Aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkisinin imzatoplama mərhələsi martın 12-də başa çatır.
Proses sakit keçir və təzyiqlə bağlı hər hansı şikayət eşidilmir.
Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məluma görə, 15-ə yaxın şəxs prezidentliyə namizədliyini verib, hələlik, onlardan 7 nəfəri qeydiyyata alınıb. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə kampaniya zamanı hər hansı iddiaçı yerli icra strukturlarının və polisin müdaxilələrinə rastlaşdıqları haqda açıqlama yaymayıblar.
Buna da bax: Yeddi oldular…
“Deməli, imzatoplama prosesi normal keçirilib”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının (AVCİYA) rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, bu məsələnin səbəbini namizədlərin özləri daha yaxşı bilərlər.
O, bildirib ki, hər hansı maneçilik yaradılanda onların təşkilatı qeydə alır:
“Əgər ötən əsrin 90-cı illərində olduğu kimi maneçilik yaradılmayıbsa, namizəd olmaq istəyənlər hansı iddiada buluna bilərlər ki? Deməli, imzatoplama prosesi normal keçirilib”.
“Polis, yaxud yerli icra strukturlar maneəçilik yaratmır, yoxsa buna ehtiyac yaranmır? Çünki, bəzi ekspertlər deyir ki, gerçək müxalifətin seçkiyə qatılmaması səbəbindən proses sakit keçir. Bu fikrə münasibətiniz” sualına isə M.Zülfüqarlı belə cavab verib:
“Bu prosesdə iki tərəf var: imzatoplayan və imza verən. Əgər hər iki tərəf susursa, deməli, heç bir problem yaradılmayıb. Gerçək müxalifət anlayışının özü mübahisəlidir. Seçkiyə qatılan müxalifətçilərin özü bu məsələyə daha aydın cavab verə bilərlər. Həm də biz onlara deyə bilmərik ki, sən əsl müxalifətçisən, yoxsa kənarda qalan? Bütün hallarda suala tərəflər daha dəqiq cavab verə bilərlər. Məsələn, seçki günü biz müşahidəçilərimizə zəng edib iki sual verəcəyik: qanun pozuntusu varmı? İkinci, seçici fəallığı hansı səviyyədədir? Biz müşahidəçilərimizi məcbur edə bilmərik axı, mütləq qanun pozuntusu tapın”.
Buna da bax: Milli Şura və Müsavat birgə mitinq keçirdi [video, foto]
Məhərrəm Zülfüqarlı hesab edir ki, seçki mühiti qarşıdurmasız davam edirsə, bunun özü nəticədir və belə gedişata sevinmək lazımdır.
“İki ehtimal var...”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə düşünür ki, problemlə üzləşiblərsə, namizədlər şikayət etməlidir:
“Görünür, onlar imzatoplama zamanı hər hansı çətinliklə üzləşməyiblər. Əlbəttə, bu sakitlik əvvəlki seçkilərlə müqayisədə bir qədər qəribə görünür. İlk dəfə belə situasiya ilə qarşılaşırıq. Ötən seçkilərdə müxalifəti təmsil edən namizədlərdən Cəmil Həsənlinin tərəfdarları imzatoplama zamanı maneçiliklərlə qarşılaşmışdılar. İki ehtimal var: hazırkı namizədlər mövcud hakimiyyət üçün ciddi rəqib sayılmırlar, onlarla bağlı hər hansı narahatlıq yoxdur. İkinci məqam odur ki, yerli icra strukturlarına prosesə qatılmamaq tapşırığı verilib. Doğrusu, şərh verməkdə çətinlik çəkirəm. Bəlkə namizəd olmaq istəyənlər pozuntularla üzləşirlər, ancaq ictimaiyyətə bunları açıqlamağa çəkinirlər?”.
Bəs ekspertlər ATƏT-nin Müşahidə Missiyasının fəaliyyətindən nə gözləyirlər?
Məhərrəm Zülfüqarlı deyib ki, seçkini müşahidə edəcək ATƏT-in Müşahidə Missiyasının nümayəndələri ilə görüşdə bəzi iradlarını çatdırıb.
O, deməsinə görə, bildirib ki, adətən, bu qurum müşahidəyə dövlətlərin xarici işlər nazirliklərinin aşağı ranqlı işçilərini gətirirlər:
Buna da bax: Fəvvarələr meydanında 'Azad seçki' şüarı səsləndirilib [Video]
“Mən onlarla görüşdə iradımı bildirdim ki, normal müşahidə etmək üçün xalqın seçdiyi deputatları müşahidəyə cəlb etsinlər, nəinki məmurları. Qarşı tərəf cavab verdi ki, əvvəllər müşahidə prosesinə deputatları da cəlb ediblər, amma indi məmurlardan istifadə edirlər. Məsələ ondadır ki, Xarici İşlər Nazirliyinin məmuru seçkini müşahidə edirsə, həmin dövlətin mənafeyindən çıxış edir, nəinki obyektiv müşahidə aparır”.
Anar Məmmədli isə deyib ki, ATƏT-nin Müşahidə Missiyasından əvvəlki seçkilərdəki fəaliyyətlərindən fərqli bir şey gözləmir:
“Müşahidə Bürosu daim beynəlxalq ekspertlərdən ibarət qrup kimi fəaliyyət göstərir. Onların işi gəlib seçkinin bütün aspektləri üzrə vəziyyəti qiymətləndirməkdir. Sonda isə tövsiyələr hazırlamaqdır. 1995-ci ildən belə tövsiyələr hazırlanır. Təəssüf ki, hakimiyyət tövsiyələrin icrası ilə bağlı heç bir addım atmır. 11 aprel növbədənkənar seçkilərində də fərqli bir şey gözləmirəm. Rəylərini və tövsiyələrini verib gedəcəklər. Tövsiyələrin icra olunmadığına görə, ATƏT-i qınamaq olmaz. Çünki bu qurum 56 ölkənin birliyidir, bunların arasında qeyri-demokratik və demokratik olanlar da var. Biz daha çox ATƏT standartlarının və tövsiyələrinin Azərbaycanda icra olunmadığına görə, demokratik dünya dövlətlərini qınaya bilərik. Məsələn, niyə onlar tövsiyələrin icrası ilə bağlı rəsmi Bakıya təzyiqlər göstərib ciddi siyasi təşəbbüslərdə iştirak etmirlər? Bu suallara həmin dövlətlər cavab verməlidirlər”.
Buna da bax: Avropa Parlamenti prezident seçkisini müşahidə etməyəcək
Xatırlatma
Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.
Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.
Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib. Eyni sözləri MSK sədri Məzahir Pənahov da dilə gətirib.