Son zamanlar «saxta xəbər» (fake news) ifadəsini tez-tez eşidirik. Hətta Britaniyanın ən iri lüğət nəşriyyatlarından biri olan «Collins Dictionary» bu ay «fake news»u 2017-ci ilin söz birləşməsi adlandırıb.
Bəs xəbəri necə oxuyaq ki, aldanmayaq, doğrunu yalandan ayıra bilək? CurrentTime.TV bununla bağlı yeddi qaydadan ibarət tövsiyə dərc edib.
1-ci qayda: Azacıq da olsa, şübhələndiyiniz hər şeyi yoxlayın
Jurnalist, bloqqer və aparıcıların yazdığı və dediyi hər şeyə şübhə ilə yanaşın. Əgər başlıq şübhəli dərəcədə hay-küylüdürsə, yaxud o dərəcədə gözəl və ya dəhşətlidir ki, doğru olmamaq ehtimalı böyükdür, çox güman ki, yanılmırsınız. Rəqəmləri, sitatların dəqiqliyini, ekspertlərin bioqrafiyasını yoxlayın. Bəzən ekspert adıyla təsadüfi adamların rəyi soruşulur.
Bunun ən asan yolu verilmiş keçidlə ilkin mənbəyə keçib hər şeyi diqqətlə öyrənməkdir. İlkin mənbənin yazıldığı dili anlamayanlar «Google Translate» xidmətindən və ya buna bənzər xidmətlərdən yararlana bilərlər.
Faktları yoxlamaq üçün fərqli, bir-birinə bağlı olmayan mənbələrdəki xəbərlərə baxın.
2-ci qayda: Həmişə ilkin mənbəyi axtarın, o göstərilməyibsə, şübhələnməyə dəyər
Əgər ilkin mənbəyə istinad edilməyibsə, (məsələn, ««Reuters» xəbər verir ki,...»), baxdığınız nəşrsə dünya və ya ölkə səviyyəli KİV deyilsə, şəbhələnməyə əsas var. Bəzən kiçik media qurumları və ya özəl şəxslər ciddi araşdırmalar aparırlar, ancaq onları daha diqqətlə yoxlamaq lazımdır. Əgər qeyddə kiminsə bloquna, Facebook-una, Twitter-inə, yaxud rəsmi saytına istinad olunursa, bunu yoxlamağa tənbəllik etməyin.
Hadisə son 1-1.5 saat ərzində baş veribsə, ancaq hadisə yerindən foto və ya video yoxdursa, bu da yaxşı əlamət deyil. Müəyyən xəbərlərlə bağlı fotoların olmaması başa düşüləndir. Ancaq xəbər, məsələn, «günün günorta çağı kütləvi etirazlar» haqdadırsa, bunun görüntülü sübutları olmalıdır.
İdeal halda, bu hadisə haqda məlumatı bir-birindən asılı olmayan iki müxtəlif mənbə verməlidir.
Bəzi mühüm xəbərləri nəşrlər öz anonim mənbələrinə istinadən verirlər. Oxucunun bunu yoxlaya bilməsi qeyri-mümkündür. Bu halda nəşrin nüfuzuna diqqət yetirmək vacibdir.
Çox zaman media qurumları rəqiblərinin ən səs-küylü eksklüziv materiallarını yoxlamağa çalışır. Bir neçə saat gözləsəniz, xəbərin təsdiqini, yaxud inkarını görəcəksiniz.
3-cü qayda: Münaqişənin hər iki (və ya bütün) tərəfinin mövqeyini əks etdirən xəbərləri oxuyun
Münaqişənin (bu, məhkəmə çəkişməsi də ola bilər, ictimai mübahisə və ya müharibə də) müxtəlif tərəfləri özlərini daha yaxşı çalarda göstərməyə çalışırlar.
Bəzi media qurumları hər hansı səbəbdən tərəflərdən birinə rəğbət bəsləyir. Yalnız bütün tərəflərin mövqeyini əks etdirən materiallarla tanış olmaqla baş verənlər haqda nəticə çıxarmaq olar.
