Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 08:56

'İTV-yə verəcək o qədər pulum yoxdur'-Namizəd


Araz Əlizadə
Araz Əlizadə

«Mənim ödənişli efirdən istifadə imkanım yoxdur», – prezidentliyə namizəd Araz Əlizadə İctimai televiziyanın (İTV) ödənişli təşviqat üçün tələb etdiyi məbləğdən danışarkən belə deyir.

İTV axşam saatlarında prezidentliyə namizədlərin bir dəqiqəlik çıxışına 3 min manat istəyir. Bunu 5 dəqiqəyə vuranda 15 min edir.

MSK-nın açıqladığı bilgilərə görə, adıçəkilən televiziyada saat 11:50-də efirə çıxmaq istəyənlər 1 saniyəyə 20, 12:30 və 14:35-də 22, 16:50-də 24, 17:30-da isə 30 manat ödəməlidir.

Saat 18:40-da efirin bir saniyəsi 35 manata təklif olunur. Ən baxımlı zamanda - saat 20:20-də efirə çıxmağın bir saniyəsinin qiyməti isə 50 manatdır. Beləliklə, prezidentliyə iddialı şəxs bir dəqiqəlik çıxışa 3 min manat ödəməlidir. Üstəlik, bura ƏDV daxil deyil.

***Buna da bax-Avropa Parlamenti prezident seçkisini müşahidə etməyəcək

İctimai Radioda isə təşviqat çıxışı, materialının yayımlanmasının saniyəsi vaxtdan asılı olaraq 7-25 manat arasında dəyişir.

Araz Əlizadə: «Pulu göyə sovurmaq fikrim yoxdur»

Qiymətləri yüksək sayan A.Əlizadə buna görə də ödənişli efirdən istifadə etməyəcəyini bildirir. O, İctimai Televiziyanın təklif etdiyi qiymətlərin baha olduğunu desə də, bunun səbəbləri haqda danışmaq istəmir: ​«Mənim televiziyadan başım bir o qədər də çıxmır. Bazar iqtisadiyyatıdır, yəqin onlar da ölçüblər-biçiblər, hesablayıblar və belə qərara gəliblər».

A.Əlizadə prezidentliyə iddialı şəxs kimi ödənişsiz efirin imkanlarından yararlanmaq niyyətindədir. O, təxminən altı saatlıq efir vaxtı olacağını və bunun ona bəs edəcəyini söyləyir.

«Mən düşünmürəm ki, ödənişli efirdən istifadə nəsə versin. Ona görə pulu belə şeylərə xərcləmək, göyə sovurmaq fikrim yoxdur. Elə o qədər çox pulum da yoxdur», – gülərək bildirir.

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc: «Əlçatımlı deyil»

Prezidentliyə başqa namizəd Zahid Oruc da qiymətlərin baha olduğunu, əlçatımlı olmadığını düşünür. O, bununla bağlı namizədlərin öz aralarında müzakirə aparacaqlarını, hətta bəlkə İctimai Televiziyanın rəhbərliyinə müraciət edə biləcəklərini də qeyd edir.

«İctimai televiziya və radionun siqnalları ölkənin ən ucqar bölgələrinə də çatır. Bu baxımdan burda çıxış etmək daha əlverişlidir, qiymətlər əlçatımlı olardısa, İTV-də çıxış etmək istərdik», – Z.Oruc izah edir.

***Buna da bax-ATƏT Azərbaycana 310 müşahidəçi göndərəcək

Ancaq o da televiziya vaxtının bahalı olduğunu «bir reallıq» kimi qəbul edir və «BBC-də bəzən bir dəqiqəyə bir milyon dollar ödənir», – deyə əlavə edir.

Prezidentliyə namizəd televiziyanın alternativsiz olmadığını da qeyd edir. Z.Oruc sosial şəbəkələrin imkanlarından yararlanacağını söyləyir.

İTV Yayım Şurasının üzvü: «Qərblə müqayisədə olduqca kiçik rəqəmlərdir»

«Azərbaycandakı reallıqları nəzərə alsaq, qiymətlər çox da yüksək görünmür», – İctimai Televiziyanın Yayım Şurasının üzvü Azər Həsrət söyləyir:

Azər Həsrət
Azər Həsrət

«Nəzərə alaq ki, söhbət prezident seçkisindən gedir. Prezident seçkiləri kimi siyasi yarışmada hər təsadüfi adam iştirak etməməlidir, «mən istəyirəm, prosesə qoşulmalıyam» iddiası ilə məsələ bitməməlidir. Prezidentliyə iddia edən şəxslər də sadəcə olaraq siyasi populyar şəxslər olmamalı, arxalarında böyük iqtisadi güclər durmalıdır. Yəni bu vəzifəni tutmağa iddialı şəxs üçün həmin qiymətlər qorxuducu olmamalıdır. Üstəlik də, Qərb ölkələri ilə müqayisədə olduqca kiçik rəqəmlərdir. Bu, Azərbaycan reallıqları ilə ayaqlaşan rəqəmlərdir».

***Buna da bax-4-cü müddətə gedən İlham Əliyev əvvəlki vədlərinə necə əməl edib [video]

Yayım Şurasının üzvü ABŞ-da seçkilərə qoşulan namizədlərin «nəhəng məbləğdə» pullar xərclədiyini vurğulayır: «Onların arxasında duranlar var və ürəklə seçkilərə girə bilirlər. Bizdə o mədəniyyət hələlik formalaşmadığından namizədlər məbləğdən narazılıq edirlər».

«400 manata mitinq keçirə bilməzsən, amma…»

Bundan başqa, A.Həsrət ayaqüstü bir hesablama apararaq daha böyük kütlələrə çıxışı olan televiziyanın namizədlərə böyük imkanlar verdiyini deyir:

«Televiziyada, tutalım, 20 saniyəlik reklam 400 manata başa gələcək, saniyəsi 20 manatdan götürəndə. Amma əhatə dairəsi 2, 3, 5 milyon insan olacaq. Halbuki, o pulla hər hansı namizəd hər hansı bölgədə tədbir keçirə bilməz, məsələn, 1000 nəfər adamın iştirakıyla mitinq keçirə bilməz. Çünki bunun yolpulu var, texniki avadanlığı, təşkilatçıların pulu var və s…».

«Qiymətlər münasib olmalıdır»

«Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri, seçki mütəxəssisi Hafiz Həsənov belə düşünür. O hesab edir ki, seçkiqabağı təşviqat kampaniyası zamanı hamı üçün əlçatımlı və bərabər şərait yaradılmalıdır, çünki bu, «ən mühüm məsələlərdən biridir». Həsənovun qənaətincə, adıçəkilən qurum real vəziyyəti nəzərə alaraq, qiymətlərə yenidən baxmalı, namizədlərin maddi imkanlarına uyğun olaraq qiymətləri aşağı salmalıdır:

Hafiz Həsənov
Hafiz Həsənov

«İndiki halda ödənişli efir üçün qoyulan bu qiymətlər, əlbəttə ki, çox yüksək qiymətlərdir. Qiymətlər cəmiyyətə, vəziyyətə uyğun, adekvat olmalıdır. Bu gün vətəndaşların maliyyə imkanları əvvəlki illərə nisbətən çox aşağıdır, həmçinin əksər namizədlərin seçkiqabağı təşviqat kampaniyasının maliyyələşdirilməsi üçün digər mənbələr də yoxdur, ianələr də yoxdur. Ona görə də əlçatımlığı hamı üçün bərabər şəraitdə təmin etmək lazımdır. Əks halda belə çıxacaq ki, bir tərəfin daha çox təşviqat aparmaq imkanı yaranacaq, digər tərəfinsə ümumiyyətlə, təşviqat apara bilməyəcəyi aydın olacaq. Bu nəzərə alınmalıdır».

Qiymətlər niyə bahadır

İctimai Televiziya fürsət varsa, qaz vurub qazan doldurmaq istəyir, ya məqsəd namizədləri əlavə efirdən məhrum etməkdir? H.Həsənovun qənaətincə, səbəb heç biri deyil.

***Buna da bax-'Seçki-2018, namizədlər': İlham Əliyev kimdir?

«Bəlkə də televiziya indiki situasiyadan çıxış edərək seçkiqabağı təbliğat, təşviqat zamanında yaxasını kənara çəkmək istəyir. Heç kəs təşviqat üçün bolluca yer ayrılmasında, sonra da bunun müəyyən problemlər yaratmasında maraqlı deyil. Hamı mümkün qədər proseslərdə səssiz yanaşma sərgiləyir. Məncə, səbəb daha çox bununla bağlıdır», – «Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri deyir.

Xatırlatma

Bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçki prezident İlham Əliyevin qərarı ilə 6 ay önə çəkilib.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 15-ə yaxın şəxsin namizədliyi irəli sürülüb. Onlardan hələlik dördünün namizədliyi qeydiyyata alınıb. Bunlar hazırkı prezident İlham Əliyev, deputatlar -namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevdir.

Bir sıra müxalif qüvvələr isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

XS
SM
MD
LG