan hansı istiqamətdə inkişaf etməlidir. Amma onlar da deyir: «Budur, bunu da etməlisiniz». Biz də artıq «Budur, bunu etməlisiniz»in nəyə gətirdiyini görmüşük.

- İlqar Məmmədovla bağlı məsələ Ali Məhkəmənin Plenumunda müzakirəyə çıxarılmalı olsa da, bu baş vermədi. Vaxt bitdi, Azərbaycan bu məsələdə konstruktiv addım atmağa niyə hazır deyil?

- Mən artıq söhbətin əvvəlində buna münasibət bildirmişəm. Artıq heç nə deməyəcəm. İndisə iclasa girirəm. Sağ olun.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG