Keçid linkləri

Təcili xəbərlər
2019, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:21

Sayt rəhbərinə 5 il 6 ay həbs cəzası kəsildi


İ.Rəhimov

Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimova 5 il 6 ay həbs cəzası kəsilib. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. İ.Rəhimov CM-in 182-ci maddəsi ilə - rəhbərlik etdiyi saytda müxtəlif adamlar haqqında onları rüsvay edən materiallar yaymaqla hədələyib, pul almaqda təqsirli bilinib.

Lakin o, özünü təqsirli bilmir. Hökmdən öncə məhkəmədə son sözündə də deyib ki, bu gün həbsdə olmasının səbəbi cinayət törətməsi yox, prezidentin köməkçisi Əli Həsənov və adamlarının maraqlarına toxunması, dövlət büdcəsindən mediaya ayrılan pulların mənimsənilməsi barədə araşdırma yazılarıdır: «Təsadüfi deyil ki, 26 oktyabrda realliq.info saytında «Əli Həsənova açıq məktub - özümü sizin yerinizə qoya bilmədim» başlıqlı yazıdan dörd saat sonra həbs olundum».

İ.Rəhimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunub. İttihamda yazılıb ki, o, saytda tabeliyində olan şəxslərlə birlikdə realliq.info və başqa reket saytlar yaradıb. Həmin portallarda müxtəlif adamlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, onlardan pul alıb. Hədələnən adamların sonradan DTX-ya şikayət etdiyi və bunun əsasında əməliyyat keçirildiyi bildirilir.

Amma İ.Rəhimov ittihamı rədd edir və prezidentin köməkçisi Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşovun sifarişi ilə həbs olunduğunu iddia edir. O, həbsindən öncə «Turan» informasiya agentliyinə izlənməsi barədə açıqlama verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG