Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018

İlham Əliyev - 86%

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.

Səsvermənin gedişini və bütövlükdə seçki prosesində baş verən vacib hadisələri dəqiqəbədəqiqə burada izlə.

20:57 11.4.2018

MSK: 'Seçki fəallığı 74,51 faiz olub'

Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı ilə bağlı ilkin yekun nəticə açıqlanıb.Səsvermə saat 19:00-da başa çatıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19:00-a qədər 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib.

Onun vurğulamasına görə, seçkidə 74,51 faiz seçici iştirak edib.

20:24 11.4.2018

‘Exit-poll’un nəticələri açıqlanıb

Prezident seçkilərində “exit-poll” keçirdiklərini bildirilən qurumlar nəticələri açıqlayıblar.

118 seçki dairəsinin 300 seçki məntəqəsində “exit-poll” keçirdiyini deyən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin açıqladığı nəticələrə görə, seçicilərin 82,71 faizi hazırkı prezident İlham Əliyevə səs verib.

ELS-in məlumatına görə, namizədlərdən Qüdrət Həsənquliyev 4,23, Sərdar Cəlaloglun 3,56, Zahid Oruc 3,37, Hafiz Hacıyev 2,1, Araz Əlizadə 1,87, Fərəc Quliyev isə 1,33 faiz səs qazanıb.

Ən az səsi Razi Nurullayevin topladığı bildirilir - 0,92 faiz

Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə keçirdiyi “exit-poll”un nəticələrinə görə də lider hazırkı prezident İlham Əliyevdir.

Nəticəyə görə, rəyi soruşulanların 86,53 faizi səsini İ.Əliyevə verdiyini bildirib.

Qüdrət Həsənquliyev 3,10, Araz Əlizadə 1,21, Hafiz Hacıyev 1,73, Fərəc Quliyev 1,03, Sərdar Cəlaloğlu 2,81, Zahid Oruc 2,92 faiz səs toplayıb.

Razi Nurullayev ən az, 0,67 faiz səs alıb.

Bundan başqa daha iki “exit-poll”un da keçirildiyi açıqlanıb.

ABŞ-ın "Artur J.Finkelstein and Associates” (AJF) təşkilatının yerli Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə keçirdiyi "exit-poll"un qalibi də İlham Əliyev olub.

Nəticəyə görə, "exit-poll"a qatılanların 85,57 faizi səslərini ona verdiklərini bildiriblər.

Qüdrət Həsənquliyevin 2.96, Zahid Orucun 2.92, Sərdar Cəlaloğlunun 2.48 faiz səs aldığı bildirilir.

"Exit-poll"un nəticələrinə görə, habelə, Hafiz Hacıyev 1.76, Araz Əlizadə 1.42, Fərəc Quliyev 1.52, Razi Nurullayev isə 1.37 faiz səs qazanıb.

"Rəy" Monitorinq Mərkəzinin açıqladığı nəticələrə görə, isə “exit-poll”da iştirak edənlərin 84,49 faizi İlham Əliyevi seçib.

İkinci pillədə Qüdrət Həsənquliyev gəlir - 3.72 faiz. Daha sonra Zahid Oruc 3.21 faiz səs toplayıb.

Seçicilərin habelə 3,04 faizi Sərdar Cəlaloğlunu, 1.65 faizi Araz Əlizadəni , 1,57 faizi Hafiz Hacıyevi seçib. Fərəc Quliyevə seçicilərin 1.46, Razi Nurullayevə isə 0.86 faizinin səs verdiyi açıqlanıb.

19:08 11.4.2018

Səsvermə bitib

Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Səsvermə saat 19.00-da yekunlaşıb.

Artıq səslərin sayılmasına başlanıb. Qnunvericiliyə görə, saat 19.00-dan məntəqələrin qapısı bağlanmalıdır.

MSK sədri M.Pənahov bildirmişdi ki, səsvermə prosesini izləmək istəyən media təmsilçilərinə şərait yaradılcaq.

18:22 11.4.2018

Komissiya sədri: 'Bu, gül kimi seçkimizi…’

79 saylı İmişli və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə ümumilikdə 11 məntəqəyə veb-kamera quraşdırıldığı bildirilir.

Bölgədən verilən məlumata görə, veb-kameraların quraşdırıldığı məntəqələrdə seçici fəallığı daha yüksək olub.

AzadlıqRadipsuna danışan müstəqil müşahidəçilər deyiblər ki, yerli icra məmurları təhsil, mədəniyyət və səhiyyə işçilərindən ibarət 10 nəfərlik qruplar yaradaraq onların belə məntəqələrdə səs verməyə gətirilməsini təşkil ediblər.

80 saylı İmişli-Beyləqan seçki dairəsinin sədri Hafiz Əliyev isə bildirib ki, seçicilərin qrup halında bir neçə məntəqədə səs verməyə gətirilməsi ilə bağlı məlumatlar yanlışdır:

“Bu, gül kimi seçkimizi gözdən salmaq istəyən təxribatçıların uydyrmasidir. Bizə bu məzmunda şikayət daxil olmayıb."

‘Əvvəlki seçkilərlə müqayisədə fərq hiss etmədim’

“Bu dəfə ötən seçkilərdən ciddi fərq görmədim. Sadəcə, seçkinin əvvəlki mərhələsi kimi, bu mərhələsi də sakit, səssiz keçdi. Kənardan müşahidə etdiyim məntəqələrdə geniş seçici kütləsi, seçici fəallığı görmədim. Ona görə əvvəlki seçkilərlə müqayisədə ciddi fərq hiss etmədim”, – seçki məsələləri üzrə mütəxəssis Hafiz Həsənov AzadlıqRadiosu-na səsvermənin gedişi haqda danışarkən deyir.

Bu dəfəki seçkilərdə də müşahidəçilər, KİV nümayəndələri, əsasən, “karusel”lərdən, məntəqələrdəki boş qutulara atılan topa bülletenlərdən danışırdılar. Məsələn, MSK-nın quraşdırdığı kameralarda müşahidə zamanı 15 saylı dairə seçki komissiyasındakı 9 saylı məntəqədə qutuya topa bülleten atıldığı görünür. Və ya 57 saylı DSK-nın 2 saylı məntəqəsində kameranın önü kağızla bağlanır. Misalları uzatmaq da olar...

Hafiz Həsənov isə qanunun təksə səsvermə məntəqələrində deyil, sosial şəbəkələrdə də pozulduğunu vurğulayır: “Bu gün mən sosial şəbəkələrdə qanunun ən adi tələblərinin pozulduğuna şahid oldum. Məsələn, kimsə səs verdiyi bülletenləri işarələnmiş şəkildə, açıq formada sosial şəbəkələrdə fotosunu yayır. Böyük həvəslə kimə səs verdiklərini elan edir. Bu gizliliyə, səsvermənin prinsiplərinə ziddir. Yaxud da hansısa namizədin təşviqatı aparılır”.

Seçki mütəxəssisi hesab edir ki, qanun pozuntuları ilə bağlı səlahiyyətli qurumlara mütləq müraciətlər edilməlidir:

“Mənfi hal kimi bunu qeyd edərdim ki, pozuntularla bağlı şikayət, müraciət yoxdur. Bu da seçki iştirakçılarından asılıdır. Ciddi alternativ olmayanda bu, müşahidə olunan haldır. Sosial şəbəkələrdə, KİV-də pozuntularla bağlı fotolar, videolar var. Amma bunlarla bağlı müraciət edilməlidir. Xüsusən də prokurorluğa, məhkəmələrə, eyni zamanda MSK-ya müraciət edilməlidir. Müraciət olsa da, olmasa da, MSK özü bu pozuntulara reaksiya verə bilər. Qanun imkan yaradır ki, MSK öz təşəbbüsü ilə bu pozuntularla bağlı araşdırma aparsın”.

MSK isə bu yöndə araşdırmaya meylli görünmür, hətta pozuntularla bağlı deyilənləri rədd edir. Qurumun açıqlamasında deyilir ki, səsvermə prosesi “qanunvericiliyin tələblərinə uyğun” keçib, qanun pozuntusu ilə bağlı onlara heç bir rəsmi məlumat daxil olmayıb.

Açıqlamada bu da qeyd olunur: “Sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr tərəfindən həqiqətə uyğun olmayan, heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır”.

Davamı

XS
SM
MD
LG