Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:01

Siyavuş Novruzovun istehza etdiyi Schulz Almaniya kansleri ola bilər


Martin Schulz
Martin Schulz

Britaniya mətbuatı son günlər Avropa Parlamentinin keçmiş prezidenti Martin Schulz barədə materialları tez-tez dərc edir.

Bunun öz səbəbləri var. Qatı avropayönlü siyasətçi cənab Schulze Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı – Brexit-lə əlaqədar tənqidlər səsləndirib.

Britaniya hökuməti “Avropadan boşanma” prosesində masanın başında oturacağı gözlənilən Almaniyaya belə bir şəxsin rəhbərlik edə biləcəyindən narahatdır.

London iki qadının - Angela Merkel (sağda) və Theresa May-in daha asan dil tapacağına inanır
London iki qadının - Angela Merkel (sağda) və Theresa May-in daha asan dil tapacağına inanır

London iki qadının, baş nazir Theresa May və Angela Merkelin daha rahat dil tapa biləcəyinə və danışıqların Birləşmiş Krallıq üçün bəlkə də sərfəli olacağına ümid bəsləyir.

Brexit danışıqlarına mart ayında start veriləcəyi gözlənilsə də, danışıqlar hətta 2021-ci ilədək uzana bilər.

The İndependent” yazır ki, Brexit danışıqlarınadək Angela Merkelin artıq kansler olmayacağı şansları xeyli artıb.

Buna səbəb ağır çəkili sosial-demokrat Martin Schulz-un Almaniyanın siyasi həyatına qayıtmasıdır.

Məqalədə deyilir ki, son sorğulara görə az əvvəl Avropa Parlamentinə başçılıq etmiş Schulz mərkəz-solçu sosial-demokratlarla (SPD) Angela Merkelein xristian demokratları (CDU) arasındakı populyarlıq fərqini xeyli azaldıb.

Şanslar real görünür

Cənab Schulz Britaniyanın Avropa İttifaqından ayrılmasını ən kəskin sözlərlə tənqid etmiş və Britaniyanın hakim Mühafizəkar Partiyasını “şəxsi ambisiyalara görə özlərindən sonra zibil qalağı buraxmaqda” ittiham etmişdi.

O demişdi ki, London danışıqlarda Britaniya vətəndaşlarının haqlarını müdafiə etdiyi kimi, Brüssel də Avropa insanlarını müdafiə etməlidir.

Cənab Schulz-un hakimiyyətə yolunu açan həm də SPD-nin indiki rəhbəri Sigmar Gabriel-in partiya liderliyindən getmək qərarı olub. O öz yerinə daha böyük populyarlığı və təcrübəsi olan Martin Schulz-u məsləhət görüb.

Almaniyanın ARD telekanalı tərəfindən aparılmış rəy sorğusuna görə Merkellə Schulz arasında reytinq fərqi hazırda 43-36 faiz nisbətindədir. Haklbuki Merkelin Gabriel-lə reytinq fərqi 57-19 idi.

“The İndependent” yazır ki, xanım Merkelin kanslerlikdən məhrum edilməsi üçün SPD-nin hakim CDU-dan çox səs toplaması həlledici deyil, çünki sosial-demokratların Bundestaqda koalisya yaratmaq imkanları daha genişdir.

Vəziyyəti ağırlaşdıran həm də millətçi “Almaniya üçün Alternativ” partiyasının yüksəlişidir. Bu partiya həm CDU-dan, həm də SPD-dən məyus olan elektoratın hesabına güclənib.

Yaxın sahillərdə?

Azərbaycanda iqtidaryönlü medianın xəbərlərindən hiss olunur ki, Martin Schulz-un mümkün kanslerliyi Bakını da London qədər narahat edə bilər.

Siyavuş Novruzov - Martin Sculz-un sərt tənqidçisi
Siyavuş Novruzov - Martin Sculz-un sərt tənqidçisi

Martin Schulz Avropa Parlamentinin rəhbəri kimi siyasi məhbuslar və insan haqlarının pozulmasına görə rəsmi Bakını ən sərt tənqid edən və Azərbaycan rəsmiləri tərəfindən ən sərt ittiham olunan siyasətçilərdən idi.

Azərbaycanda Martin Schulz-u ən ağır şəkildə ittiham edənlərdən biri də hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov olmuşdu.

O Milli Məclisin 2015-ci il, 29 may tarixli sessiyasında Avropa Parlamentinin rəhbərini “Uzaq sahillərdə” filminin nasist obrazlarından birinə bənzətmişdi.

“Schulz deyiləndə nədənsə yadıma “Uzaq sahillərdə” filmi düşdü. Orada Schulz-un baxışları var ha (gülür)… Nə isə çox dərinə getmək istəmirəm…” – demişdi millət vəkili.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG