Uzun illər bağça müdiri işləmiş Ruziyə Mahmudova həmin müddət ərzində işə gəlməyən bir çox əməkdaşın maaşını mənimsəməkdə ittiham olunur. İddiaya görə, adı bağçanın işçi siyahısında olsa da, faktiki işləməyən şəxslərin əməkhaqqı kartına köçürülən pullar nağd şəkildə R.Mahmudovaya çatıb.
R.Mahmudova 2008-ci ildən 2023-cü ilədək Şəki şəhərindəki 22 saylı körpələr evi – uşaq bağçasının müdiri vəzifəsində çalışıb. Onun barəsində açılmış cinayət işində bəhs olunan yeyinti hallarının 2012-ci ildən başladığı bildirilir.
65 yaşlı R.Mahmudova isə özünü qətiyyən təqsirli saymır. O, məhkəmədəki ifadəsində onu susdurmaq məqsədilə bu yola əl atıldığını deyib. Keçmiş müdir kimisə işə götürmək səlahiyyətinin olmadığını vurğulayıb: "Bağça müdiri kimdir ki, mənimsəmə etsin?! Mənimsəmə edənlər elə işəgötürənlərdir. Məni susdurmaq üçün bu yollara əl atıblar. Təkcə Şəki və Zaqatala rayonlarında 205 uşaq bağçası var və hamısı eyni qaydada, yəni rəhbərliyin əli ilə işləyir. Məzuniyyətə çıxanda belə rəhbərliyin xəbəri olursa, mən necə saxtakarlıq edə bilərdim?".
"Mən heç ət yemirəm, vegetarianam..."
R.Mahmudova ona qarşı qərəzli davranıldığını bildirib. Onun sözlərinə görə, əvvəlcə əmək müfəttişliyi onu işəgötürən qismində pozuntuya yol verməkdə günahlandıraraq inzibati xəta protokolu tərtib edib və 2 min manat cərimələyib: "Sonradan məhkəmə qərar çıxardı ki, mən işəgötürən deyiləm".
Keçmiş bağça müdiri əlavə edib ki, onun evinə ət və digər ərzaq məhsulları aparması barədə iddialar da tamamilə yalandır: "Mən heç ət yemirəm, vegetarianam...".
Cinayət işinin materiallarına əsasən, bağçadakı yeyinti faktları Maliyyə Nazirliyinin apardığı yoxlama nəticəsində üzə çıxıb. Nazirliyin nümayəndəsi məhkəmədə dəymiş ziyanın ödənilməsini tələb edib.
R.Mahmudova mənimsəmə və vəzifə saxtakarlığı kimi ittihamları qəbul etməsə də, işə baxan Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri şahid ifadələrindən sonra onun təqsirli olduğu qənaətinə gəliblər. O, məhkəmə prosesi zamanı iş üzrə 58 min 500 manat məbləğində ziyanı ödəyib.
Məhkəmə hökm çıxararkən təqsirləndirilən şəxsin yaşını və ziyanın ödənilməsini yüngülləşdirici hallar kimi nəzərə alıb. Noyabrın 5-də elan olunan hökmə əsasən, R.Mahmudovaya 5 il şərti cəza təyin edilib.
R.Mahmudovanın məhkəmədə "rəhbərlik" deyərkən konkret kimləri nəzərdə tutduğu aydın deyil. O, özünü kimlərin və nə səbəbə susdurmaq istədiyini də izah etməyib.
2021-ci ildə Azərbaycanda uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxarılaraq Elm və Təhsil Nazirliyinə verilib. Bölgələrdəki bağçalar regional təhsil idarələrinin nəzdində fəaliyyət göstərir. Şəki şəhərindəki 22 saylı körpələr evi də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindədir.