Sən demə, selfi çubuğu arada 20 il fərqlə iki dəfə icad edilibmiş. Bir zamanlar o qədər lazımsız icad hesab olunurmuş ki, pişiklər üçün tozsilən çəkələk və yaş olmadan çimmək üçün hidrofob paltarla birlikdə "101 lazımsız yapon ixtirası" adlı kitaba daxil edilibmiş.
BBC yazır ki, Yaponiyada, bundan başqa, "çindoqu" adlandırılan, bir o qədər də lazımsız olmayan əşyalar kateqoriyası da varmış. Belə əşyaların siyahısı ilə chindogu.com saytında tanış olmaq olar. "Çindoqu" yapon dilində "qəribə alətlər" deməkdir. Doğrudan da, məsələn, çamadan-skuterə necə "qəribə" deməyəsən? Sən demə, hələ Beynəlxalq Çindoqu Cəmiyyəti də var imiş.
"Uzanan çubuq"
İlk selfi çubuğu 1980-ci illərdə Hiroshi Ueda tərəfindən icad edilib. O zaman "Minolta" kamera şirkətində çalışan Ueda böyük fotoqrafiya həvəskarı idi. Hər dəfə xaricə gedəndə kamerasını da özü ilə götürür, çoxlu foto çəkirdi. Ancaq bir dəfə o, Avropa səyahətində ikən problemlə üzləşir. O özü ilə həyat yoldaşının birgə şəkillərini çəkmək istəyir, ancaq yoldan keçənlərə etibar etmirdi.
"Parisdə Luvr muzeyində bir uşaqdan bizim şəklimizi çəkməyi xahiş etdim, bir addım geri çəkilən kimi uşaq kameramı götürüb qaçdı", – o deyir.
Əlbəttə, bu problemin həllini tapmaq lazım idi. Bunun üçün "Minolta"nın mühəndisi olan Ueda-dan daha yaxşı adam tapmaq çətin olardı. O, yeni kiçik kameralarla işləyə bilən "uzanan çubuq" adlı bir əşya düzəltdi. Kameranın qarşısına da bir güzgü əlavə etdi ki, şəkil çəkən adam nə etdiyini yaxşı görə bilsin.
"Bu işin mənası o idi ki, şəkil çəkmək üçün heç kimin köməyinə arxalanmalı olmurdum. İstədiyim vaxt, istədiyim yerdə öz şəklimi çəkə bilərdim", – Ueda deyir.
Ancaq "Minolta"nın sınaq departamenti bəzi adamların, xüsusən də qadınların özlərinin şəklini çəkməyə utandıqlarını aşkar etdi. Nə qədər olmasa, o zaman bu ideya çox yeni idi. Buna baxmayaraq, "Minolta" bu ideyanı fantastik hesab edərək çubuqların istehsalına başlayır.
Çox tez gələn ixtira
1983-cü ildə patentləşdirilən bu məhsulun satışı çox da uğurlu olmur. Çəkilən şəkillərin keyfiyyəti o qədər də yaxşı olmadığı üçün "uzanan çubuq"lar pis satılır.
Ueda-nın patentinin müddəti 2003-cü ildə bitib. Bu isə ən son selfi çubuğu bumu dövründən azı on il əvvəl deməkdir. Ancaq Ueda buna fəlsəfi yanaşır: "Mənim ideyam çox erkən gəlmişdi… Mən 300-dək ideya patentləşdirmişəm. Bu, sadəcə, onlardan biridir. Biz onu "gecə saat 3" ixtirası adlandırırıq, çünki çox tez gəlmişdi".
Kral Fotoqrafiya Cəmiyyətinin baş direktoru Michael Pritchard ta 1840-cı illərdən başlanan selfi tarixini öyrənir. O deyir ki, şəkli çəkənin də fotoya daxil edilməsi ideyası yeni deyil. Bu vəzifəni yerinə yetirmək üçün alətlərdən biri kameraya daxil edilən taymer idi. Ondan istifadə zamanı kameranı tripod, yaxud başqa bir sabit cismin üzərinə yerləşdirmək, sonra dərhal qaçaraq şəkli çəkilən qrupa qoşulmaq lazım idi. Nəticələr fərqli olurdu.
Pritchard hesab edir ki, selfi çubuğunun vaxtının gəlməsi yaxın məsafədən daha yaxşı görüntülər çəkən optik imkanların yaranması ilə bağlıdır. Digər amilsə mobil telefonlara əlavə edilmiş kameraların portativ olmasıdır. Ənənəvi kameralar çubuğun ucuna yerləşdiriləcək qədər yüngül deyildi.
Çətirləri araşdırıb
Ancaq kanadalı oyuncaq və cihaz ixtiraçısı Wayne Fromm selfi çubuğunun belə populyarlıq qazanmasını bir amillə əlaqələndirir – özünün ağır zəhməti ilə.
O, "Quik Pod" adlı selfi çubuğunu 2000-ci illərin əvvəllərində yaradıb. O zaman o, Ueda-nın dizaynından xəbərsiz idi. Ancaq maraqlıdır ki, bu ideya Fromm-un da ağlına Avropa səyahəti zamanı gəlmişdi.
Avropa səyahətində Ueda-nın yaşadığı problemlə üzləşən Fromm vətənə qayıtdıqdan sonra çətir texnologiyasını araşdırmağa başlayır. "Çətirləri alıb sökürdüm. Qızım aşağı enib mənim 20 fərqli çətiri araşdırdığımı görürdü. Bəlkə də düşünürdü ki, mənim başım bir az xarabdır", – o deyir.
Fromm-un ixtirası macəralardan çəkinməyən səyahətçi üçün nəzərdə tutulduğundan qum və su keçirmir, cürbəcür maraqlı əlavələrə malik idi. Hətta qəfil telefon zənginə selfi çubuğunda cavab verməmək üçün xüsusi başlığı da var idi.
Fromm son on ilini öz məhsulunun tanıdılmasına həsr edib. O öz selfi çubuğunu ticarət yarmarkalarında, televiziya proqramlarında reklam edib. O hesab edir ki, hazırkı selfi çubuğu bumu bilavasitə onun bu zəhməti sayəsində mövcuddur.