Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:18

Sahibkar yaratdığı gölə yaxın düşə bilmir


İllüstrasiya
İllüstrasiya

►“Ucarda sahibkarlıqla məşğul olmaq müşkül məsələdir.

Bir tərəfdən bələdiyyə, o biri tərəfdən də məmurlar sahibkarlara aman vermirlər. Əzab-əziyyətlə iş qurursan, illərlə zərərə gedirsən, nəhayət, bir gün qurduğun işin xeyrini görməyə başlayanda gəlib əllərini qoyurlar gördüyün işin üstünə...”

Ucarlı sahibkar Müşfiq Məmmədov danışır ki, vaxtilə sənəd-sübutla icarəyə götürdüyü torpaq sahəsində yaratdığı süni gölə yaxın düşə bilmir.

Müşfiq Məmmədov 13 il əvvəl 1,70 hektar torpaq sahəsini icarəyə götürüb süni göl yaradıb ki, balıq yetişdirib satmaqla məşğul olsun:

“Həmin ərazini 15 illik icarəyə götürmüşəm. Buna görə Küçəkənd kənd bələdiyyəsi ilə 07 iyun 2003-cü il tarixli icarə müqaviləsi də var. Həmin vaxtdan icarəhaqqı da ödəmişəm. Ancaq indi göldən istifadəyə qadağa qoyulub”.

"MƏNDƏN RÜŞVƏT İSTƏYİRLƏR"

Sahibkarın sözlərinə görə, müqavilə bağlanan zaman bələdiyyə sədri başqası olub. Əvvəllər işləri qaydasında getsə də, son vaxtlar işindən uzaq düşüb. İndi istəyir ki, əvvəlki qaydada göldə balıq yetişdirib sahibkarlıq fəaliyyətini davam etdirsin:

“Ancaq indiki sədr göldən istifadəmə imkan vermir. Gölün təkrar istismarı üçün onsuz da xeyli vəsait lazımdır. Bələdiyyədə fəaliyyətimi bərpa etməkdən ötrü məndən rüşvət istənilir”.

Sahibkar deyir, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadəyə məktub da yazıb. Ancaq cavab gəlməyib. O, yerli icra hakimiyyətinə üz tutub. İcra hakimiyyətindən bildirilib ki, göl bələdiyyə torpağına aiddir, ona görə də məsələyə qarışa bilməzlər.

Küçəkənd kənd bələdiyyəsindən “Qaynar xətt”ə bildiriblər ki, gölün fəaliyyətinə görə sahibkarın səsləndirdiyi rüşvətistəmə ittihamı yalandır. Gölün fəaliyyəti kənd sakinlərinin narazılığına səbəb olduğu üçün sahibkara orada yenidən balıq yetişdirməyə icazə verilmir.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“ŞƏRTLƏR MÜXTƏLİF OLA BİLƏR”

Sahibkarsa razılaşmır. Onun deməsinə görə, süni göllə yaşayış məntəqəsi arasında azı 1 kilometr məsafə var. Əvvəllər fəaliyyət göstərdiyi müddətdə kənd sakinləri ilə onun arasında hər hansı narazılıq olmayıb. Əksinə, kəndlilər təzə balıqdan ötrü qapısını döyərlərmiş.

Hüquqşünas Namizəd Səfərov deyir, sahibkarın fəaliyyətini qadağan etmək üçün əvvəlcə hüquqi aktları – məsələn, onunla bağlanmış icarə müqaviləsini ləğv etmək lazımdır:

“Müqavilənin şərtlərinə baxmamış nə isə demək çətindir. Şərtlər müxtəlif ola bilər. Biz bilmirik ki, tərəflər aralarında müqavilə bağlayarkən hansı şərtləri nəzərdə tutublar. Bütün hallarda, sahibkar bu məsələni məhkəmə yolu ilə çözə bilər”.

Ancaq hüquqşünas bir məsələni də xüsusi qeyd edir: əgər həqiqətən də gölün fəaliyyəti ərazidə yaşayanların narazılığına səbəb olursa, müqaviləyə birtərəfli xitam verilə bilər.

Buna da bax...

Ankarada partlayışdan sonrakı görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

XS
SM
MD
LG