Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 06:07

Satmağa heç nəyi qalmayan kəndli


Torpaq sahəsi
Torpaq sahəsi

-

«Rayonda yalnız məmur torpaqlarında əkin işləri aparılır. Su yalnız onların əkin sahələrinə axır, toxumun yaxşısı onların sahəsinə səpilir, «Aqrolizinq»in texnikası da biçin vaxtı yalnız onların sahələrində çalışır».

Ağsunun Bico kənd sakini Seymur İsayev deyir, evdə köhnə divandan tutmuş, xanımının cehiz gətirdiyi xalça-palazadək hər şeyi satıblar ki, acından ölməsinlər. Lap «Bizim Cəbiş müəllim» filmindəki kimi...Özü də bu səfalət bütün kəndə virus kimi yayılıb. Deyir, rayon mərkəzinə gedirlər, qarşılaşdıqları tanış-bilişlə salam-kəlamdan sonrakı sözləri də bu olur: «Nimdaş divan almazsan?.. Mis qazan istəməzsən?.. Samovar satıram... Yorğan-döşək düzəldirəm...».

Seymur İsayev danışır: «Şəxsən mənim evdə satmağa heç nəyim qalmayıb. Vəziyyətimiz, bax, o dərəcədə dözülməzdir. Əlimizə pul dəymir. Səbəb də odur ki, əkinçiliklə məşğul olan adamları bundan məhrum ediblər. Kənddə on hektarlarla sahələr məmur qohumlarınındır. Özləri üçün əkirlər, satırlar, qazanırlar».

SUBSİDİYA GECİKDİRİLİR

Deyir, əgər məmurlar kənara çəkilsələr və kasıb kəndliyə torpağını əkib becərməyə imkan yaratsalar, kənddə ac qalmaz: «Şəxsən mən torpağımı əkməkdə çətinlik çəkirəm, çünki toxuma, şum çəkənə, taxıl biçənə verməyə pulum yoxdur. Hər il verilən subsidiya da bu il gecikdirilir. Camaatın əksəriyyəti əkin işlərini nisyə gördürüb, subsidiyalar verilməsə, kasıb camaatın vəziyyəti bundan daha dözülməz olacaq. Hərçənd ki, heç bilmirəm, bundan da dözülməz vəziyyət varmı? Üzü ona gedirik ki, kənddə borc verənlərlə borc alanlar arasında ciddi münaqişələr olacaq. Deyirlər, «kəndlinin torpağı var, əksin, yesin». Məhsul ildə bir dəfə götürülür, bəs həmin müddətə qədər bir manat gəliri olmayan əhali nəylə qidalansın?! Kağız üzərində iş yerləri açırlar, əslindəsə, işlə təmin olunan yoxdur. Bu kənddə hamı bir əlində iplə gəzir, vallah, hamı bir «hay»a bənddir əlindəki ipi keçirsin boğazına...».

Samir İsayev əlini həftədə, azı, iki dəfə baş çəkdiyi məşğulluq mərkəzindən də, heç nəyə yarımayan hektarla torpaq sahəsindən də üzüb. Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib. Bu zaman ona elə heç nəyə yarımayan torpağının varlığını xatırladaraq, «pay torpağı olana ünvanlı sosial yardım düşmür» deyiblər:

«Bu pay torpaqları bizim ayağımızda günahlarımız kimi qalıb. Əkib-becərib xeyrini görə bilmirik, hökumətdən çörəkpulu dilənəndə isə gözdağı kimi qarşımıza qoyurlar. Deyirlər, «sənin pay torpağın var. Yoldaşının ayağında pay torpağı yoxdur, ya torpağı onun ayağına keçirt, ya da onu işə düzəlt və 3 ay işləməsi barədə arayış gətir». Deyirəm, «iş yerimiz olsa, mənim sənin qapında nə işim var? Elə işləyib, qazanıb dolanarıq»».

«MADDİ MARAQ OLMASA...»

Samir İsayevin sözlərinə görə, adı sosial yardım siyahısına düşənlər içində işi, təsərrüfatı olan, evdə pensiya alanlar var:

«Hətta bəzi kəndlilərin adını ünvanlı sosial yardım alanların siyahısında Ağsu sakini kimi göstərir ki, tanınmasın, yardım ala bilməyənlər narazılıq etməsinlər, bir kənddən yardım alanların sayı çox görünməsin. Elələri də var ki, Bakıda, Sumqayıtda yaşayır, kəndlə heç bir əlaqəsi yoxdur, ancaq onları kənd sakini göstərib, adlarına sosial yardım təyin edirlər. Əlbəttə ki, maddi maraqları olmasa, bunu etməzlər».

İsayevlər ailəsi təkcə ac qalmayıb, ailə həm də zülmətdə qalıb. Bir həftədir ki, mənzilə elektrik enerjisinin verilişi dayandırılıb. Səbəbsə ailə başçısının enerjiyə görə borcu ödəyə bilməməsidir. Seymur İsayevin həm də istədiyi odur ki, heç olmasa, yaşayış durumu kritik olan ailələrə kommunal ödənişlərin gecikməsi zamanı güzəşt olunsun.

«QANUNU BİZ YAZMIRIQ»

Ağsu rayon İcra Hakimiyyəti kəndlərdə qazancı əkinçilikdən çıxan ailələrə verilməli olan subsidiyaların gecikməsinin səbəbini ölkədəki ümumi iqtisadi böhranla əlaqələndirir. Qurumdan bildiriblər ki, kəndlilərə subsidiyaların yaxın vaxtda verilməsinə çalışırlar.

Rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi isə İsayevlər ailəsinin ünvanlı sosial yardım almasından ötrü müraciət etdiklərini bildirir. Mərkəzdən deyilənə görə, Seymur İsayevə ünvanlı sosial yardımla bağlı təqdim olunmalı sənədlərin siyahısı verilib. Ona yardımın təyin olunması üçün qanunun tələb etdiyi şərtlər izah olunub. Lakin istifadəsində pay torpağı olduğundan ünvanlı sosial yardım təyin etmək mümkün olmayıb.

«Bu, qanundur. Qanunu biz yazmırıq, Milli Məclisdə əyləşənlər yazır, ölkə başçısı təsdiqləyir. Biz icraçılarıq. O ki qaldı, Mərkəz əməkdaşlarının rüşvətlə yardım düzəltməsi ilə bağlı vətəndaşın dediklərinə, bunu araşdırmaq üçün hüquq-mühafizə orqanları var. Bizdə belə faktlar baş verməyib», - bunu Mərkəz əməkdaşı «Qaynar xətt»ə bildirib.

XS
SM
MD
LG