Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

'Xəstələrin sinəsinin üstünə tullanırdı ki, onları oyatsın...'


Narkoloji Dispanserdə yanğın görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Narkoloji Mərkəzdə yanğın

«Dəhşətli mənzərə idi. Onlar ağlayırdı ki, «Rasim, buraxma bizi». Biz də bu tərəfdə ağlayırdıq. Çox çalışdım ki, dəmir barmaqlığı qırım, gücüm çatmadı», – Narkoloji Mərkəzdə 25 nəfərin ölümünə səbəb olan yanğın vaxtı orada olmuş Rasim Hüseynov danışır.

Bu hadisə ilə bağlı təxminən beş ay prokurorluqda istintaq gedib, üç aydan da çoxdur ki, məhkəmə araşdırmaları gedir. Məhkəmədə onlarla şahid, zərərçəkən dindirilib. Ancaq hələ də konkret məlum deyil ki, yanğın hansı səbəbdən olub, necə başlayıb. Prokurorluq belə nəticəyə gəlib ki, xroniki alkoqolizmə görə orada müalicə olunan 64-yaşlı Məhəmməd Məmmədov intihar məqsədilə gecə üstündəki yorğanı yandırıb, sonra özünü öldürmək fikrindən daşınıb və yorğanı kənara atıb, alov yayılıb, hadisənin səbəbi də bu olub.

Lakin M.Məmmədov özü də bu ittihamı qəbul etmir, məhkəmədə dindirilən şahidlər də yanğının onun qaldığı palatada yox, qonşu otaqda başladığını deyir. Noyabrın 8-də məhkəmədə dindirilən zərərçəkən R.Hüseynov da belə ifadə verib.

«Mən çıxandan iki dəqiqə sonra aptek partladı»

R.Hüseynov deyir ki, spirtli içki aludəçiliyinə görə Mərkəzdə müalicə alırdı. Bundan əvvəl bir dəfə də orada yatıb. M.Məmmədovu hələ birinci müalicə dövründən tanıyır. Münasibətləri də normal olub.

Yanğının şahidi olan R.Hüseynov bildirir ki, Mərkəzdəkilərin hamısı bilirdi, o, səhər saat 5-dən sonra yata bilmirdi. Həmin gün də eyni vaxtda oyanıb, palatadan dəhlizə çıxmışdı. Həmin vaxt 3-4 nəfər başqa adam da oyaq olub: «Bir neçə dəqiqə idi söhbət edirdik, bir də gördük dəhlizin o başından tüstü gəlir. Qaçdıq, Nail girib palatadakı iki nəfəri sürüyüb çıxarmağa çalışdı, «oxran» Amid də su dalınca getdi. Əvvəl ağ tüstü idi, suyu tökən kimi qara tüstü aləmi bürüdü. Gördük ki, sürətlə yayılır, qaçdıq bir-bir palataların qapılarını döyüb adamları oyatmağa. Dərmanların təsirindən dərin yuxuya getmişdilər, ayıla bilmirdilər. Sanitar xəstələrin sinəsinin üstünə tullanırdı ki, onları oyatsın».

R.Hüseynovun palata yoldaşı da yanğında dünyasını dəyişib. Deyir, onu çıxarmaqdan ötrü çox çalışıb, amma alınmayıb: «Qazaxlı saz çalan idi, Elnur. Onu oyatdım, görüm də oyandığını. Sonra çölə çıxanda baxdım ki, Elnur yoxdur. Ona görə qayıtdım. 10 saniyəyə tüstü elə yayılmışdı ki, çox gedə bilmədim, özüm boğulurdum. Elə mən çıxandan iki dəqiqə sonra iynə-dərman olan otaq – aptek partladı. Yanğınsöndürənlər suyu lap ortadan vurdular, dam çökdü».

R.Hüseynov əminliklə deyir ki, yanğın başlayan palatada M.Məmmədov yox, başqa iki nəfər saxlanılırdı. Onlar da hadisə vaxtı yatmışdılar.

«Yanğın ümumilikdə 15-17 dəqiqə çəkdi. O vaxt dedilər ki, tokdan, elektrikdən olub», - R.Hüseynov bildirib.

Bu hadisə ilə bağlı məhkəmə araşdırmaları dekabrın 14-də davam edəcək.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərov haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

64-yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş Afət Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir. Lakin onların heç biri özlərini təqsirli bilmir. M.Məmmədov bildirir ki, polis idarəsində onu döyə-döyə Mərkəzi yandırması haqda ifadəyə imza atdırıblar.

Azərbaycan cinayət qanunvericiliyində iki və daha çox adamın qəsdən öldürülməsinə görə 20 ilədək və ya ömürlük, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olanda 3 ildən 7 ilə qədər, dəfələrlə rüşvət almağa görə 8 ildən 12 ilə, yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmişlərin ölümünə səbəb olanda isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG