Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:13

Cənub rayonlarında seçki söhbətləri


Prezidentliyə namizədlərin şəkilləri
Prezidentliyə namizədlərin şəkilləri

Azərbaycanda növbədənkənar prezident seçkilərinə təqribən bir həftə qalıb. Rayon mərkəzlərində və kəndlərdə olan seçki məntəqələrinin lövhələrində prezidentliyə namizədlərin şəkilləri vurulub. Seçki məntəqələrində prezident seçkisinə çağırış edən plakatlar da gözə dəyir.

Ancaq söhbət etdiyimiz seçicilər deyir ki, təbliğat-təşviqat kompaniyası sönük keçir.

«Bələdiyyə seçkiləri bundan aktiv idi»

Masallı rayonunun Təklə kənd sakini Səmədağa Həsənov vurğulayır ki, kənd özünün adi həyatını yaşayır: «Bizim kəndə 1200 seçici var. Seçki məntəqəsinin yerləşdiyi binada plakatlar vurulub. Lakin təbliğat getmir. Nə görüş olub, nə bir söz deyən var. Eşidirik ki, namizədlərin televizorda debatları olur. Aktivlik yoxdur. Bələdiyyə seçkiləri bundan aktiv idi. Çünki bələdiyyə üzvlüyünə namizəd olan hər kəs öz adamlarını səfərbərliyə alırdı. Sanki hər şey həll olunub. Mən özüm vaxtı ilə seçki komissiyasının üzvü olmuşam. Adamlarda seçkiyə maraq qalmayıb. Bizim üçün əkin-biçin daha vacibdir».

***Buna da bax-Razi Nurullayev: 'Mənlə Nizami Süleymanov arasında Himalay dağı qədər fərq var'

«İndi də yüzbaşı, onbaşı məsələsi işə düşüb»

Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev isə deyir ki, təbliğat-təşviqat kompaniyası lazimi şəkildə getməsə də, büdcə təşkilatlarında fəallıq var: «Namizədlərdən gələn olub. Büdcədən maliyyələşən təşkilatlarda işləyənləri görüşə aparırlar. İndi də yüzbaşı, onbaşı məsələsi işə düşüb. Deyirlər ki, büdcədə işləyən hər bir adam 10 nəfər səsverməyə gətirməlidir. Əvvəlki seçkilərdə bu, könülü xarakter daşıyırdı. Bu seçkidə isə tələb edirlər. Deyirlər ki, adamların kimə səs verəcəyi önəmli deyil. Kimə istəyirlər ona da səs versinlər, amma səsverməyə gəlsinlər».

Onbaşı seçkiyə 10 nəfəri gətirəcəyini üzərinə götürən şəxsə deyirlər. Rəsmi qurumlar belə halların olduğunu təsdiq etmirlər.

R.Nuriyev hesab edir ki, əslində indi ölkə yaxşı mənada qaynamalıydı: «Prezident seçkisi ölkə üçün böyük siyasi hadisədir. Ölkə qaynamalıdır. Amma belə deyil».

Elçin İbrahimli
Elçin İbrahimli

«Seçilən seçilib...»

Astara şəhər sakini Elçin İbrahimli isə seçki təəssüratlarını belə bölüşür: «Bu günə qədər namizədlərin təbliğatı ilə bağlı tədbirin keçirildiyini görməmişik. Rayona namizədlərin heç birisi gəlməyib. Plakatlar var. İndi əkin vaxtıdır. Əhalinin əsas marağı da əkinlə bağlıdır. Digər tərəfdən, səsverməyə getməyin nə əhəmiyyəti var? Seçilən seçilib...».

Cəlilabad şəhər sakini Hidayət İsmayılov da rayona prezidentliyə namizədlərin gəlmədiyini bildirir: «Prezidentliyə namizədlərdən gələn yoxdur. Seçki ilə bağlı diqqəti çəkən nə isə olmayıb...».

***Buna da bax-Azərbaycanda 'exit-poll' keçirən qurumlar nə qədər müstəqildirlər?

Adının çəkilməsini istəməyən bir seçki komissiyasının üzvü isə iddia edir ki, əhali arasında seçkiyə maraq yüksəkdir: «Kimə səs verəcəklər, bizə aidiyyəti yoxdur. Namizədlər özləri və nümayəndələri bu barədə təbliğat aparmalıdırlar. Bunun üçün hər bir şərait var. Elə bir seçici yoxdur ki, səsvermə günü ilə bağlı məlumatı olmasın. Seçici aktivliyi yüksəkdir. Gəlirlər, siyahıya baxırlar. Problem olanda həll edirik, yol göstəririk. Hamının xəbəri var».

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Ümumilikdə 8 namizəd qeydiyyatdan keçib. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bakı küçələrində növbədənkənar seçki müzakirəsi
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək, onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də seçkiyə qatılmayıblar.

Mərkəzi Seçki Komissiyasının rəhbərliyi isə bəyan edib ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Dövlət başçısı İlham Əliyev də martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edərkən vurğulayıb ki, seçkilərin demokratik, ədalətli və şəffaf olacağına, Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əmindir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG