Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:07

Razi Nurullayev: 'Mənlə Nizami Süleymanov arasında Himalay dağı qədər fərq var'


R.Nurullayev İmişlidə seçicilərlə görüşdə. 29 mart 2018

«...keçmişim şəffafdır, oğru deyiləm, həbsə düşməmişəm, fəaliyyətim göz qabağındadır, dediklərimi yerinə yetirmək üçün siyasi iradəm var».

Prezidentliyə namizəd Razi Nurullayev AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Razi bəy, Siz çıxışlarınızdan birində Azərbaycana islam əxlaqının gətirilməsindən danışdınız. Xüsusən də ailə qurmaq istəyən xanımlarla bağlı danışanda bunun üzərində durdunuz. Nəyi nəzərdə tuturdunuz?

- Bununla bağlı proqram hazırlamışıq. Azərbaycanda yetərincə fiziki məhdudiyyətli, dul qadınlar var, sosial, psixoloji problemlər ucbatından ailə qurmaqda çətinlik çəkən qadınlar var. Tutalım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində bir fond yaratmaq mümkündür. Mənəviyyat fondu və ya dini fond yaradıla bilər və dövlət bu cür vətəndaşlarla bağlı stimullaşdırıcı addımlar ata, tövsiyələr verə bilər. Fiziki məhdudiyyətli xanımın da ailə qurmaq haqqı var. Amma kimsə onu yük kimi üzərinə götürmək istəmir. Dövlət həmin əlil qadının bütün xərclərini üzərinə götürməli, evlə təmin etməlidir. Biz Avropa dəyərlərini bura gətirə bilmirik, orda insan azaddır, bizim cəmiyyətin mental xüsusiyyətləri isə fərqlidir. Biz bu halda islam əxlaqından danışırıq. Biz praktik addım atmalıyıq, vətəndaşlara kömək etməliyik və bu, islam əxlaqı çərçivəsində olmalıdır. Bunun bütün detallarını demək istəmirəm, proqram açılanda hər şey aydın olacaq. Bu həssas mövzuda hazırlıqsız ifadələr işlətmək istəmirəm.

- Siz dul xanımların da ailə qurmasına dövlətin yardım etməsini istəyirsiniz, deməli?

- Burda söhbət məcburiyyətdən getmir. Dövlətin bu məsələlərə qarışması o qədər düzgün deyil. Mən burda cəmiyyəti nəzərdə tuturam. Düşünmürəm ki, bunu hökumət etməlidir. Amma cəmiyyətdə fondlar ola bilər. Nəzir qutuları var, ianə verənlər var, insanlar var ki, kiməsə yardım etmək istəyir, Allah yolunda pul xərcləmək istəyir...

- Cəmiyyət özü bunu tənzimləyəcəksə, o zaman hökumətin işi nə olacaq?

- Mən yeni islam modelinin yaradılması haqda danışıram. Yeni islam modeli budur ki, Azərbaycanda dinə münasibəti dəyişdirməliyik. İslamın təlqin etdiyi müddəaları zamanın çağırışlarına uyğunlaşdırmalıyıq. İndi hamı islamı öz maraqlarına uyğunlaşdırmağa, öz islami dəyərlərini təqdim etməyə cəhd edir. Mən düşünürəm ki, Azərbaycan yeganə ölkədir ki, islam dəyərlərini dünyəvi və müasir çağırışlara uyğun inkişaf etdirməkdədir. Amma indi bunun üstünü də qara buludlar almağa başlayır, xaricdən təsirlər artır. Elə bir model yaratmalıyıq ki, bunu dünyaya yayaq, islam əxlaqını Azərbaycandan öyrənsinlər, hətta ailə qurmaqla bağlı islam əxlaqını bizdən öyrənsinlər. Bu, böyük proqramdır. Bəzi məqamları deyə bilmirəm deyə, fikirlərimdə qırılmalar yaranır. Ola bilsin, məni qınayanlar var, bu fikirlərimə görə məni vurmağa çalışacaqlar. Amma fikrimdə səmimiyəm. Mən bütün dünyaya örnək islam modelinin yaradılmasında maraqlıyam.

- İslamda harama, oğurluğa, rüşvətə pis baxılır, halbuki Azərbaycanda müasir dünyanın mübarizə apardığı korrupsiya, rüşvətxorluq geniş vüsət alıb. Bu halda, sizin dediyiniz kimi, Azərbaycanın islam dəyərlərini «dünyəvi və müasir çağırışlara uyğun» inkişaf etdirdiyini demək nə qədər doğrudur?

- Dediklərinizdə böyük həqiqət var. Mən islamın dünyəvi şəkildə inkişaf etməsini deyirəm. Azərbaycan islamından dünyaya, öz insanımıza, qonşularımıza təhdid yoxdur. Qalır mənəvi tərəfi. İslamın mənəvi tərəfi düzgün təlqin olunmur, ona əməl edilmir. İslam Azərbaycanda alətə çevrilib, hətta dini siyasətə pərçimləyirlər. Təqdim etdiyim model üzrə din siyasətdən ayrıdır. İstəmirəm ki, Azərbaycanda islam siyasətə qarışıb ləkələnsin. Mən islamın modernləşməsinin tərəfdarıyam.

- Nədir sizin dediyiniz islam modeli? Bir də, dünyəvi dövlət hara, din hara? Türkiyədə, İranda olanları görürsünüz.

- Təbii ki. O islam modelləri zora söykənib. Mənim dediyim model hazırda Azərbaycanda mövcud olan dünyəviliyin fövqündə durur. İslamdakı cərəyanları, modelləri aradan qaldırmaq istəyirəm. Bu insanları düşündürəcək, daha qansız, zərərsiz olacaq. 661-ci ilədək, həzrəti Əlinin öldürülməsinə qədər olan islamın, əsl islamın oturuşmasına çalışacağıq. Hər bir məsələdə «Quran»ı əsas götürməliyik. Sonradan kimsə hansısa hədislər, fətvalar əsasında cərəyan, məzhəb yaradıbsa, bu qəbuledilməzdir. İslam birliyini pozmağa yönəlib, xalqımızın milli birliyinə zərər gətirir. Məzhəblər siyasətə xidmət edib, amma bizim dediyimiz model siyasətə xidmət etməyəcək.

- Yüzillərdir şiə, sünni və başqa məzhəblər oturuşaraq özünə yer edib. Siz birdən birə bunu necə dəyişəcəksiz?

- Nə qədər ağıllı insanlar var, araşdıracaqlar, təkliflər verəcəklər, kitablar yazacaqlar. Bununla məsələ gündəmə gələcək və yavaş-yavaş tarazlıq yaranacaq.

- Sizin seçki çıxışlarınızın «populist», kütləyə hesablanmış olduğunu deyirlər. Məsələn, öz biznesini qurmaq üçün hər ailəyə 10 min manat verəcəyinizi və ya 7 ilə bütün gənc ailələri evlə təmin edəcəyinizi vəd vermisiniz. Hesablama aparmısınız bununla bağlı? Nə qədər vəsait lazımdır?

- Azərbaycanda 2 milyon 85 min ailə var. Hər ailəyə 10 min manat verdikdə toplam olaraq təxminən 28 milyard manat edir. Azərbaycanda hər il iş yerlərinin açılması üçün 2-3 milyard manat investisiya qoyulur. Onun bəzisi özünü doğrultmur. Dünya Bankından kənd təsərrüfatının inkişafı məqsədilə 30, 40, 80 milyonadək kredit alınıb. O vəsaitlər bu sahədə əsaslı dönüş yaratmayıb. Bu qədər vəsait havayı gedir. Biz bu vəsaitləri həmin 10 min manat məsələsinə yönəltmək istəyirik. Bu o demək deyil ki, mən hakimiyyətə gələn kimi hər bir ailəyə 10 min manat verilir və onlar da övladlarına cehiz alırlar, ev tikirlər. Bu məqsədlə inkişaf və məsləhət mərkəzləri yaradılacaq, xarici mütəxəssislər bura dəvət olunacaq. Bu layihə Finlandiyada, Yaponiyada, İsveçdə, ABŞ-da Luiziana ştatında gerçəkləşdirilir. Dövlət investisiya vəsaitini vətəndaşlar vasitəsilə yönəldir. 10 min manat banklara oturdulacaq, lazım olduqca o vəsait vətəndaşa veriləcək, birdən-birə dövlət büdcəsindən 28 milyard çıxmır, 2 ildə 4-5 milyard xərclənə bilər. Vətəndaşlara sahibkarlıq öyrədilir, biznes-planlar hazırlanır.

- Bu gün banklar da kredit verəndə müştəridən biznes plan tələb edir, onun əmlakını, imkanlarını araşdırır. Ancaq bununla belə, batırılan vəsaitlər olur. Sizcə, dövlətin vəsaitini də eyni aqibət gözləmirmi?

- Azərbaycanda banklar kreditləri necə verirlər, hansı «şapka»nı alırlar, kimlər xahiş edir, bəllidir. Mənsə istəyirəm ki, proses birbaşa dövlətin nəzarəti altında aparılsın, bu işə yüzlərlə xarici mütəxəssis, ekspert cəlb olunsun. Azərbaycanda banklara etibar yoxdur. Biz xarici bankların iştirakı ilə yeni bank yaradılmasını və vəsaitin ora qoyulmasını, dövlətin onun qarantı olmasını istəyirik. Orda işləyənlərin 90 faizi əcnəbilər olacaq. Azərbaycanda bu qədər vəsaiti idarə edəcək bank görmürəm.

- Çoxları sizi 1992-ci ilin prezident seçkilərində 33 faiz səs almış, əhaliyə, az qala, qızıldan dağlar vəd vermiş Nizami Süleymanovla müqayisə edir. Siz bu haqda nə düşünürsünüz?

- Allah Nizami Süleymanova rəhmət etsin. Onun fikirlərində populizmə rast gəlirdim. Ozamankı Azərbaycan fərqliydi, büdcəsiz idi, yarımcan situasiyada idi. O zaman onun «Bir ilə evlərin açarlarını ailələrə verəcəm» deməsi real deyildi. O, populizm idi. Mənim dediklərim populizm deyil. Mən demirəm ki, bunu iki ilə edəcəm. Öhdəlik götürürəm, deyirəm ki, bəzi məsələləri 5 ilə, bəzilərini 7 ilə yerinə yetirəcəm. Mənlə Nizami Süleymanov arasında Himalay dağı qədər fərq var.

- Elə indiki Azərbaycanda da vəziyyət yaxşı deyil, manat iki dəfə devalvasiyaya uğrayıb, neftdən asılı iqtisadiyyat böhranlı dövrünü yaşayır. Qeyri-neft sektorunu indi-indi qurmağa çalışırlar. Bu durumda siz 28 milyard manatı – dövlətin təxminən birillik büdcəsini ailələr arasında bölüşdürməyi təklif edirsiz.

- Artıq Azərbaycan karbohidrogen ehtiyatlarını Avropaya satıb. Ancaq o zaman bu, layihə kimi müzakirə edilirdi. Artıq Azərbaycan özünün gəlir mənbələrini müəyyən edib. Sadəcə, onu yatırıma çevirmək lazımdır. Azərbaycanın Neft Fondunda 30 milyarddan çox pul var, amma Azərbaycan bunun, sadəcə, faizini götürür və s. Onu real sahələrə yatırıb 3-4 dəfə artıq pul qazanmaq olar.

- Özünüzü seçicinin yerinə qoysanız, hansı xüsusiyyətlərinizə görə o, başqa namizədlərə yox, Sizə səs verməlidir?

- Bayaqdan dediklərimi həyata keçirmək arzum var. Keçmişim şəffafdır, oğru deyiləm, həbsə düşməmişəm, fəaliyyətim göz qabağındadır, dediklərimi yerinə yetirmək üçün siyasi iradəm var, xarici təcrübəyə əsaslanmağa meylim var. Dövlət maraqlarını şəxsi maraqlardan üstün tuturam. Mənim çıxışlarım fərqlidir. Neçə ildir Azərbaycanda prezident seçkiləri sönük, mənasız keçirdi, ancaq tənqid üzərində qurulurdu. Mən seçkilərə Avropa dəyərlərini gətirdim. Avropada namizədlər proqramlarını açıqlayırlarsa, Azərbaycanda namizədlər hakimiyyəti tənqid edirlər. Əli Kərimli (AXCP sədri – müəllif) namizəd olsaydı, indiki hakimiyyəti tənqid edəcəkdi.

- Sizcə, hakimiyyəti tənqid etmək olmaz?

- Tənqid olmalıdır. 30 ildir tənqid etmişik, nəticə olmadı. Mən İmişlidə seçicilərlə görüşdə özümü unutdum, az qala, inqilabi çıxış etdim. Edək, camaata xoş gələcək, əl çalacaqlar. Ürəyindən keçəni deyəndə mənəvi təskinlik tapacaq. Sabah oyananda isə iş yeri tapmayacaq. Mənim hakimiyyəti tənqid etməyim nəyə lazımdır? Onsuz da tənqidçilərin sayı-hesabı yoxdur. Mən konstruktiv, yumşaq siyasət yolunu tuturam. Mən seçilməsəm, ən azından, danışıqlar üçün körpüm qalacaq.

- Yəni Siz yeni seçiləcək prezidentin sizinlə dialoq aparacağına inanırsınız?

- Biz bu danışıqlara nail olmalıyıq. Başqa yolumuz yoxdur. Həmişə siyasi dialoqun tərəfdarı olmuşuq, elə ənənəvi müxalifət də. Ancaq tələb nə olub? Seçki Məcəlləsi dəyişdirilsin, Konstitusiya dəyişdirilsin. Bir aralar da istefa məsələsi gündəmdə idi: «Siz istefa verin, biz gələk». Sizcə, hakimiyyət buna gedərmi? Hətta mənim əlimə keçəcək sehrli çubuq da hakimiyyəti bu məsələlər haqda danışmağa vadar edə bilməz. Ona görə də yumşaq məsələlərdən, sosial məsələlərdən başlamaq lazımdır, sonra siyasi dialoqa keçə bilərik. Hakimiyyətlə güc müstəvisində mübarizəyə imkanımız yoxdur.

- Sizcə, potensialınız nə qədər yetərlidir ki, (indiki prezident) İlham Əliyev və ya yeni seçiləcək hər hansı prezident sizinlə hesablaşsın?

- Mən intellektimə, biliyimə, bacarığıma, siyasi qabiliyyətimə, komandama inanıram. Azərbaycan xalqının da sürətlə fikrinin dəyişməsinin fərqindəyəm. Xalq əvvəlki kimi idarə olunmaq istəmir, yuxarılar da əvvəlki kimi idarə etmək. Onun üçün hakimiyyət siyasətinə dəyişiklik etməlidir, dialoqa getmək istəyəcək. Cəmiyyətdən də basqı var. Bilirəm ki, bu hesablaşma olacaq.

- Nə qədər səs almağı düşünürsüz?

- Bunu kənardan deyə bilərlər, mən deyə bilmərəm. Vətəndaşlar səsverməyə gəlsələr, seçkilər azad, şəffaf sayılarsa, hesab edirəm ki, qalib olmasam da, seçkinin ikinci turu da mümkün ola bilər.

- İndiyədək seçkiyə qatılan namizədlər iddia edirlər ki, xalqın səsini alsalar da, seçki komissiyaları hakim partiyanın nəzarəti altında olduğundan bunu isbatlaya bilməyiblər. Sizcə, seçki komissiyaları dəyişmədən istədiyiniz səsi ala biləcəksinizmi?

- Mənim üçün siyasət real olanı həyata keçirməkdir. Mən real olandan divident almağa çalışıram. Xalqa deyirəm ki, səs versin, arxasında dayansın. Mən demirəm ki, arxamda ordum var, yüz min xüsusi təlim keçmiş müşahidəçim var, demirəm ki, arxamda beynəlxalq təşkilatlar var, seçki məntəqələrini mühasirəyə alacağıq. Bu gücüm də yoxdur. Mən seçki məntəqələrinə gedirəm, yaxşı da qarşılayırlar, çay qoyurlar, and-aman edirlər ki, səsverməylə bağlı heç bir göstəriş almayıblar, seçki şəffaf, azad olacaq, hətta «Razi bəy, siz xalqın səsini alın» deyirlər. Hətta mənə səs verəcəklərini deyənlər var.

- Siz deyilənlərə inanırsınız? Axı, siz də bilirsiniz, əksər müşahidəçilər də deyir ki, hər şey səsvermə günü həll olunur, «karusel»lər də, topa bülletenlərin atılması da, saxtalaşdırma da. Hər halda ötən illərin təcrübəsi, müşahidəçilərin dedikləri, beynəlxalq qurumların hesabatları da bunu göstərir.

- Reallığı çox gözəl bilirəm. Ancaq bu əsas vermir deyəm ki, qutuya topa bülleten atılacaq, mən seçkiyə getməyim. İnamla gedirəm. O qədər dövlət quşları olub ki. Bilmək olmaz o səkkiz namizəddən kimin başına qonacaq. Reallıq bir dəqiqədə də dəyişə bilər. Bəlkə də İlham Əliyev seçkilərin keçirilməsi ilə bağlı gözləmədiyimiz iradəni ortaya qoyacaq.

XS
SM
MD
LG