Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:03

Booker ədəbiyyat mükafatını bu il də amerikalı aldı


George Saunders

Qısa hekayələr ustası kimi tanınan Amerika yazıçısı George Saunders özünün ilk romanına görə Man Booker mükafatına layiq görülüb.

Onun “Lincoln bardoda” (Lincoln in the Bardo) romanı 1862-ci ilin bir gecəsində baş vermiş real hadisə üzərində qurulub.

Həmin gün Abraham Lincoln 11 yaşlı oğlu Willie -ni Vaşinqton qəbristanlığında dəfn etmişdi. Bardo Tibet buddizmində insanın dirilikdən ölülüyə keçidinə aid bir termindir.

Yazıçının təxəyyülünə görə Lincoln-un oğlu bardo vəziyyətində ilişib qalır. Onu bu qəbristanlıqda bardo vəziyyətində olan başqa birisi görür. Uşaq qorxu və həyəcan içində atasının qayıdıb gəlməsini gözləyirdi.

The Independent” yazır ki, başdan ayağa dialoq şəklində qələmə alınmış əsərə həm də tarixi mətnlər, bioqrafiyalar və məktublar daxil edilib. Bunlardan bəziləri bir-biri ilə ziddiyyət təşkil edir.

Britaniya mətbuatında tanınmış yazıçı Hari Kunzru “Lincoln bardoda” romanının əksər müasir romanlardan bir baş yuxarıda durduğunu yazıb.

"Lincoln bardoda" romanı Abraham Lincoln-un şəxsi faciəsi barədədir
"Lincoln bardoda" romanı Abraham Lincoln-un şəxsi faciəsi barədədir

58 yaşlı və Texas doğumlu Saunders mükafatı qəbul edərkən deyib ki, “biz hamımız bu əsərdəki kimi qəribə bir zəmanədə yaşayırıq”.

Münsiflər heyətinin sədri Lola Young romanı “fövqəladə bir əsər” adlandırıb.

O deyib ki, əvvəlcə romanın az qala ssenari janrında yazıldığı onu qıcıqlandırsa da, kitabı oxuduqca onun tilsiminə düşüb.

Young deyib ki, bu romanı son dərəcə qiymətli edən də elə onun unikallığıdır.

Münsiflər heyətinin sədri əlavə edib ki, “bu roman özünün innovasiyasına, fərqli üslubuna və paradoksallığına görə mükafat üçün nəzərdən keçirilən bütün başqa işlərdən kənarda dururdu”.

O deyib ki, kitabda Amerika müharibəsini başlatmış Lincoln-un şəxsi faciəsi ilə onun dövlət xidməti və fəaliyyəti üzbəüz gəlir.

“Bu, insana çox yaxın doğmasının ölümü ilə on minlərlə yad insanın ölümləri arasındakı ziddiyyətin dərk edilməsidir” – deyib Young. Əsərdən də göründüyü kimi bu ruhların əksəriyyəti dünyadan köçməyə qətiyyən hazır deyildilər.

İndiyədək dörd hekayələr toplusunun, iki novellanın və çox sayda jurnalist məqaləsinin müəllifi olan Saunders bədii yaradıcılığa nisbətən gec başlayıb.

Saunders əvvəlcə öz ixtisası üzrə geofizik kimi çalışıb və sonralar kiçik hekayələr yazmağa başlayıb.

Onun “Vətəndaş Müharibəsi torpağı pis tənəzzüldədir” (CivilWarLand in Bad Decline) adlı ilk toplusu 1996-cı ildə çap olunub. O 2006-cı ildəMacArthur Genius qrantı ilə mükafatlandırılıb. 2014-cü ildə “10 dekabr” adlı toplusuna görə Folio mükafatını qazanıb.

Saunders Booker mükafatını dalbadal alan ikinci Amerika yazıçısıdır. Ötən ilin mükafatçısı Paul Beatty olub. Bundan 4 il əvvələdək Britaniyanın ingilisdilli ədəbiyyat üçün Booker mükafatı əcnəbilərə verilmirdi. Mükafatı əsərləri Londonda çap edilmiş yazıçılar alırdılar. Bunlar həm də Britaniya Birliyinə daxil olan ölkələrin yazıçıları ola bilərdilər.

Buna görə də bu kitabın qalib elan edilməsindən əvvəl münsiflərin “kollegiyası” beş saat baş sındırıb.

2017-ci ilin Booker mükafatına 144 roman təqdim edilmişdi. Bunlardan 13-ü “ələnmiş” siyahıya düşmüşdü.

50 min funt sterlinqlik mükafat yazıçıya Londonda keçirilən təntənəli ziyafətdə təqdim edilib.

Mükafata qədər Saunders-in romanı satışa görə Zadie Smith-in “Payız” romanından geridə qalırdı. “Payız” 50 min nüsxə satıldığı halda, Sauinders-in kitabını indiyədək 10 min oxucu almışdı.

Amma ekspertlər Booker mükafatından sonra satışın raket sürətilə artacağına inanırlar.

Keçənilki mükafatçı Paul Beatty-nin “Satış” (The Sellout) romanının satışı, mükafat elan ediləndən bir həftə sonra 658 faiz artmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG