Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:20

‘Sancaq’ saytı yaradıcısının şikayətinə ‘yox’ deyildi


Mehman Hüseynov
Mehman Hüseynov

Ali Məhkəmə bloqqer Mehman Hüseynovun həbsiylə bağlı 2-ci dəfə qərar verdi və kassasiya şikayətinin təmin edilmədiyini bildirdi.

Bu bloqqer Facebook sosial şəbəkəsində bir neçə yüz min üzvü olan "Sancaq" səhifəsini yönəldib.

İşə 1-ci baxışında Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək, yenidən araşdırılması üçün geri qaytarmışdı. Amma nəticə dəyişmədiyindən, apellyasiya məhkəməsi bloqqerin ikiillik həbsinə dair hökmü qüvvədə saxladığından, Mehman Hüseynov həmin qərardan Ali Məhkəməyə yenə şikayət vermişdi.

“Apellyasiya məhkəməsi hüquqda inqilabi, ya da əksinqilabi çevriliş edib”

İyunun 25-də Ali Məhkəmədə İmran Hacıqayıbovun sədrlik etdiyi hakimlər kollegiyası bloqqerin şikayətinə baxıb.

Bloqqerin ona göndərdiyi ərizəni elan edən hakim Mehman Hüseynovun məhkəməyə qatılmayacağını yazdığını və şikayətinə özü olmadan baxılmasının istədiyini diqqətə çatdırıb.

Bunun ardınca bloqqerin vəkili Fuad Ağayev söz alıb. O deyib ki, Mehman Hüseynov ömründə üzünü görmədiyi, adını çəkmədiyi bir adamın - Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb.

Vəkilin sözlərinə görə, bloqqer haqqında hökm qanunsuz və əsassızdır: "Apellyasiya məhkəməsi də belə bir hökmü qüvvədə saxlamaqla hüquqda inqilabi, ya da əksinqilabi çevriliş edib. Cinayət Məcəlləsində fiziki şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına görə məsuliyyət nəzərdə tutulub. Mehman Hüseynovsa Musa Musayev haqqında heç nə deməyib, sadəcə, Nəsimi Rayon Polis İdarəsində başına gələnlərdən danışıb. Heç mən özüm də Musa Musayevi tanımırdım. O bu iddia ilə özü-özünü neqativ mənada məşhurlaşdırdı".

“Eyni hal təkrarlandı”

Fuad Ağayev bildirib ki, Mehmanın şəhərin mərkəzində başına torba keçirilib oğurlanması, Nəsimi Rayon Polis İdarəsinə aparılıb orada döyülməsi barədə söylədikləri yalan idisə - şəhərdə Mehmanın dediyi yerdəki təhlükəsizlik kameraları, idarənin qarşısında və içindəki müşahidə kameraları vasitəsiylə qarşı tərəfi ifşa edə bilərdi.

Aşağı instansiya məhkəmələrində müdafiə tərəfi o görüntülərin alınması haqda vəsatətlər qaldırsa da, təmin olunmayıb: "Ali Məhkəmə ötən dəfə qərarı ona görə ləğv eləmişdi ki, apellyasiya instansiyası bizim vəsatətlərimizi heç bir əsas göstərmədən rədd eləmişdi. Yenə də eyni hal təkrarlandı".

Vəkil çıxışının sonunda kassasiya şikayətinin təmin olunmasını istəyib: "Bu iş məhkəmə sisteminin peşəkar nüfuz probleminə çevrilib".

“O idarə haqqında deyilənlər ona da aiddir”

Musa Musayevin vəkili Əlirza Həbilovsa, əksinə, kassasiya şikayətinin əsassız olduğunu bildirib və təmin olunmamasını istəyib: "Araşdırılası bütün hallar araşdırılıb. Xüsusi ittihamçı onu nüfuzdan salan hallara istinad edərək, iddia qaldırıb. Mehman Hüseynov özü də etiraf etdi ki, Nəsimi Rayon Polis İdarəsi haqqında dediklərinin üstündə durur. Hətta bildirdi ki, "hələ az demişəm...". Musa Musayev də o idarəyə rəhbərlik edir. O idarə haqqında deyilənlər ona da aiddir".

Sonrakı addım

Hakimlər qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını açıqlayıblar.

Fuad Ağayev AzadlıqRadiosuna bildirib ki, bundan sonrakı addım Avropa Məhkəməsinə şikayət olacaq: "Mehman Hüseynovun Avropa Məhkəməsində bundan öncə də bir şikayəti var".

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan 2 il məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Mehman Hüseynov çəkdiyi videolarda bəzən hökumətin gördüyü işləri tənqid edib, bəzən də yüksək vəzifəli şəxslərin, deputatların mülkləri barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb.

XS
SM
MD
LG