4-cü qayda: Başlıq çox səs-küylüdürsə, ehtiyat edin
Başlıq çox qabarıqdırsa, üstəlik, bir hissəsi baş hərflərlə yazılıbsa, (məsələn, «EKSKLÜZİV VİDEO: prezident BMT-də hamını şoka saldı»), bu, şübhə üçün ciddi əsasdır.
Nüfuzlu media qurumları nadir hallarda belə edirlər. Bunu daha çox kliklərdən pul qazanmağa çalışan saytlar edir.
5-ci qayda: Sitatları yaxşı-yaxşı yoxlayın
Çox zaman məmur və ictimai şəxslərdən sitatlar səthi və yarımçıq gətirilir. Fikirlər dəyişdirilir, yaxud kontekstdən çıxarılır. Xüsusən də audioyazısı olmayan, həddindən artıq sensasion və qəribə bəyanatlara şübhə ilə yanaşmaq lazımdır.
Əlbəttə, rəsmi mənbədə – prezidentin, hökumətin, qurumun və ya şirkətin rəsmi saytında yerləşdirilmiş sitatlara etibar etmək olar.
6-cı qayda: Xəbər mənbələrindən baş çıxarın
Hər nəşrin öz redaksiya siyasəti, qaydaları, yanaşması və maraqları var. Bunlar çox zaman həmin media qurumlarının sahiblərinin maraqlarından asılı olur. Bütün bu amillər onların materiallarında özünü göstərəcək.
İnternetdə heç vaxt görmədiyiniz xəbər mənbəyi rastınıza çıxıbsa, onun kimin maraqlarını təmsil edə biləcəyini öyrənməyə çalışın.
Saytın əsas rəqiblərini tapa bilsəniz, onların həmin mövzuda nə yazdığına baxın. Müəllif göstərilibsə, onun əvvəlki yazılarına baxmağa dəyər.
Nəşrlərin adları da aldadıcı ola bilər. Məsələn, «The Washington Post» və «The Washington Times» miqyasına və redaksiya siyasətinə görə tamamilə fərqli nəşrlərdir.
Bir qayda olaraq, beynəlxalq xəbər agentlikləri («Reuters», AP, «Bloomberg») yüksək standartlara cavab verməyə çalışır.
Bu sırada onlardan sonra Fransanın AFP, Britaniyanın BBC, Çinin «Xinhua», Almaniyanın DPA agentlikləri gəlir.
Bu zaman həm də nəzərə alınmalıdır ki, dövlət xəbər agentlikləri (məsələn, Çinin «Xinhua», Rusiyanın TASS, «RİA Novosti», Şimali Koreyanın KMTA) öz ölkələrində baş verən hadisələri müəyyən mövqedən işıqlandırmaqda maraqlı ola bilər. Nüfuzlu beynəlxalq nəşrlər – «The New York Times», «The Wall Street Journal», «Der Spiegel», «The Guardian» və s. də təxminən bu pilləyə qoyula bilər.
7-ci qayda: Mühüm fərqləri bilin
Xəbər materiallarının formatlarında bir neçə mühüm fərqi anlamaq lazımdır. Həmişə xəbərin orijinalına nəzər salmağa çalışın.
Köşə yazılarını faktlara əsaslanan reportajlardan fərqləndirin. Qərb mediasında köşə yazılarının - ayrı-ayrı adamların rəylərinin dərc edilməsi praktikası geniş yayılıb. İstənilən şəxs öz fikrini bildirə bilər.
İri nəşrlərin xəbər redaksiyası ilə rəy redaksiyası (Op-Ed və ya Opinion) bir-biri ilə bağlı deyil. Məsələn, onların biri prezidentliyə namizəd haqda ifşaedici yazı dərc edə, digərində isə həmin namizədin köşə yazısı çıxa bilər.