Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 23:14

Sarkisian Azərbaycanla heç bir 'ciddi' danışığın olmadığını deyir


S.Sarkisian Qarabağda

Ermənistan prezidenti Serzh Sarkisian bazar günü Dağlıq Qarabağdakı erməni hərbi bazalarını təftiş edəndən sonra deyib ki, Ermənistanla Azərbaycan avqust ayından bəri heç bir «ciddi» danışıq aparmayıb.

«Dağlıq Qarabağ məsələsi ilə bağlı sonuncu ciddi söhbət avqustun 10-da baş tutub. O vaxtdan məsələ ilə bağlı heç bir ciddi söhbət olmayıb», – deyə o, Xankəndində bir qrup erməni sənət adamı və ziyalısı ilə söhbətində bildirib.

NÖVBƏTİ DANIŞIQLARIN VAXTI BƏLLİ DEYİL

Ermənistan prezidenti, böyük ehtimalla, özünün avqustun 10-da Rusiya prezidenti Vladimir Putin-lə görüşünü nəzərdə tutub. Görüş Putin-in təşəbbüsü ilə Sankt-Peterburqda baş tutmuş Azərbaycan-Ermənistan sammitindən iki ay sonraya təsadüf edirdi.

Sankt-Peterburq görüşündən sonra Serzh Sarkisian, azərbaycanlı həmkarı İlham Əliyev və Vladimir Putin birgə bəyanat verərək, Qarabağ münaqişəsinin kompromis yolu ilə həlli istiqamətində irəliləyişə işarə vurmuşdular. Ermənistan və Azərbaycan prezidentlərinin yenidən görüşərək ciddi irəliləyiş əldə etməyə çalışacağı gözlənilirdi. Ancaq beynəlxalq vasitəçilərin çoxsaylı çağırışlarına baxmayaraq, prezidentlər hələ də növbəti danışıqların vaxtını təyin etmirlər.

S.Sarkisian Qarabağda
S.Sarkisian Qarabağda

Ötən cümə günü ABŞ-ın dövlət katibi John Kerry və Rusiya ilə Fransanın xarici işlər nazirləri Sarkisian və Əliyevi çeviklik nümayiş etdirərək danışıqlar masası arxasına qayıtmağa çağırıblar. «Danışıqlarda irəliləyişə nail olunmadıqca, zorakılığın yenidən başlaması ehtimalları yalnız artacaq və buna görə tam məsuliyyət tərəflərin üzərinə düşəcək», – deyə onlar Hamburqda verdikləri birgə bəyanatda bildiriblər.

«EHTİYATLARIMIZ QEYRİ-MƏHDUD DEYİL»

Dekabrın 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Hamburqda görüşüblər. Ancaq görüşdən sonra hər hansı bir konkret razılaşmanın əldə olunduğu bəyan edilməyib.

Qarabağa üçgünlük səfəri zamanı Ermənistan prezidenti Qarabağın erməni ordusunun rəhbərləri ilə görüşüb, bir neçə hərbi bazanı təftiş edib və təmas xəttinin bir neçə hissəsinə baş çəkib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, Sarkisian aprelin əvvəlində Azərbaycan ordusu ilə ağır toqquşmalardan sonra tikilmiş müdafiə istehkamları ilə də tanış olub.

Ermənistan prezidenti deyib ki, Qarabağın əhalisi və silahlı qüvvələri çətin dövrdən keçməyə hazır olmalıdırlar. «Ordunun çoxlu ehtiyacları var və bu ehtiyaclar dəyərləndirilməlidir. Çünki ehtiyatlarımız qeyri-məhdud deyil və bütün problemlər birdən-birə həll edilə bilməz. Ona görə də, biz ehtiyacları dəyərləndirməli, nəyin daha vacib olduğunu görüb o məsələləri həll etməliyik», – deyə o bildirib.

XS
SM
MD
LG